Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin çərçivəsində təlimlərə start verilib -FOTOLAR
Aria.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 21.10.2023 tarixində ilk təlim həyata keçirilib. Layihənin icra planına uyğun olaraq Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən seçilmiş 20 nəfər şagird üçün nəzərdə tutulan 16 təlimdən birincisi iştirakçılarda böyük maraq yaradıb.
Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində yaradılan “Lənkəran STEAM mərkəzi”ndə təşkil olunan təlimin əvvəlində layihənin rəhbəri Dünya Veysəlova yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib və təlimin işinə uğurlar diləyib. Sonra layihənin eksperti Samir Salayev təlimlərə seçilmiş şagirdlərə layihənin əhəmiyyətini və təlimlərin cədvəlini təqdim etdikdən sonra peşəkar STEAM təlimçisi Faiq Şıxəlizadənin təqdimatında ilk təlimə start verilib. Layihənin fəaliyyət planına uyğun olaraq “STEAM nədir? STEAM haqqında məlumat. 3D qələmlə tanışlıq” mövzusunda olan ilk təlimdə STEAM fəlsəfəsinin müasir dünyada yeri izah olunub. STEAM fəaliyyətləri zamanı istifadə olunan cihaz və qurğular şagirdlərə əyani təqdim olunub. İlk dəfə tanış olmaqlarına baxmayaraq təlimin gedişində STEAM mərkəzinin 3D qələm alətlərinin köməyi ilə şagirdlər ilk əl işlərini yarada biliblər. Məhsuldar keçən təlim məktəblilərdə növbəti təlimlərə böyük motivasiya, ruh yüksəkliyi bəxş edib. Növbəti təlim 26.10.2023 tarixində təşkil olunacaq.
Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi 15.09.2023-15.02.2023 tarixlərində Lənkəran rayonunda icra olunur.
“Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin mətbuat xidməti