• 21 Noyabr, 2024
  • 11:40
  • 32 c Bakı
  • 1.7 AZN
    • 11:40
    • 1.7
    • 32 c

Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib - FOTOLAR


          Aria.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi - Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin texnologiya fənn müəllimi Dünya Veysəlovanın rəhbəri olduğu  “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin 14.10.2023 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun müdiri Elman Rzayev, sektorun aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Nüsrət Əlizadə, sektorun metodisti Kamran Məmmədov,  Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Ruslan Hüseynov,  layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev, layihənin mühasibi Vamiq Babayev, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdləri və mətbuat nümayəndələri iştirak edib.


          Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi və direktoru Gülşən Axundzadə layihənin açılışı tədbirini giriş sözü ilə açıq elan edərək gələn qonaqları salamlayıb. “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin mövzusunun aktuallığını diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib ki, belə innovativ bacarıqlar formalaşdıran STEAM bacarıqlarını qazanmaq rəhbəri olduğu Gərmətük qəsəbə tam orta məktəbinin məktəbliləri üçün də əlçatan olub. Layihə rəhbərinə layihənin işlərində uğurlar diləyib. 

        

          Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun müdiri Elman Rzayev öz çıxışı zamanı Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin son illərdə qazandığı təhsil uğurlarına toxunaraq Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə 2 layihənin qalib olmasını məktəbin innovativ ideyalarla fəaliyyət göstərməsinin bir təzahürü hesab edib. “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bacarıq yönümlü təhsilə əsaslandığını qeyd edərək müasir dünya təhsilində əsas istiqamətlərdən biri olduğuna diqqət cəlb edib. Tədbirdə iştirak edən və bu layihəyə seçilmiş məktəbliləri təbrik edib, layihənin işinə uğurlar diləyib. 


         Açılış tədbirində çıxış edən “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Dünya Veysəlova layihəsinə yüksək etimad göstərən Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Qeyd edib ki, bu layihə maddi-texniki bazası müasir olmayan Gərmətük qəsəbə tam orta məktəbinin şagirdləri üçün olduqca böyük imkanlar yaratmışdır. Potensiallı 20 nəfər şagirdin seçilərək STEAM laboratoriyasında ən müasir avadanlıqlarla praktik bacarıqlara yiyələnmə imkanları şagirdlərinin gələcəyinə önəmli dərəcədə yüksək təsir göstərəcəkdir. Layihə gedişatında komanda olaraq yüksək səviyyədə çalışacaqlarını qeyd edərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini vurğulayıb. Bütün tədbirə qoşulan qonaqlara təşəkkürünü ifadə edib.


         Açılış tədbirinin davamında layihənin eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi, layihələr üzrə mütəxəssis Samir Salayev çıxış edərək layihənin gedişatı haqqında məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin 20 nəfər şagirdi seçilərək onlar üçün nəzərdə tutulan mikroavtobusdan istifadə edərək Lənkəran şəhər 7 saylı tam orta məktəbində fəaliyyət göstərən STEAM mərkəzində 3 ay ərzində 16 dəfə olmaqla toplamda 32 saat praktiki təlimlərə qoşulacaqlar. Təlimlər ərzində öz potensiallarını ortaya qoyaraq müxtəlif əl işləri hazırlamağı öyrənəcəklər. STEAM fəlsəfəsini praktiki olaraq dərk edərək gələcəkdə bacarıqlı vətəndaşlar kimi formalaşmaq istiqamətində önəmli bacarıqlara sahiblənəcəklər. Layihənin eksperti çıxışının sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.


        Açılış tədbirində çıxış edən layihənin təlimçisi, STEAM üzrə peşəkar mütəxəssis Faiq Şıxəlizadə öz çıxışında  tədbir iştirakçılarını STEAM layihələrinin yaranması tarixi və inkişaf xətti haqqında məlumatlarla tanış edib. Həmçinin qeyd edib ki, Gərmətük qəsəbə tam orta məktəbinin məktəbliləri üçün bu layihə olduqca faydalı olacaqdır. Bu layihə çərçivəsində təlimlərdə praktiki bacarılara sahib olan məktəblilər növbəti dövrlərdə Respublika səviyyəli və beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər. Bu da layihənin strateji baxımdan da əhəmiyyətli olduğunu göstərir. Qeyd edib ki, layihə çərçivəsində aşağıdakı mövzularda təlimlər həyata keçiriləcəkdir:

1. STEAM nədir?  STEAM haqqında məlumat;

2. 3D qələmdən istifadə. 3D qələmlə məhsulların hazırlanması;

3. Tinkercad proqramı ilə tanışlıq. Tinkercadda detallar - Fincan hazırlanması;

4. Tinkercad proqramından məhsul hazırlanma qaydaları- qələm qabı, üzük və s. Tinkercad telefon dayağı və dron hazırlamaq;

5. 3D Printerdən istifadə qaydaları ilə tanışlıq. 3D Printerdən məhsul çapı;

6. Tinkercad ilə ideyaları hardan əldə edək və necə reallaşdıraq. Layihə əsaslı iş;

7. Microbit ilə tanışlıq. Microbitdə(make.code) kodlaşdırma. Microbit addımölçən, vurma əməli proqramlarının yazılması;

8. Microbitə LED işıqların qoşulamsı və kodlaşdırılması. Microbit siqnalizasiya sistemi;

9. Qde robotu ilə tanışlıq. Qde robotunun kodlaşdırılması;

10. Arduino ilə tanışlıq. Arduino ilə kodlaşdırma. Arduino fərqlilikləri;

11. Dronlar. Təhsil dronu ilə tanışlıq. Təhsil dronun Tello proqramı ilə idarəsi;

12. Təhsil Dronun Tello edu ilə avto idarəsi. Təhsil dronuna tello edu ilə hərəkət troyektoriyasının yazılması;

13. SnapMaker ilə tanışlıq. SnapMaker üçün məhsul hazırlanması;

14. SnapMaker ilə məhsul çapı;

15. CNC lazer aparatı nədir. CNC lazer aparatına məhsul hazırlanması;

16. CNC lazer aparatında çap prosesi;

       Layihənin təlimçisi sonda layihənin işinə uğurlar arzulayıb.


       Layihənin açılışı tədbirində iştirak edən qonaqlar da çıxış edərək layihənin mövzusunu, aktuallığını xüsusi ilə yüksək qiymətləndirərək  “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi”  layihəsinin işinə uğurlar diləyiblər.


         Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi 15.09.2023-15.02.2024 tarixlərində Lənkəran rayonunda icra olunur.  21 oktyabr 2023 tarixində “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi”  layihəsinin icra planına uyğun olaraq məktəblilər üçün ilk STEAM təlimi həyata keçiriləcəkdir.


   

“Məktəblilərimizdə STEAM bacarıqlarının       

yaradılması və inkişaf etdirilməsi” layihəsinin mətbuat xidməti