"Qlobal geosiyasi konturlar Əfqanıstanda çəkilir" - TƏHLİL
Yeni dünya düzəni üçün Əfqanıstan üzərində aparılan eksperiment çox təhlükəli geosiyasi proseslərin carçısıdır.
Əfqanıstanda baş verən hadisələr qlobal səviyyədə aparılan koronavirusla mübarizə fonunda arxa plana düşən yeni dünya düzəni formulunu yenidən gündəmə gətirmiş oldu.Dünyanın geosiyasi və iqtisadi düzənini sunami effekti ilə dəyişən 11 sentyabr hadisələrindən sonra bəlkə də ən ciddi qlobal dəyişiliklərin xəbərçisi olan bu proseslər getdikcə daha təhlükəli hal almağa başlayıb. İllərlə Qərbin və əfqan cəmiyyətinin əksər hissəsinin mübarizə apardığı Taliban hərəkatı qısa bir zaman kəsiyində Əfqanıstanda hakimiyyətə gəlişi ilə bütün dünya dövlətlərini çətin bir dilemma qarşısında qoymuş oldu. Hal-hazirda belə əksər dünya dövlətlərinin terror təşkilatı kimi tanıdığı Talibana qarşı bundan sonrakı sərgilənəcək mövqe ciddi müzakirələr mövzusudur. ABŞ və Qərb dövlətlərinin illərlə geosiyasi və qaranlıq iqtisadi maraqlarının əlaltısı olan Əfqanıstanın legitim hakimiyyəti hətta ən radikal mövqe sərgiləyən ekspertlərin təəccübünə səbəb olacaq bir şəkildə ölkədən qaçmaqla mövcud dövləti Taliban yaraqlılarına təhvil verməsi ciddi və kifayət qədər qaranlıq görünən məsələlərdir. Aparılan müşahidələrə diqqət yetirmiş olsaq burada əvvəlcədən düşünülmüş çox ciddi bir oyunun oynandığını sezmək mümkündür. Hamını düşündürən çox ciddi bir məsələ var. Niyə məhz indi?
Müxtəlif ehtimallar səslənir və hər biri özlüyündə kifayət qədər həqiqət payı daşıyır. Burada qurulan və hal-hazirda oynanılan tamaşanın quruluşçu rejissoru və ssenaristi rolunda açıq və ya kölgəli şəkildə ABŞ-ın və onun istəklərini sözsüz yerinə yetirmək üçün növbə davası aparan Qərb dövlətlərinin dayandığı demək olar ki, heç kimə sirr deyil. Əfqanıstana bu dövlətlər tərəfindən edilən hərbi və siyasi təcavüz nəticəsində Talibandan böyük qanlar bahasına alınan hakimiyyət, bu gün qisas hissi ilə alışıb yanan Talibana yenidən təhvil verilir. Bu prosesin nə qədər qanlı və faciəvi olacağı artıq heç kimə sirr deyil.Əfqanıstandan gələn və dünya KİV manşetlərində, canlı yayımlarında yayılan görüntü və məlumatlar bu xəmirin hələ çox su aparacağını ehtimal etməyə əsas verir. Bu proseslərin niyə məhz indi bu formada baş verməsi kifayət qədər ciddi suallar və ehtimallara yol açır. Bu ehtimallardan bir neçəsinə işıq tutmağa çalışaq.
1. ABŞ və Qərbin daim rəqabət və düşmən obrazında mübarizə apardığı Rusiyaya qarşı qlobal siyasətin təzahürü.
2. Dünyanın siyasi, hərbi və iqtisadi sferasında getdikcə daha artıq pay alan Çinin yüksəlişi.
3. Nüvə dövləti olan Pakistanın getdikcə daha çox müstəqil siyasət yürüdən və dünyadakı geosiyasi proseslərə təsir imkanının artması.
4. ABŞ və Qərb dövlətlərini fanatik teokratik dövlət quruluşu və nüvə potensialına malik ola bilmə ehtimalına görə daim qorxu içində saxlayan İranın qeyri-adekvat və daha çox hücum siyasətinə üstünlük verməsi.
Bu sadaladıqlarımızı açıqlamağa çalışaq. Rusiyaya ABŞ və Qərb tərəfindən göstərilən siyasi və iqtisadi təzyiq vasitələri əks-təsir effekti yaratmaqla bu dövlətlərin öz daxili problemlərinin artmasına, ciddi enerji resursları bazasının zəifləməsinə və daxili çəkişmə və intriqalara gətirmiş oldu. Rusiyanı çökməyə və parçalamağa məcbur etmək istəyən ittifaqlar özləri ciddi parçalanma ərəfəsindədir və bu proses bütün sürətiylə gizli və ya aşkar şəkildə gedir.
Dünyanı cənginə alan koronavirusun mənbəyi olan Çin nəinki bu virusun bütün dünyada yaratdığı ciddi iqtisadi təsir və təzyiqlərdən əziyyət çəkdi, hətta öz iqtisadi potensialını ciddi rəqəmlərlə artırmağa nail olub böyük bir iqtisadi sıçrayış əldə etdi.
Pakistan Hindistan tərəfindən cəlb edildiyi haqqsız münaqişədə soyuqqanlı davranış sərgiləməklə yanaşı qlobal miqyaslı geosiyasi proseslərə təsir imkanını getdikcə artırır.
İran ABŞ və Qərbin tətbiq etdiyi bütün növ sanksiyalara dirəniş göstərməklə bərabər, yürütdüyü qaranlıq iqtisadi siyasətlə yanaşı, ABŞ və Qərbin Yaxın Şərqdəki planlarını pozmaqla məşğuldur. Özünə qarşı yönələn iqtisadi və siyasi provakasiya xarakterli sanksiyaları saymayan və getdikcə Yaxın Şərq siyasi səhnəsinin aparıcı oyunçusuna çevrilən İran ABŞ və Qərb üçün daha təhlükəli rəqib halına gəlib.
Bütün bu qeyd etdiyimiz nüanslar artıq yeni dünya düzəninin formalaşmasını labüd edir. Əgər Əfqanıstanda bu gün cərəyan edən hadisələrə qədər Rusiya, Çin,Pakistan və İrana qarşı öz iqtisadi-siyasi potensialından maksimum istifadə edən ABŞ və Qərb dövlətləri bu mübarizənin özləri üçün yaratdığı problemlərlə boğuşurdularsa, bu gün artıq coğrafi və geosiyasi anlamda bu 4 dövlətin tən ortasında yerləşən Əfqanıstanda hadisə və siyasi proseslərin axarını qəfildən, heç kimin təxmin etmədiyi formada dəyişməklə seyrçi qalaraq prosesləri qıraqdan yönətməyə başlamaları görünür. Əfqanıstan qırıcısının bu gün KTMT sərhədləri daxilində vurulması, dünənə qədər öz ərazisində Talibana qarşı antiterror mübarizəsi aparan Pakistanın qeyri-müəyyən bəyanatları, Çinin sərgilədiyi soyuqqanlı mövqe, Taliban yaraqlılarının Əfqanıstan əhalisinin təxmini 20 faizini əhatə edən şiə məzhəbli əhaliyə qarşı sərgilədiyi aqressiv münasibətlər fonunda, əhalisi şiə olan İranı qıcıqlandırmağa çalışması yaxın geosiyasi prespektivdə heç də xoş olmayan gələcək vəd edir. Dünyada adı ancaq kağız üstə mövcud olub,heç bir təsir mexanizminə malik olmayan, özü qlobal təşkilat olsa da fəaliyyət cəhətdən ölü olan və nə qədər acı səslənsə belə özünün bundan xəbəri olmayan BMT-nin bu gün səsləndirdiyi mənasız bəyanatlar, dünya miqyasında oynanılan bir tamaşanın bitəndən sonra heç kimin baxmadığı titrlər qədər əhəmiyyətsizdir. Əfqanıstanda cərəyan edən hadisələr yaxın gələcəkdə qlobal miqyasda baş verəcək hadisələrin carçısı, əfqan xalqının isə sadəcə faciəsidir.
NAHİD SALAYEV