Əlibaba bacı - Hekayə
Yaddaşımı qurdalayıb, baxın daha nələr tapıram. Lap balacalaıq illərimə gedib çıxıram, məndən iki yaş kiçik olan bacımla dalaşırıq, əyişirik, biri-birimizə ən iynəli sözlər deyirik, saçları pırpız olduğuna görə adını Anjela Devis qoymuşam, - bu qaradərili amerikalı publisist sovetlərdə çox məşhur idi, tez-tez televizorda göstərirdilər, - bacımın yaralı yerini tapmışam, onu bu adla çağıranda gözləri dolur, ağlamsınır. Çox keçmədən mən də öz payımı alıram, bir gün yenə ona Anjela Devis deyəndə cavabı alnımın ortasına yapışdırır: "Sən də Əlibabasan!”. Gerçəkdən təsirli olmuşdu. Kimə kimə, amma Əlibabaya bənzədilməyi heç istəməzdim. Bənzərliyimiz yox idi, fəqət söz mənə toxunmuşdu, yəqin incimiş olduğumu gizlədə bilməmişəm ki hər dəfə ona Anjela Devis deyəndə "Əlibaba bacı, Əlibaba bacı” cavabını alıram, məcburən artıq onu bu adla çağırmağı tərgidirəm... Həə, kirt yadımdan çıxmışdı, Anjella Devis söhbətini xatırlayınca həyatımın ölmüş, yoxa çıxmış daha bir anını dirildirəm. Mənim başqa adım da olub axı, - "Ayı balası Conni”, - 6 yaşımda 4-5 ay bu adla çağırılmışam, bu adı mənə Əlibaba bacı vermişdi, - uşaqlar üçün nəşr edilmiş şəkilli kitabı adı belə idi, bir dəfə əlimdə görmüşdü kitabı, "sən özün də elə ayı balası Conniyə oxşayırsan” demişdi, və adım qalmışdı Ayı Balası Conni...
Rus hərbi hissələri hələ Azərbaycanı tərk etməyən illərdə, Kür çayından bir rus əsgərinin meyitini tapıblar. Müsəlman olmadığına görə mollalar yaxın durmayıb, ancaq Əlibaba bacı belə şeylərə baxan deyildi, hökumət adamları gələnə kimi özünü yetirib, meyitin üstündə ağı deyib, kənd arvadları da ona qoşulub ağlaşıblar. Hökumət adamları mərasimin qurtarmasını gözləyib, ağlaşma kəsiləndən sonra meyiti təhvil alıblar. Öz oğlu əsgərlikdəymiş, Qarabağ cəbhəsində vuruşurmuş. Belə deyirlər. Oğlu Fazil əsgər gedən gündən yuxu yatmayıb Əlibaba, yeməkdən kəsilib, xiffət onu əldən salıb. Oğlunun həsrətini ata kimi deyil, bir ana kimi çəkib. Yüksək bir yerə çıxıb havanı qoxlayırmış, küləklər oğlunun qoxusunu gətirir deyə. Fazilin ölüm xəbəri gələn gündən Əlibabanın nıxtı batıb, vağ kimi ortalıqda gəzirmiş. Öz oğlunun yasında vay-şivən qopartmayıb, ağlaşmabaşı deyə bilməyib, yaxasını cırmayıb, üzünə dırnaq atmayıb. Eləcə lal-mat dayanıb baxıb, göz yaşları öz-özünə axıb yanaqları boyunca.