C.Əskərov adına 50 Nömrəli Tam Orta Məktəbdə Zəfər Günü qeyd olunub
8 noyabr "Zəfər Günü" münasibətilə C. Əskərov adına 50 Nömrəli Tam Orta Məktəbdə tədbir keçirilib.
Aria.Az xəbər verir ki, tədbirdə Vətən müharibəsinin Səbail rayonundan olan Şəhid Anaları, Məktəbin Məzunu olmuş Vətən Müharibəsi iştirakçıları, Bibiheybət Bələdiyyəsinin sədri , SRİH-nin nümayəndəsi ,qəsəbə sakinləri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Məktəbin direktoru S.Həsənova çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Qarabağ Zəfəri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında qürurla danışdı. Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda həlak olan qəhrəman Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sukutla yad edildi. Tədbirdə Səbail rayonun qəhrəman Şəhidi Qənbərov Bilal Xanlar oğlunun anası Gültəkin Qənbərova , şəhid Vüsal Teymurovun bacısı - Könül Teymurova , şəhid Əhədzadə İlkin Qələmşah oglunun atası- Əhədzadə Qələmşah, Vətən müharibəsi qazisi Salayev Nahid Mirsamid oğlu , SRİH -nin nümayəndəsi Dərbəndli Abbasağa, Bibiheybət Bələdiyyəsinin sədri Validə Həsənova və Bibiheybət qəsəbə sakini , iş adamı Hüseynov Xanlar çıxış etdilər. Çıxışlarda dövlət tərəfindən Şəhid ailələrinə, qazilərinə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı xüsusi vurğulandı. Qeyd olundu ki, qədirbilən Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsini daima uca tutacaq və bu ali məqsəd üçün sağlamlığını itirən qazilərimizi diqqətdə saxlayaraq, müstəqil Azərbaycanın qəhrəmanlıq dastanını yazan Azərbaycan Ordusu, Şəhid Anaları və ailə üzvləri ilə fəxr edəcəkdir.Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şerlər,mahnılar səsləndi.