• 21 Noyabr, 2024
  • 11:48
  • 32 c Bakı
  • 1.7 AZN
    • 11:48
    • 1.7
    • 32 c

"Zəfər bizimdir" layihəsi uğurla yekunlaşıb  

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir Samsung modelli planşetlərlə təchiz olunub.

Aria.Az xəbər verir ki, 15.09.2021-15.01.2022 tarixlərində Lənkəran rayonunda həyata keçirilən “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq bütün fəaliyyətlər uğurla yekunlaşıb. Layihə çərçivəsində görülmüş işlərlə bağlı qısaca məlumatları təqdim edirik.

           “Zəfər bizimdir” layihəsinin 14.10.2021 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Pandemiya qaydalarına uyğun olaraq açıq hava şəraitində Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbində təşkil olunan tədbirdə məktəbin direktoru İlkinYaqubov, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyev, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayev, Lənkəran şəhər təhsil söbəsinin nümayəndəsi Cəmil Axundzadə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 15 saylı ərazi regional bölməsinin rəhbəri Ramin Höccətov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin rəhbəri Qağayı Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədr müavini Ağamir Cavad, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyin (QƏQİB) Lənkəran filialının nümayəndəsi Cəfərov Ramiz, “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvləri, Ləj kəndinin I və II Qarabağ müharibəsində iştirak edən müharibə veteranları, qaziləri, məktəb şagirdləri və kənd sakinlərinin iştirak etdiyi tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlamışdır. Azərbaycanın Zəfər tarixində şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açılış tədbirində çıxışlara start verilmişdir.

Açılış tədbirində çıxış edən iştirakçılar qeyd etdilər ki, Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Bu Zəfər tarixində Ləj kənd orta məktəbinin şagirdləri də uğurla iştirak etmiş, qələbədə pay sahibi olmuşlar. Ləj kəndinin müharibə veteranlarının, qazilərinin, şəhidlərinin ailələrində təhsil alan şagirdlər üçün pandemiya dövrünün texniki imkanları baxımından yaratdığı çətinlikləri aradan qaldırmaq üçün həyata keçirilən “Zəfər bizimdir” layihəsinə diqqət ayırdığı üçün Təhsil nazirliyinə təşəkkür ifadə olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, bu layihə ilə yanaşı Dövlət səviyyəsində həyata keçirilən çoxsaylı sosial layihələr də yüksək səviyyədə icra olunmaqdadır. Tədbirin sonunda çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin I Qarabağ müharibəsində iştirak edən müharibə veteranları Rəhmanov Mahir, Cəfərov Ramiz, II Qarabağ müharibəsində iştirak edərək igidliyinə görə 4 medalla təltif olunmuş Cavadzadə Eltac müharibə prosesinin çətinliklərindən, bu çətinliyin öhdəsindən qəhrəmanlıqla gəlinən Zəfər tarixindən və Ali baş komandanımız cənab İlham Əliyevin rəşadətli ordumuzu qələbəyə kökləyən uğurlu fəaliyyətindən danışıblar. Açılış tədbirinin sonunda məktəbin şagirdi Bəşirli Nursanənin ifa etdiyi “Şəhidlərin dünyası” adlı şeiri ilə açılış tədbiri yekunlaşmışdır.

        “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd Samsung modeli planşet və qulaqcıq alınmışdır. 15 noyabr tarixinədək planşetlərə şagirdlərə lazım olan proqram təminatının yüklənməsi prosesi həyata keçirilmişdir.

       “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir Samsung modelli planşetlərlə təchiz olundu. 24.11.2021 tarixində orta məktəbin informatika kabinetində məktəbin direktoru İlkin Yaqubovun, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyevin, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayevin, “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvlərinin və fəal məktəblilərin iştirakı ilə təşkil olunan təqdimat tədbiri yüksək səviyyədə həyata keçirilib. Təqdimat tədbirini giriş sözü ilə açan layihə rəhbəri öz çıxışında məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına müsbət təsir edən və məktəbin informasiya komunikasiya vasitələri ilə təminatında mühüm irəliləyiş olan “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd samsung modelli müasir planşetləri məktəblilərə təqdim edib. Planşetlərə yüklənən məktəblilərin səmərəli fəaliyyətinə şərait yaradan proqramlardan bəzilərini nümayiş etdirib. Məktəblilərin özlərinin də planşetlərdən praktiki istifadəsinə şərait yaradılıb. Layihə rəhbəri həmçinin layihənin icra planına uyğun olaraq 15 yanvar tarixinədək olan müddətdə həmin planşetlərdən istifadə olunaraq Azərbaycanın Qarabağ zəfərinə həsr olunan müxtəlif vətənpərvərlik mövzularında onlayn platforma üzərində 6 dəfə təlimlərin həyata keçiriləcəyini qeyd edib. Tədbir məktəblilərin hədsiz sevinc hissləri ilə müşayiət olunub. Tədbirdə çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin direktoru İlkin Yaqubov bu layihənin məktəbə qatdığı böyük imkanlara görə çox sevincli olduğunu qeyd edib. Məktəbin informatika kabinetinə təqdim olunan 20 ədəd müasir planşetin məktəblilərin təhsil həyatında önəmli rol oynayacağını qeyd edib. Bundan əvvəlki illərdə pandemiya şəraitində texniki imkanların zəifliyi üzündən dərslərə evindən qoşula biləməyən şagirdlərin bundan sonrakı dövrlərdə əgər eyni çətin şərait yaranacaqsa texniki baxımdan bu planşetlərlə təmin olunacağını vurğulayaraq məktəbin ümumi təhsil hədəflərinin tamlaşmasında layihənin müsbət və real rolunu qeyd edib. Çıxışının sonunda məktəb müəllimlərinin innovativ ideyalarının bu şəkildə ən yüksək səviyyədə dəstəklənməsindən ötrü Təhsil nazirliyinə təşəkkürünü ifadə edib.  Tədbirin sonunda çıxış edən “Zəfər bizimdir” layihəsinin eksperti Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev ilk öncə məktəbliləri təbrik edib. Layihə çərçivəsində 20 ədəd ən müasir planşetlə təmin olunan məktəbin əldə etdiyi böyük imkanlardan danışıb. Müasir dünyaya ən qısa zamanda inteqrasiya üçün İKT vasitələrinin önəmli rolundan danışaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin nəinki ölkəmizin ən uğurlu təhsil müəssisələri ilə, həmçinin dünyanın uğurlu layihələri ilə onlayn qoşulmaqla yüksək səviyyədə əməkdaşlıq qura biləcəklərini qeyd edib.

      Layihənin icra planına uyğun olaraq planşetlərdən səmərəli istifadəni öyrətmək məqsədi ilə onlayn formatda təlimlərə başlanılıb.

      06.12.2021 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin 7-ci sinif şagirdlərinin iştirakı ilə "Şəhidlər ölməz!" mövzusunda onlayn təlim həyata keçirilib. Təlimi layihənin rəhbəri Ləj kənd N.Aslanov adına tam orta məktəbinin tarix müəllimi Aqşin Əliyev keçib. Təlim zamanı vətən yolunda şəhid olan insanlar xatırlanaraq onların şücaətlərindən danışılıb. Vətənimizin varlığında şəhidlərin rolu şərh edilib. Hər bir iştirakçıya aşılanıb ki, Vətənimizin hər qarışı müqəddəsdir. Çünki, o torpaqları Vətən edən şəhidlərimizin vətəni üçün axıtdıqları qandır. Vətəni yağı düşməndən qorumaq hər birimizin müqəddəs borcudur. Təlim şagirdlərin böyük marağı və diqqəti ilə müşayiət olunub.

     10.12.2021 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin 8-ci sinif şagirdlərinin iştirakı ilə "44 günlük şanlı müharibə" mövzusunda onlayn təlim həyata keçirilib. Təlimi Ləj kənd N.Aslanov adına tam orta məktəbinin tarix müəllimi, vaxtilə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Vətənim Azərbaycan” layihəsinin rəhbəri İlkin Qəniyev aparıb. Təlim zamanı 1990-cı ildən bugünə qədər ölkəmizin hərb və siyasi tarixində baş verən hadisələr xronoloji inkişaf xətti ilə şərh olunub. Vaxtilə zəif iqtisadiyyata malik olan Azərbaycanın Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin zəhməti hesabına dirçəldilməsindən danışılıb. Qeyd olunub ki, silah və sursatın çatışmadığı 1990-cı illərin əvvəllərində ölkəmizə qarşı düşmənlərin təcavüzkar hücumlarının ağır nəticələrinin intiqamı 2020-ci ildə layiqincə alınmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali baş komandan İlham Əliyevin siyasətinin nəticəsi olaraq ən müasir silahlarla təchiz olunmuş, və dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan ordusu 44 gün ərzində 30 il müddətində torpaqlarımızı zəbt etmiş düşmənləri məhv edərək ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Qəhrəman Azərbaycan oğulları şəhid olmağı gözə alaraq bir addım belə geri çəkilmədən erməni hərbi birləşmələrinə qan uddurmuşdur. Təlimdə qeyd olunub ki, 44 günlük şanlı müharibə Azərbaycanın əzəmətini dünyaya bir daha çatdırmışdır. Xalqımızın unutqan xalq olmadığını bir daha sübut etmişdir. Şagirdlərin böyük marağına səbəb olan təlimin sonunda şagirdlərin suallarına cavablar verilib.

      17.12.2021 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Müzəffər Azərbaycan ordusu” mövzusunda sayca 2-cü onlayn təlim həyata keçirilib. Təlimi Ləj kənd N.Aslanov adına tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Mehman Cavadov aparıb. Təlim zamanı 1990-cı ildən bugünə qədər ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərə diqqət edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyinin həyata keçirdiyi önəmli və ardıcıl səmərəli addımlar fonunda ölkəmizin iqtisadiyyatı da inkişaf yolunu keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevin iqtisadi inkişafın hərbi müdafiə sisteminin yaradılması, möhkəmləndirilməsi və uğurla inkişaf etdirilməsi istiqamətində uğurlu islahatlarının məntiqi nəticəsidir ki, bugün Azərbaycan ordusu dünyanın ən güclü silahları ilə təchiz oluna bilmişdir. Ali baş komandanımız İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin məntiqi nəticəsi dir ki, Azərbaycan ordusu 44 günlük zəfər müharibəsində təkcə ermənilərə deyil, dünyanın bütün ermənipərəst qüvvələrinə meydan oxudu. Bu haqq savaşında qələbə qazandı, işğal altında olan doğma torpaqlarımız uzun bir həsrətdən sonra əsil sahiblərinə - xalqımıza qovuşdu. Müzəffər Azərbaycan ordusu bütün dünyaya bir örnəkdir. Vətəni necə sevmək olarsa bu sevginin praktik təcəssümüdür. Təlimçi həmçinin qeyd edib ki, Ləj kənd orta məktəbinin məzunları Müzəffər Azərbaycan ordusunun müzəffər əsgərləri kimi çıxış etmişdir. Bu vətənpərvərliyin nəticəsidir ki, ölkəmiz hər bir sahədə inamla və uğurla addımlayır. Biz də hər zaman vətənimizin müdafiəsi üçün hər şeyə hazır olmalıyıq. Şagirdlərin böyük marağına səbəb olan təlimin sonunda şagirdlərin suallarına cavablar verilib.

      10.01.2022 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda sayca 4-cü onlayn təlim həyata keçirilib. Təlimi Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbinin direktoru, Elm Tədris Akademiyasının tarix müəllimi Elvin Ağayev aparıb. Təlimi giriş sözü ilə açan layihənin eksperti Samir Salayev “Zəfər bizimdir” layihəsi çərçivəsində görülən işləri qısaca xatırladaraq layihənin şagirdlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti haqqında danışıb. Sonra sözü təlimçiyə verib. Təlimin əsas hissəsi başlayıb. Təlim zamanı Qarabağın tarixinə nəzər salınıb, tarix boyunca Azərbaycan xalqına qarşı törədilən faciələrə diqqət edilərək bütün bu faciələrin “Qarabağ Azərbaycandır!” həqiqətini silmə bilməməsi qeyd olunub. Gülüstan və Türkmənçay müqavilələrindən günümüzə qədər keçilən yol şagirdlərə təqdim olunub. 1990-cı illərdəki Azərbaycan xalqının mübarizə əzmi ilə bugünlü mübarizə əzmimiz müqayisə olunub. Qeyd olunub ki, Azərbaycan xalqının mübarizə əzmi hər zaman yüksək olmuşdur. Hətta 20 yanvar hadisələri zamanı silahsız insanlarımızın düşmən tanklarına meydan oxuması xalqımızın Qarabağı güzəştə getməyəcəyini bütün dünyaya bəyan etmişdir. 1990-cı illərdə ölkəmizin iqtisadi vəziyyəti müasir silahları almağam yetmirdisə, Ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin səmərəli siyasi-iqtisadi islahatlarının fonunda ölkəmiz ən müasir silahlarla təchiz olunmuşdur. Ən müasir silahların varlığı və onlardan istifadəni mükəmməl formada bilən vətənpərvər döyüşçülərimizin varlığı Qarabağ zəfərinin əsas faktorlarını yaratmış oldu. Təlim zamanı 44 günlük Qarabağ müharibəsində özünü qumbaranın üzərinə ataraq əsgər yoldaşlarını qoruyaraq şəhid olan qəhrəmanlardan, qumbaranı özünə sıxaraq özü ilə birlikdə düşmənin silah-sursat daşıyan maşınlarını partladaraq şəhid olan qəhrəmanlardan danışılıb. Son damla qanını göz qırpmadan vətəninin müdafiəsi üçün qurban edən igidlərimizin sayəsində Qarabağı işğaldan azad edə bildik. Və qeyd olunub ki, həqiqət belə qəhrəmanlar yetişdirir. “Qarabağ Azərbaycandır!” həqiqəti ordumuzun məğlubedilməz etmişdir. Sonda bir daha vurğulanıb ki, belə qəhrəman döyüşçüləri olan ordu qələbəyə layiqdir. “Qarabağ Azərbaycandır!”

      12.01.2022 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Cənab Ali baş komandan, biz sizinləyik” mövzusunda sayca 5-ci onlayn təlim həyata keçirilib. Layihənin rəhbəri Aqşin Əliyevin, layihənin eksperti Samir Salayevin, Ləj kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə yüksək səviyyədə həyata keçirilən təlimi Heydər Əliyev fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüsü Günay Məmmədova aparıb. Təlimi giriş sözü ilə açan layihənin eksperti Samir Salayev “Zəfər bizimdir” layihəsi çərçivəsində görülən işləri qısaca xatırladaraq layihənin şagirdlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti haqqında danışıb. Sonra sözü təlimçiyə verib. Təlimin əsas hissəsi başlayıb.

Təlimçi Günay xanım təlimi interaktiv şəkildə həyata keçirilib. Təlim zamanı şagirdlərə Zəfər tariximiz barədə məlumatlar verilib. Aprel döyüşlərində ordumuzun rəşadəti və 44 günlük Qarabağ müharibəsi zamanı qəhrəmanlarımızın şücaəti haqqında geniş informasiyalar təqdim olunub. Təlimdə qeyd olunub ki, Qarabağ zəfərinin kökündə ordumuzun hər bir üzvünün şücaəti, cəsarəti, vətənsevərliyi fonunda qəhrəmanlıqları durur. Qəhrəmanların başında isə Ali baş komandanımızının qətiyyətli siyasətinin olması müharibənin taleyini həll etmişdir. Müharibə dövründə atılan hər bir addım haqqında, düşmən əsarətindən azad edilərək xalqımıza qaytarılan hər bir qarış vətən torpağımız haqqında məlumatı Ali baş komandanımız – cənab İlham Əliyev tərəfindən Kütləvi İnformasiyalar Vasitəsilə (KİV) mütəmadi olaraq xalqımıza bilavasitə çatdırılması rəhbərimizin xalqımızla birlikdə olduğunun bariz nümunəsi idi. Təlimdə həmçinin vurğulanıb ki, xalqımız bu qələbələrə çox sevinirdi, eyni zamanda da kədərlənirdi. Cənab Ali baş komandanımızın qeyd etdiyi kimi müharibə itkisiz olmur. 3000 nəfərə qədər şəhidimiz oldu. Onların ailələri, onların himayəsində olan insanlar cənab İlham Əliyevin daim diqqətində olmuşdur. Çıxışlarında da qələbənin pay sahibləri Ali baş komandan tərəfindən hər zaman qeyd olunur. Bütün bunlar xalqımızı qürurlandırır. Biz qalib ölkənin vətəndaşlarıyıq. Qalibiyyəti bizə qazandıran istər iqtisadi-sosial, istərsə də hərbi-siyasi islahatları ilə bütün dünyaya örnək olan, Qarabağ zəfərinin əsil qəhrəmanı məhz Ali baş komandanımızdır. Azərbaycan xalqı-bizlər hər zaman İlham Əliyevin ətrafında sıx birləşməli, ölkəmizin inkişafı naminə öz vətəndaşlıq vəzifələrimizi yüksək səviyyədə yerinə yetirməliyik.

İnteraktiv şəraitdə həyata keçirilən təlimdə çıxış edən layihənin rəhbəri Aqşin Əliyev “Dəmir yumruq” əməliyyatı haqda məlumat verərək qeyd edib ki, Qarabağ zəfərini əldə etməklə “Dəmir yumruğu” daha da gücləndirmişik. Düşmən o yumruğun gücünü artıq dərk edib məğlubiyətləri ilə. Bundan sonra da həmin “Dəmir yumruq” ölkəmizin suverenliyinə təhdid yaradan hər bir düşmənin başını əzməyə yetər. Bu əməliyyatlar zamanı qardaş Türkiyə dövlətinin də yardımını qeyd edərək, birliyimizin ölkəmizin gücünə güc qatdığını diqqətə çatdırmışdır. Aqşin müəllim həmçinin qeyd etmişdir ki, istər səngərdə, istərsə də ölkəmizə qarşı yönələn çoxsaylı xarici KİV ordusu ilə savaşda Ali baş komandanımız birmənalı şəkildə qalib oldu. Dünyanı qalibiyyətimizi qəbul etməyə, haqqı dəstəkləməyə məcbur etdi. Çıxışının sonunda qeyd etmişdir ki, “bizə zəfəri qazandıran və bizi qalib ölkənin vətəndaşlarına çevirən Cənab Ali baş komandan, biz həmişə sizinləyik! Maraqla izlənilən təlimin sonunda şagirdlərin suallarına şərait yaradılıb.

      14.01.2022 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin iştirakı ilə  “Təhsilimizdə məsuliyyətimiz Vətənimizə sevgimizdir ” mövzusunda sayca 6-cı onlayn təlim həyata keçirilib.  Layihənin rəhbəri Aqşin Əliyevin, layihənin eksperti Samir Salayevin,  Ləj kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə yüksək səviyyədə həyata keçirilən təlimi Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi - Məktəbdənkənar və tərbiyə işlərinin kuratoru  Cəmil Axundzadə aparıb. Təlimi giriş sözü ilə açan layihənin eksperti  Samir Salayev “Zəfər bizimdir” layihəsi çərçivəsində görülən işlər haqqında qısaca məlumat verərək layihənin icra planına uyğun olaraq 6-cı, yəni sonuncu onlayn təlimdə bütün iştirakçıları salamlayıb. Layihənin şagirdlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti haqqında danışıb. Sonra sözü təlimçiyə verib.Təlimçi Cəmil müəllim təlimə başlamazdan öncə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyevanın “Zəfər bizimdir” layihəsinin uğurlu həyata keçirilməsi ilə bağlı təbrikini ifadə edib. Sonra təlimə start verilib. Maraqlı keçən təlimdə şagirdlərə izah olunub ki, vətənpərvər olmaq üçün hər birimizin öz işini yüksək səviyyədə yerinə yetirməsi vacibdir. Azərbaycan ordusunun qazandığı qələbə xalqımızın qələbəsidir. Çünki, müharibə dövründə səngərdə döyüşən, özünü düşmənin üstünə ataraq onu məhv edən döyüşçülərimiz bu gücü onlara arxa cəbhədən dəstək verən xalqımızın hər bir nümayəndəsindən alırdı. Müharibə zamanı hər kəs əsgər idi, hər birimiz sadə işlərimizdə belə düşmənə meydan oxumaq əzmindəydik. Çünki, bunu tarixi həqiqət tələb edirdi. “Qarabağ Azərbaycandır” düşüncəsi sadəcə söz birləşməsi deyildi, böyük bir həqiqətin ifadəsi idi. Bu həqiqət bizi inamla torpaqlarımızn azad olunmasına çağırırdı. Azərbaycan xalqının vətənpərvərliyi, Ali baş komandanımızın qətiyyətli mövqeyi və “Dəmir yumruğu” birləşərək bizi qalib xalqa çevirdi. Bu asan başa gəlmədi, təkcə 44 günlük Vətən müharibəsində 3000 nəfər yaxın qəhrəmanlarımız şəhid oldu, minlərlə insanımız yaralandı. Amma Zəfərin qazanılması qəhrəmanlarımızın axıtdığı qanların müqəddəsliyini əbədiləşdirdi. Qarabağımıza qovuşduq. Cəmil müəllim daha sonra qeyd etdi ki, bugün bütöv Azərbaycanımızın möhkəm olması üçün biz təhsilimizə çox diqqətli davranmalıyıq. Dinamik inkişaf edən dünya ilə ayaqlaşmaq üçün çox oxuyub, çox öyrənib, çoxlu bacarıqlara sahib olmalıyıq. Azərbaycanın savaş meydanı təkcə səngərdə deyil, arxa cəbhədə də bizim qətiyyətimizdədir. Doğma ana dilimizi bildiyimiz kimi, ən azı bir xarici dil də öyrənib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışmalıyıq. Hansı ki, cənab Prezidentimiz tək başına xarici media qurumlarının bütün qərəzli suallarına məhz onların dili ilə, hətta onlardan daha yaxşı, səlis danışaraq elə cavablar vermişdir ki, dünyada olan bütün erməni lobbiçiyilinin yaratdığı səhv mövqeyi yerlə yeksan etmişdir. Hər birimiz belə qətiyyətli olmalıyıq. Savadlı, elmli olmalıyıq ki, heç bir düşmən qarşısında aciz duruma düşməyək. Qalib xalq kimi hər zaman başı dik, alnıaçıq fəaliyyətlərdə olaq. Təlim zamanı şagirdlərin diqqətinə çatdırıldı ki,      Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinə təqdim olunan  20 ədəd müasir Samsung modelli planşetlər məktəbin şagirdləri üçün qloballaşan dünyaya inteqrasiya etmək üçün çox əlverişli şərait yaratmışdır. Məktəblilər beynəlxalq layihələrə rahatlıqla qoşula bilər. Uğur qazanmaq üçün özlərini təkmilləşdirə bilər. “Zəfər bizimdir” layihəsi Ləj kənd tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, onların məktəbdənkənar fəaliyyətlərinin səmərəli qurulmasına, onları zərərli vərdişlərin təsirindən uzaqlaşdırılmasına və s. istiqamətlərdə çox faydalı olacaqdır. Belə bir layihənin icrasına şərait yaradıldığı üçün Təhsil nazirliyinə təşəkkürlər ifadə olunub. Təlimin sonu diskusiya şəraitində həyata keçirilib. İştirakçıların böyük marağına səbəb olub.

       “Zəfər bizimdir” layihəsinin  icrası ilə bağlı layihənin sosial şəbəkə səhifəsində “GrantsEduAz” heştegi ilə Press-relizlər yayımlanıb. Layihənin icrası ilə bağlı mətbuatda xəbərlər dərc olunub. Layihə gedişatında 10 press-reliz mətbuatın diqqətinə təqdim olunub.

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsi 15.01.2022 tarixində qarşıya qoyulan məqsədlərinə uğurla çataraq yekunlaşmışdır.

 

Layihənin mətbuat xidməti