"Çiçəklənən arzular " HEKAYƏ
İlk fəfə idi ölkədən kənara çıxmışdım. Qəribə hisslər keçirirdim.
Yad ölkə, fərqli düşüncə tərzinə malik insanlar, maraqlı mühit və
ecazkar mənzərələri gördükcə insan özünü dünya içində
bir dünyada hiss edir. Bu ilk səfərim bilavasitə işlə bağlı idi.
İşlədiyim firmanın satış təmsilçisi olaraq bu sərgidə iştirak edirdim.
Xərclərimizi firma çəkdiyi üçün səyahət imkanlarımız olduqca məhdud,
hətta, yox idi, desəm daha doğru olar. Cəmi iki gün bu ölkədə
qalacaqdıq. Dükan-bazarların, müxtəlif brend geyim butiklərinin, şəkil
qalereyalarının, muzey və tarixi abidələrin hamısının iş vaxtı sərgi
saatları ilə eyni vaxta təsadüf edirdi ki, bu da bizim belə yerləri
ziyarət etməyimizi əngəlləyirdi. Əsrarəngiz bir qış axşamı idi. Quşbaşı
qar yağırdı. Hər tərəf ağ örpəyə bürünmüşdü. Asta-asta yağan qar işıq
dirəklərindən asılmış sarımtıl işıq fonunda qəribə rəng çaları
yaradırdı. Sabah səhərəyaxın buradan ayrılacaqdıq. Təmiz havada gözəl
qar mənzərəsini seyr edə-edə gəzişirdik. Bağlı dükanların vitrinlərində
müxtəlif dünya brendləri sərgilənmişdi. İdman geyimləri satılan bir
mağazanın qarşısından keçərkən ,,Adidas" firmasına məxsus kişi üçün
idman kostyumunu görəndə bir andaca 27 il əvvələ qayıtdım.....
İnsan ömrünün elə anları olur ki, o anlar ömrünün sonuna qədər
unudulmur. Yaşananların istər şirin, istərsə də acı xatirələri heç zaman
yaddan çıxmır. Bəzən vaxtında əldə edə bilmədiklərini sonrakı
illərdə yetərincə əldə edirsən, lakin bu sənə keçmişin acılarını
unutdurmur. Bu gecikmiş sevgiyə bənzəyir. Ömrün payızında insanın
qarşısına çıxan sevgi kimi. Hər şey zamanında gözəldir, amma təəssüflər
olsun ki, heç də hər zaman istədiklərini əldə edə bilmirsən. Xüsusən də
uşaqlıq illərində əldə edə bilmədikləri insanı ömrü boyu yaralı qoyur.
Heç vaxt sağalmayan, bitişməyən, bəlkə də özündən və qəlbindən başqa
kimsənin bilmədiyi, görmədiyi yara yaranır insan ürəyində.İllər insan
ömrünü külək kimi qova-qova onu yaşa doldurub bəlli bir zamana-əcəl
saatına qədəristəsə də, istəməsə də aram-aram aparır. Bizim
qeyri-ixtiyari yaşamağa təhkim olunduğumuz həyat tamamən təzadlarla
doludur. Hələ həyatı tam mənası ilə dərk edə bilmədiyimiz uşaqlıq illəri
idi. Biz Bakıdan təxminən 380-390 km-lik məsafədə yerləşən bir rayonun
ucqar dağ kəndində yaşayırdıq. Kəndimizin olduqca gözəl mənzərəsi,
səfalı yerləri var idi. Dağlar qoynundakı bu kəndin ilin bütün
fəsillərində xüsusi bir gözəlliyi olardı. İndi xaraba qalmış yurd
yerlərində o vaxt həyat vardı, yaşayış vardı. O vaxtlar bizim də
ömrümüzün şən və qayğısız, dünyadan və dünyadakı pisliklərdən xəbərsiz
olduğumuz vaxtlar idi. Böyümək eşqi uşaq qəlbimizi elə doldurmuşdu ki,
dəli bir istəklə ancaq böyümək barədə düşünürdük. İllər ötdü hər kəs
kimi mən də böyüdüm, boya-başa çatdım, gənc oldum, yaşa doldum və
böyüyə-böyüyə bu kiçik dünyanın nə qədər böyük problemləri olduğunu
gördüm. Qloballaşan problemləri gördükcə uşaqlıq illərimdəki böyümək
həvəsi ilə eynən ,,uşaqlaşmaq" istədim, amma bu qeyri-mümkün idi.
Qeyri-mümkünlük hansısa bir nəzəriyyə deyil, o real həyatın və
olacaqların imkansızlığıdır, mümkünsüzlüyüdür və qaçılmazlığıdır.
Kəndimizdə yaşadığımız zamanlar dünyanın dərd-sərindən uzaq idik.
O vaxtlar
indiki kimi texnologiya sahəsində inkişaf yox idi. O zamanlar biz dünya
içində qapalı bir dünya olan ,,şanlı Sovet Sosialist Respublikasında "
yaşayırdıq. İndiki kimi bir neçə saniyə ərzində dünyadan məlumat əldə
etmək mümkünsüz idü. Adi bir məktuba cavab gəlməsi və yaxud da onun
bəlli bir ünvana göndərilməsi üçün bəzən günlərlə gözləyərdik. Bizim
ucqar kəndimizə ara-sıra əminəvəsi qonaq gələrdi. Məndən iki yaş böyük
olan bu əminəvəsi bizə baxanda çox ,,müasir oğlan" idi. Onların yaşadığı
mühit bizimkindən çox-çox fərqlənirdi. Şəhər həyatı, yeniliklər, dəb,
müxtəlif zövqlərin kəsişdiyi, müxtəlif tiplərin cəmləşdiyi şəhər mühiti,
şəhər mədəniyyəti və şəhərli dünyagörüşü təbii ki, fərqli idi.
Əminəvəsi maraqlı əhvalatlar danışırdı. Hərdən videozallarda yaşına
uyğun olmayan baxdığı filmlərdən, döyüş və dedektiv kinolardan bəhs
edirdi. Deyirdi ki, şəhərdə filan-filan yerlərdə (elə danışırdı ki,
sanki mən oraları əzbər tanıyırdım) videozallar fəaliyyət göstərir. Onun
danışdığı bizə bir az qəribə gəlirdi. Bizdə kinoya ancaq evdə ağ-qara
,,Rekord" televizorda, ən yaxşı halda isə kənd klubunda baxılırdı ki, bu
sonuncuda da ancaq köhnə hind kinoları göstərilirdi, 70-80-ci illərdə
aid kinolar. Hələ 90-lara,,çatmamışdıq". Əminəvəsi şəhərdəki müxtəlif
xarici markalı avtomobillərdən bəhs edirdi. Deyirdi ki, onun dostunun
univermaq müdiri olan atasının avtomat ötürücü mühərrikli ,,Mercedes"
maşını var. Bu avtomat ötürücünü yaxşı başa düşməmişdik, sonralar aydın
oldu. İlk dəfə əminəvəsinin əynində gördüyüm ,,Adidas" idman kostyumu
yaman xoşuma gəlmişdi. O zalım da elə bil qəsdən bizə yanmışlıq verirdi.
Kənd hara, ağappaq krosovka və dəbli idman kostyumu hara?! Nə isə mən
bu ,,Adidas"‐ dan bir də həmin ağ krosovkadan istəyirdim. Yayın son ayı
idi. Bilirdim ki, mənim səliqəli və təmizkar atam mütləq yenə bizi rayon
mərkəzindəki ,,Univermaq"a aparacaq, məktəb ləvazimatları və yeni
paltarlar alacaq. O zaman atama deyəcəkdim ki, mənə bir dəst də Adidas
və ağ krosovka alsın. Atam etiraz etməzdi və buna imkanı da vardı. Vaxt
yetişmişdi. Səhər tezdən kənddən rayon mərkəzinə gedən avtobusla rayona
yola düşdük. Alınacaqları aldıqdan sonra atama fikrimi bildirdim. İdman
ləvazimatları satılan şöbədə (ümumiyyətlə atamı univermaqda yaxşı
tanıyırdılar), bildirdilər ki,- müəllim, (atam ixtisasca müəllim idi)
-hazırda Adidas yoxdur və necə deyərlər ,,sifarişlə gətirilir, əlaltdan"
satılır. Əgər istəsəniz gələn həftə gəlin. Qiyməti də uşaq üçün 1500
rubl olacaq. Tərslikdən mənim ayağımın ölçüsündə ağappaq krosovka da
qalmamışdı. Bir sözlə bunları yalnız gələn həftə əldə etmək mümkün idi.
Uşaq ağlımla növbəti həftənin xəyallarını, planlarını qururdum. Lakin
çox vaxt hər şey istədiyimiz və planladığımız kimi olmur...
Yeni dərs ilinin ikinci günü məktəbimizin həyətinə ermənilər
tərəfdən atılan BM 21- Qrad mərmisi düşdü. Bu mərmi dağıdıb tökdüyü
məktəb həyəti, qırıb-sındırdığı ağac budaqları kimi mənim də istəklərimi
alt-üst etdi. Mənfur düşmən davamlı şəkildə kəndin hər bir nöqtəsini
atəşə tutur, bombardman edirdi. Məktəb fəaliyyət göstərə bilmirdi, çünki
yüzlərlə şagirdin həyatı təhlükə qarşısında idi. Bizim kənd məktəbi 11
illik olduğu üçün ətraf dörd kəndin də şagirdləri bizim məktəbimizdə
təhsil alırdılar. Artıq bir aya yaxın idi ki, dərsə gedə bilmirdik.
Vəziyyət çox gərgin idi. Atam təhsildə tələbkar olduğu üçün bizi
şəhərdəki, gənclik illərində min-bir əziyyətlə, zəhməti hesabına aldığı,
hal-hazırda isə dayımın müvəqqəti yaşadığı iki otaqlı evimizə göndərdi.
İndi həyatımızın yeni bir dövrü başlayırdı. Valideynsiz keçən iztirablı
uşaqlıq illərinin ilk səhifəsi yazılırdı. Şəhərdə ,,Adidas " geyinmiş
uşaqları gördükcə uşaq qəlbim sızıldayırdı, amma sirrimi, dərdimi bir
kimsəyə deyə bilmirdim. Həyatda dərdi, qəmi, kədəri ürəyimdə çəkməyi mən
o zaman öyrəndim. İstədiyini dilə gətirə bilməməyi, qaraqabaq olmağı,
susqunluğu, tənhalığı, xəyal qırıqlığını, ögey münasibətin nə olduğunu
mən onda bildim. Ürəyin üşüməyini onda duydum. Gecələri gizli ağlamağı,
amma gündüzlər özünü şux tutmağı o illərdə dərk etdim. Yaxşılıq heç
zaman unudulmur. İnsan əməlləri ilə ucalır. Vicdanı təmiz, əxlaqı gözəl,
kasıb amma mərd bir qonşumuz vardı. İndi dünyasını dəyişib. Atamgillə
binaya ilk köçən qonşulardan idi. Valideyinlərimizin yanımızda
olmadığını və məktəb proqramlarından geri qaldığımızı nəzərə alaraq bizə
dəstək oldu. İşdən icazə alıb bizi yaxınlıqdakı məktəbə apardı.
Direktorla danışıb vəziyyəti izah etdi və biz həmin məktəbə bərpa
olunduq. O gözəl qəlbli əmiyə hər zaman rəhmət oxuyuram. Əməli-saleh
insan idi. Məktəbdə yenə də bu mənfur ,,Adidas" gözümə görünməyə
başladı. İdman paltarında gələn uşaqlardan utanırdım. Atam hər ay bizə
pul göndərirdi, amma biz o pulu xərcləyə bilmirdik. Hər gələn adamla
qatıq, süd, yumurta, ət və s də göndərirdilər, amma o ərzaqlar mənim
gözümdə deyildi. Nəhayət canımı dişimə tutub atama bir məktub yazdım.
İdman paltarı alıb göndərsin deyə. Atam da həmkəndlimiz İbrahim əmi ilə
mənə 2000 rubl pul göndərmişdi. Bu dəfə heç kimə heç nə demədən qonşu
mikrorayondakı ,,Sənaye dükanına" getdim, orada ,,Adidas" görmüşdüm.
Amma heyhat.... cibgirlərin cibləri talan etdiyi vaxtlar idi. Hansı bir
hissin təsiri ilə baş vermişdi, bilmirəm, amma mən pulun 1500 rublunu
bir cibimə,500 rublunu isə digər cibimə qoymuşdum. Əlimi 1500 rubl olan
cibimə qoyub pulu bərk-bərk ovcuma sıxmışdım. Bilirdim ki, apara
bilərlər. Dükanda adam çox idi. Hamı da təlaşla əlindəki ya da cibindəki
pulu güdürdü. Bəlkə də məndə pul olduğunu əvvəlcədən bilmişdilər. Bir
neçə nəfər özünü ora-bura vuraraq hay-həşir saldı. Bir-ikisi tutaşdı.
Adamları ora‐bura itələdilər və bu qarışıqlıqda mən də yıxılmamaq üçün
hər iki əlimlə növbəyə durduğumuz yerdəki dəmirlərdən tutmalı oldum.
Sonra sakitlik oldu. Əlimdə idman kostyumu kassaya yaxınlaşıb əlimi
cibimə atanda içimdən bir soyuq gizilti keçdi. 1500 rubl yox idi. Elə
bil ki, bu qədər pul cibimdə heç olmamışdı. Suyu süzülə-süzülə geri
qayıtdım və az əvvəl həvəslə bükdürdüyüm formanı satıcıya təhvil verdim.
Havalar soyuq olduğu üçün qalan puluma bir cüt ayaqqabı alıb oradan
çıxdım və o gündən bir daha ,,Adidas" barədə düşünmədim. Bu idman
kostyumunun bir günahı olmasa da mən nədənsə ona artıq bir növ qibtə və
nifrətlə baxırdım....
Artıq sərgidən qayıtmışdım. Həyatımda ilk dəfə getdiyim xarici ölkə
haqqındakı təəssüratlarımı bölüşərkən Adidasın tarixçəsini danışmalı
oldum. Bu dəfə də ala bilməmişdim, çünki mağaza
bağlı olmuşdu. Bizim isə əfsus ki, orada duracaq zamanımız olmamışdı...
Soyuq fevral ayı idi. Kiçik çillə tüğyan edirdi. Qar yağırdı. İşdən
yenicə gəlmişdim. Uşaqların üzündə nəsə qəribə bir ifadə vardı.
Deyib-gülür, oynayırdılar. Əlimdəki kitabı kənara qoyub, -nə
üçün yatmırsınız?- deyə soruşduqda 4‐cü sinifdə oxuyan oğlum və 5
yaşlı qızım xorla cavab verdilər ki,-sabah sənin ad günündür, biz ilk
olaraq səni təbrik etmək istəyirik. İndi xatırladım,
sabah doğrudan da ad günüm idi. Bu dəfə istirahət gününə təsadüf
etmişdi. Deməli bir il də yaşlandım. Uşaqlara baxdıqca qəribə hisslər
keçirirdim. Zaman necə sürətlə keçirmiş, ilahi! Dünənə qədər özüm də
uşaq idim. Elə bil bir anlıq mən keşmişimi gördüm, uşaqlığımla həmsöhbət
oldum. Gözlərim bir nöqtəyə dikilib qalmışdı. Məhz o nöqtədə mən öz
uşaqlığımla görüşüb-danışırdım. Saniyələr içində keçmiş və indiki
zamandakı ,,mən"lə xeyli ,, söhbətləşdik".
Ata, -deyə oğlum məni səslədi. Əlində iki şəkil albomu tutmuşdu.
Uşaqlar albomu vərəqləyə-vərəqləyə mənə müxtəlif suallar verirdilər.
Aradan bir qədər vaxt keçmiş həyat yoldaşım çay gətirmək üçün mətbəxə
keçmişdi. Uşaqları mətbəxə səslədi. Mən yenə də albomdakı şəkillərlə
baş-başa qaldım. Birdən üçü də birlikdə qarşımda dayanıb gülə-gülə, -ad
günün mübarək -deyə məni təbrik etdilər. Saata baxdım 00:00 göstərirdi.
Yoldaşım əlindəki hədiyyə bağlamasını mənə verdi. Təşəkkürümü bildirib
hədiyyə bağlamasını açanda gözlərim yaşardı.
Bir dəst ,,Adidas" idman kostyumu və bir cüt 41 ölçülü ağ krosovka.