Məhdudiyyətləri ilk qaldıran Avropa dövlət yenidən qadağalara qayıtdı
Danimarka koronavirus infeksiyalarının artması səbəbindən karantin məhdudiyyətlərini yenidən tətbiq etməyi planlaşdırır.
Hökumət bu təklifi parlamentə təqdim edəcək. Bu barədə ölkənin baş naziri Mette Frederiksen açıqlayıb.
Onun sözlərinə görə, səhiyyə orqanları yaxın aylarda infeksiyanın artacağını və artımın gözləniləndən daha sürətli olacağını gözləyirlər.
Artıq ölkə sakinləri ictimai yerləri və tədbirləri ziyarət etmək üçün yenidən COVID pasportlarını göstərməli olacaqlar. Bu, restoran və gecə klublarında, eləcə də 200-dən çox iştirakçının olduğu kinoteatr və konsert salonlarında lazım olacaq.
Xatırladaq ki, Danimarka Avropa İttifaqında məhdudiyyətləri qaldıran (sentyabr ayında) ilk ölkə olub, lakin son iki həftə ərzində yoluxmuş insanların sayı iki dəfədən çox artıb. Ümumilikdə Danimarkada ümumi əhalinin təxminən 75 %-i tam peyvənd olunub.
Mənbə: Bloomberg