• 21 Noyabr, 2024
  • 11:19
  • 32 c Bakı
  • 1.7 AZN
    • 11:19
    • 1.7
    • 32 c

Kreml-Tatarıstan qarşıdurması böyüməyə başladı

Rusiya mərkəzi hakimiyyəti iləTatarıstan arasında münasibətlərin getdikcə daha gərgin mərhələyə qədəm qoyması müşahidə edilir. Bunun əsas səbəbi Moskvanın Tatarıstan üzərində nəzarəti gücləndirmək niyyəti, sonuncunun isə müqavimət cəhdləridir. İş o yerə gəlib çatıb ki, Tatarıstan Respublikasının regional parlamenti olan Dövlət Şurası Rusiya Federasiyasının “Federasiya subyektlərində ictimai hakimiyyətin təşkil olunmasının ümumu prinsipləri” haqqında qanun layihəsini dəstəkləməyib. İcra hakimiyyətinin vahid sistemi haqqında qanun layihəsini Dumanın dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov və senator Andrey Klişas təklif edib. Rusiya Konstitusiyasına edilmiş son dəyişikliklərə əsaslanan qanun layihəsində deyilir ki, Rusiya Federasiyasının subyektlərinə başçılıq edən şəxslərin titulu sadəcə “icra başçısı” olmalıdır. Hazırda Rusiya bölgələrinin başçıları qubernator adlandırılır. Bu qayda yalnız Tatarıstan üçün istisna edilmişdi. Əslində Tatarıstan, başçısının prezident titulu olan yeganə federasiya subyektidir. Moskva tərəfindən atılan sonrakı addımlarla sonrakı illərdə Tatarıstanın bir çox səlahiyyətləri ləğv olunub və o bir çox məsələlərdə federasiyanın başqa subyektləri ilə eyniləşdirilib. Buna baxmayaraq, respublikanın suverenlik atributlarından bəziləri, o cümlədən Tatarıstan başçısının prezident adlanmasına dair müddəa saxlanılıb.

Tatarıstanda prezident titulu 1991-ci ildə SSRİ dağılarkən yerli hakimiyyət tərəfindən təsis edilib. Tatarıstan hakimiyyət orqanlarının xüsusi statusu 1994-cü il tarixli müqavilə ilə təsbit edilib. 2017-ci ildə bu sənədin vaxtı bitib və federal orqanlar müqavilənin müddətini uzatmayıb. Buna baxmayaraq, Tatarıstan bir sıra suveren hüquqlarını, o cümlədən başçısının prezident titulunu saxlayır. Lakin Rusiya prezidenti Vladimir Putin Tatarıstanın titullarının başqa respubliklara da sirayət edəcəyindən ehtiyat edərək, digərlərində prezident institutunu ləğv edib. Hətta Tatarıstanın prezidenti olmuş Mentimer Şaymiyevin getməsiylə Rusiya Tatarıstanın səlahiyyətlərini azaltmağa başladı. Bununla da ölkədə prezidentin seçilməsi birbaşa Moskvaya həvalə edildi, Tatarıstan parlamenti isə sadəcə Rusiyanın seçdiyi namizədi təsdiq etmək məcburiyyətində qaldı. 2007-ci ildə bağlanan müqaviləyə görə, Tatarıstan Rusiyaya büdcə ayırması barədə üzərinə öhdəlik götürdü. Məhz bundan sonra Tatarıstanda maddi rifah tədricən düşməyə başladı, ölkənin hüquqları yavaş-yavaş azaldıldı, üstəlik, həmin vaxtdan bir neçə ölkədə açılan iqtisadi nümayəndəliklərin fəaliyyətinə də xitam verildi. Beləliklə də Tatarıstanın muxtariyyətini Kalmıkiyanın muxtariyyəti səviyyəsinə endirməyə başladılar. İndi isə, yuxarıda qeyd edildiyi kimi, 2021-ci ilin sentyabrında Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində federasiyanın bütün subyektlərinin rəhbərləri üçün vahid bir titul – “başçı” titulu nəzərdə tutulur. Lakin Tatarıstan Dövlət Şurasının deputatları bu qanun layihəsinin əleyhinə səs verib. Dövlət Şurasının dövlət quruculuğu komitəsinin sədri Albert Xabibullin bildirir ki, qeyd edilən qanun layihəsinin bir sıra müddəaları bir demokratik dövlət kimi Rusiya Konstitusiyasına ziddir. Amma Tatarıstan parlamentinin Rusiya Dumasına təqdim olunmuş qanun layihəsindən imtinası onun qəbul olunmasına, çətin ki, mane olsun. Belə ki federasiya subyektlərinin veto hüququ yoxdur. Yeni qanun federal hakimiyyətin səlahiyyətlərini xeyli genişləndirir və ona yerli nazirlərin və başqa vəzifəli şəxslərin təyin olunmasında iştirak hüququ verir. Bundan başqa maliyyə, təhsil, səhiyyə və mənzil tikintisi məsələlərində də yerli hakimiyyətlərin səlahiyyətləri məhdudlaşdırılır. Bu qanunun 2022-ci ilin 1 iyunundan qüvvəyə minəcəyi gözlənilir. Lakin məsələnin Dumada müzakirəsi zamanı yenə tatar deputatlar buna qarşı çıxıb. Belə ki, Rusiya Dövlət Dumasının Tatarıstandan olan və hakim Vahid Rusiya partiyasını təmsil edən altı deputatı hakimiyyətin vahid sistemi haqqında qanunun əleyhinə səs verib. Buna baxmayaraq, elə birinci oxunuşda qəbul edilmiş bu qanun qubernatorların artıq iki müddətdən artıq vəzifədə qala bilməməsinə dair məhdudiyyəti ləğv edir. Sənəd, eyni zamanda, federasiya subyektlərinin başçılarının “prezident” titulu daşımasını qadağan edir. Qanun Rusiya prezidentinə federasiya subyektlərinin başçılarını vəzifələrindən çıxarmaq səlahiyyəti tanıyır. Bu hal tatarlar tərəfindən qəbul olunmur. Bu hadisələr fonunda diqqət çəkən daha bir məqam odur ki, Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin həmvətənlərini Rusiyada keçirilən əhali siyahıyaalınmasında öz milliyyətlərini tatar yazdırmağa çağırıb. Onun sözlərinə görə, bu məsələnin tatarlar üçün xüsusi əhəmiyyəti var, çünki onlar Rusiyanın müxtəlif bölgələrində yaşayırlar. Muxametşin tatarlara müraciətlə deyib:  “Tatarların Rusiyada sayca ikinci millət olaraq qalması sizdən, məndən, hamımızdan asılıdır”. Farid Muxametşin bildirib ki, uşaqlığı Aktaş kəndində keçib. O burada rus məktəbində oxuyub və həyətdə rus uşaqları ilə oynayıb: “Tatar dilini sonradan Tatarıstan Dövlət Şurasının sədri seçiləndə məqsədyönlü şəkildə öyrəndim. Öz həyat təcrübəmdən nəticə çıxararaq bir şeyi deyə bilərəm: harda yaşamağımızdan, hansı dillərdə danışmağımızdan asılı olmayaraq, bizim damarımızda tatar qanı axır, genlərimizdə yaddaşımız həkk olunub. Əziz həmvətənlər, mən sizi siyahıyaalma zamanı özünüzü tatar yazdırmağa çağırıram. Xalqımızın gələcəyi bizim əllərimizdədir”.

Nahid SALAYEV