Ermənilərin bu dəfə Zəngəzurdan köçü başlanır
Ermənistan Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisini yaxın tezlkdə başa çatdırmağı düşünür. Bu ölkənin idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, sonuncu kilometrin asfaltlanmasına başlanıb.
Sanosyanın sözlərinə görə, hava şəraiti imkan verərsə, yolun tikintisi bu həftə başa çatacaq. Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub. Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. Elə həmin vaxt İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın İrəvana dəstək verəcəyini bildirmişdilər. İran indi bu məsələdə Ermənistana hərtərəfli dəstək verir. Lakin Qnel Sanosyan etiraf edib ki, alternativ yolun Tatev aşırımı hissəsi ən mürəkkəb hərəkət sektoru olacaq: “Tat dərəsində üç döngə var. Burada yük maşınları çox böyük çətinliklə dönürlər. Amma bu, hər halda qeyri-mümkün deyil, keçmək olur. Bu problemi nəzərə alaraq, daha doğrusu, bu problemin olmaması üçün biz hazırda Tatev-Ltsen yolunun çəkilişi proqramını həyata keçiririk. Hazırda 19 kilometrlik bu hissədə iki tərəfdən iki şirkət işləyir. Bu il biz bu yolun çınqıl örtüyünü başa çatdıracağıq, amma asfaltlama işləri 2022-ci ilə qalacaq”. Nazirin sözlərinə görə, başqa yolun çəkilməsi o demək deyil ki, Ermənistanın Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 kilometrinə heç bir ümidi qalmayıb. Sanosyan qeyd edib ki, bu problem sərhədin delimitasiya və demarkasiyası ilə başa çatacaq: “Biz bu yoldan imtina etməyəcəyik. Bu, iki sektoru çıxmaqla bizim yolumuzdur. Bu mübahisəli hissələrdir. Yəni bu məsələni delimitasiya və demarkasiya göstərəcək. Bu prosesdə ağrılı sahələr olacaqmı? Dəqiqləşdirməyə ehtiyac var. Sərhəddə belə hal ola bilməz ki, daim kimsə qalxıb “bu mənimdir” desin. Bu, sonsuza qədər davam edə bilməz”. Sanosyan bildirib ki, delimitasiya və demarkasiya prosesinin hansı sovet xəritələri ilə aparılacağını bilmir.
İxtisasca coğrafiya üzrə mütəxəssis olan nazir bildirib ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir. Bu arada xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin məhz 1920-ci illərin xəritəsi əsasında müəyyənləşdirilməsindən danışmışdı. O demişdi ki, bu xəritələr Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanır və bu proses Rusiya olmadan aparıla bilməz. Lakin sərhədin delimitasiya və demarkasiyası üçün 1920-ci illərin xəritələri əsas kimi götürüləcəkmi? Ötən həftə deputatlardan biri baş nazir Nikol Paşinyana məhz belə bir sual vermişdi. Paşinyan bildirmişdi ki, mühüm olanı xəritənin ili yox, onun hüquqi əsasıdır: “Müxtəlif illərin xəritələri əslində bir-birindən çap olunub. Biz bu xəritələrə diqqətlə baxmalıyıq ki, onun hüquqi əsasının olub-olmadığını başa düşək. Məsələn, hansısa rayonun Mərkəzi Komitəsi hansısa örüşü bizim qardaş rayona bağışlamaq istəyir. Onlar da öz növbələrində, nə isə... Yəni bizim araşdırmamız göstərir ki, daimi proseslər baş verib, hansılar ki, bəli mən razıyam, bu məntiqlə hüquqi əsasa malik deyil”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da eyni mövqe sərgiləyir: “Xəritələr arasında fərq var. Əgər biz hüquqi əsaslı xəritəni nəzərdə tuturuqsa, yeganə əsas xəritə 1920-ci illərin xəritələridir. Bəziləri deyir ki, söhbət 1926-cı ilin xəritəsindən gedir, bir başqaları 1929-cu illərin xəritəsini deyirlər. Bu məsələdə vahid yanaşma yoxdur. Amma bu, əsas xəritədir”. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan sədri Andranik Köçəryan isə bildirib: “15 respublika bir təhlükəsizlik sistemində idi və bizdə vahid hərbi xəritələr vardı. Bu xəritələrlə Sovet İttifaqı silahlı qüvvələrinə aid müvafiq proseslər həyata keçirilirdi”. Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyanın “RBK” telekanalına müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycanın dövlət sərhədini Rusiyanın iştirakı olmadan müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, ötən il İkinci Qarabağ müharibəsinin dayanmasından sonra elə ilk gündən iki ölkənin sərhədinin müəyyənləşdirilməsində problem çıxıb: “Hərbi əməliyyatlar dayandırılandan sonra mən də Vladimir Vladimiroviç Putinə məktubumda yazdım ki, problemin həlli məhz sovet xəritələri ilə mümkündür. Ancaq Azərbaycan müxtəlif yerlərdə “Google” xəritələrindən, başqa nələrdənsə istifadə edir. Bunlar virtual xəritələrdir. Real xəritələrə gəlincə, axı bizim tariximiz var, Rusiya imperiyasına, Sovet ittifaqına bağlı ümumi tariximiz var”. Sarkisyanın sözlərinə görə, özəlliklə sərhəd kəndləri və şirkətlərə məxsus ərazilərdə sərhədlərin müəyyənləşdirilməsində çətinliklər yaranıb. Bununla belə, erməni mediası yazır ki, əslində Azərbaycan sərhəd məsələsində istəyinə nail olacaq. Xüsusən də Zəngəzurda. Elə bu səbəbdən yayılan məlumata əsasən, Zəngəzurda yaşayan ermənilər, təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar. Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan da faktı təsdiqləyib. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir: “Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə, demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zənguzurda bir dənə də erməni ailəsi qalmayacaq”.
Nahid SALAYEV