Ermənistan 1920-ci illərin xəritələrinə görə ciddi əndişədə… Həm də əlacsız…
Bu gün Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsində beynəlxalq ictimaiyyətin də maraqlı tərəf qismində çıxış etməsi aydın müşahidə edilir.
Beynəlxalq ictimaiyyətin də yanaşması bundan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi prosesi tezləşməlidir. Bu xüsusda bəzi ölkələr mövqelərini ən yüksək səviyyədə ifadə edib. Məsələn, Rusiya sərhədlərin delimitasiya və demarkasiyasının tezləşməsinin vacibliyini və prosesə yardım etməyə hazır olduğunu dəfələrlə bildirib. Rəsmi Moskva hesab edir ki, bu, regionda təhlükəsizlik və əməkdaşlıq üçün vacibdir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 20-də üç ölkənin baş nazir müavinləri səviyyəsindəki İşçi Qrupunun sayca 8-ci iclasının keçirildiyini xatırladaraq məsələ ilə bağlı bildirir: “Biz problemlərin hərtərəfli həlli yolunu Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasında görürük. Həmçinin ATƏT-in Minsk Qrupu xətti ilə də fəal işlər görülür”. Eyni yanaşma artıq Fransa tərəfindən də sərgilənir. Fransanın Ermənistandakı səfiri Ann Luyo bildirir ki, ölkəsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinin başlaması imkanını dəstəkləyir və bu məsələnin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir. O bildirib ki, Fransa sərhədlərin delimitasiya və demarkasiyasına nail olunmasını vacib hesab edir: “Biz, beynəlxalq ictimaiyyət olaraq, bu proseslərin dinc şəraitdə keçirilməsinə səsləyirik. Aydındır ki, sülh mühitinin yaradılması bu işləri sürətləndirməyə imkan verəcək”. Avropa İttifaqı da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə yardım etməyə hazır olduğunu bildirib. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən təmsil etdiyi qurumun ba haqda mövqeyini konkret ifadə edib: “Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”. Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin mövcudluğunu istəyən bütün ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunmasını vacib hesab edir. Bu yanaşma Azərbaycanın maraq və mövqelərinə tam cavab verir və ölkəmiz ikitərəfli danışıqlar əsasında, həmçinin zərurət olduğu halda konkret vasitəçilərin iştirakı və yardımı ilə Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanılmasını vacib sayır.
Bunlarla bağlı son günlər Vladimir Putinin səsləndirdiyi 1920-ci illərin xəritələri məsələsi də qızğın müzakirələrə səbəb olur. Məsələ ilə bağlı danışan azərbaycanlı tarixçi, “Qafqaz tarixi” Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov “axar.az” portalına bildirib ki, söhbət 1928-ci ilə aid olan Rusiya Baş Qərargahının xəritəsindən gedir: “Araşdırmalarımız göstərir ki, bu dövrə qədər dəqiq hərbi xəritələr yox idi. Sərhədlərin demarkasiyası üçün internet məkanında yayılan xəritələr deyil, hər bir metri dəqiq şəkildə qeyd olunmuş xəritə lazımdır. SSRİ-nin ilk belə xəritələrindən biri 1928-ci ilə aid olan SSRİ Baş Qərargahının xəritəsidir. Bu xəritələrdə müasir Ermənistanın bir hissəsinin Azərbaycanın ərazisi olduğu əks olunub. Məsələ burasındadır ki, Sovet İttifaqı dağılanadək Azərbaycan Moskvanın göstərişi ilə müəyyən ərazilərini Ermənistana verməyə məcbur olmuşdu. Burada söhbət minlərlə hektar torpaqdan gedir. 1928-ci ilin xəritəsi isə ən birinci xəritədir və onun sayəsində demarkasiya işlərini məhz real Azərbaycan sərhədlərinə uyğun olan yerlərdə keçirə bilərik. Bu xəritə hazırda Rusiya Federasiyasının Baş Qərargahında saxlanılır”. Bu vəziyyətdə Ermənistanda demarkasiya və delimitasiya məsələlərinin “uzun və çətin” proses olduğunu iddia edənlərin sayı artıb. Geoqraf, kartoqrafiya üzrə mütəxəssis Qriqor Beqlaryan da ümumi fikri ifadə edərək, hətta “dost” Gürcüstanla indiyə qədər bu prosesin tamamlanmadığını xatırladıb. İddia edib ki, 9 noyabrda Soçidə görüşü gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu məsələdə saziş imzalamaları belə prosesin ən qısa müddətdə başa çatacağı anlamına gəlmir. Q.Beqlaryan bildirib ki, 1920-ci illərin xəritələri əsas götürülərsə, problemlər yarana bilər. Başqa sözlə, o da açıq şəkildə etiraf edir ki, 1920-ci xəritələri ilə 1990-cı illərin xəritələri arasında Ermənistanın ərazisi baxımından əhəmiyyətli dərəcədə fərq var: “Moskvadakı Mərkəzi Dövlət Hərbi-Tarix Arxivində 1920-ci illərin xəritələri var ki, onların əsas götürülməsi ideyası ortadadır. O xəritələr SSRİ rəhbərliyi tərəfindən təsdiq edilib və dövlət nəşridir. Ancaq SSRİ-nin son dövrlərindəki xəritələrdən fərqlənir”. Erməni geoqraf bu xəritələrin Ermənistanda niyə ciddi narahatlıq doğurması məsələsinə toxunmayıb. Sadəcə, 1920-ci il xəritəsindəki Ermənistanla 1991-ci il xəritəsindəki Ermənistanın “çox fərqli” olduğunu bildirib. Bu yanaşmaya rəğmən, Azərbaycan-Ermənistan sərhədlərinin hansı ərazilərdən keçməsini dəqiq əks etdirən xəritələr mövcuddur. Bu xəritələr həm çar Rusiyası, həm də sovetlər dövründə hazırlanıb. Məhz bu xəritələr, eləcə də GPS cihazlarının köməyi ilə sərhədlərin dəqiqliklə müəyyən edilməsi mümkündür. Azərbaycan qeyd edilən xəritələr əsasında sərhədlərin müəyyən edilməsini vacib hesab edir və bu, tamamilə beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Cari il oktyabrın 4-də Cəbrayıl rayon ictimaiyyət nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz heç kimin sərhədini pozmamışıq. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”.
Nahid SALAYEV