“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin açılış tədbiri həyata keçirilib
Astara şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin açılış tədbiri yüksək səviyyədə həyata keçirilib.
Aria.Az xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq təşkil olunan tədbirdə Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev, layihənin rəhbəri Nəvai Qənbərov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi – peşəkar CİS mütəxəssisi Samir Vəlizadə, layihəyə iştirakçı kimi seçilən müəllimlər və Astara rayonu təhsil ictimaiyyətinin bəzi nümayəndələri iştirak edib.
Açılış tədbirinə giriş sözü ilə layihə rəhbəri Nəvai Qənbərov başlayaraq bütün iştirakçıları salamlayıb layihənin mahiyyəti barədə məlumat verib. Coğrafiya müəllimləri üçün belə vacib tədbiri maliyyələşdirdiyi üçün Təhsil nazirliyinə təşəkkürünü ifadə edib.
Tədbirdə çıxış edən Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev gələn qonaqları salamladıqdan sonra innovativ ideyalarına görə gəncləri alqışladığını ifadə edib. Belə bir layihənin şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin müəllimi tərəfindən irəli sürüldüyünə və dəstəkləndiyinə görə çox sevindiyini qeyd edib.
Daha sonra çıxış edən layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi, “Ekoloji kartoqrafiya və Coğrafi İnformasiya Sistemləri” fənnini tədris edən Samir Salayev CİS-in önəmli cəhətlərini qeyd edib. Azərbaycanın qazandığı 44 günlük Zəfər müharibəsində CİS-in əvəzsiz rolunu qeyd edib. Həmçinin coğrafiya müəllimlərinin CİS-dən istifadə edərək şagirdlərə daha praktik dərslər keçmək imkanlarına malik olduqlarını vurğulayıb. Samir Salayev layihəyə iştirakçıların seçimindən danışaraq qeyd edib ki, layihədə 15 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulsa da, layihəyə müəllimlərin yüksək marağını nəzərə alan layihənin idarə heyəti 20 nəfər iştirakçının seçiminə qərar verib.
Sonra çıxış edən layihənin təlimçisi, peşəkar CİS mütəxəssisi Samir Vəlizadə bundan əvvəlki dövrlərdə Bakı şəhərində həyata keçirilən CİS təlimlərindən nümunələr gətirməklə layihədə nəzərdə tutulan təlimlərin formatı barədə məlumat verib. Qeyd edib ki, layihənin icra planına uyğun olaraq növbəti həftədən başlayaraq həftə ərzində 2 gün seçiləcək və gündə 3 saat olmaqla online formatda “Google meeting” platforması üzərindən təlimlər həyata keçiriləcək. Bu təlimlərin reqlamenti barədə tam məlumat layihənin bütün iştirakçılarına göndəriləcəkdir.
Sonda iştirakçıları maraqlandıran suallara ətraflı izahlar verilib. Ümumilikdə iştirakçıların böyük marağına səbəb olan açılış tədbirinin müəyyən hissəsi layihənin facebook sosial media hesabından canlı yayımlanmışdır.
Məlumat üçün qeyd edək ki, “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi 15.09.2021-15.03.2022 tarixlərində Astara şəhərində ümumtəhsil müəssisələrində Coğrafiya fənnini tədris edən müəllimlər üçün icra olunur. Layihəyə çərçivəsində nəzərdə tutulan təlimlər 20.11.2021 tarixindən 20.02.2022 tarixinədək həyata keçiriləcək.
Layihənin mətbuat xidməti