• 21 Noyabr, 2024
  • 13:34
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:34
    • 1.7
    • 32 c

Qarabağ məsələsi Ermənistan gündəliyindən çıxarılır

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacağına dair məlumatlar hələ də dövriyyədə qalmaqda davam edir. Bu məsələ, xüsusən erməni cəmiyyətində aktuallığını qoruyur və bu ölkə, yeni razılaşmalar olacağı halda, hakimiyyəti növbəti kütləvi aksiyalarla hədələyir.

Erməni mediası isə əvvəlki kimi yazır ki, son anda fors-major hal baş verməzsə, sənədləri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayacaq. Sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir. Erməni siyasi icmalçı Qalust Qriqoryan bu fonda qeyd edir ki, Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tamamilə gündəlikdən çıxarılacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan torpağı kimi etiraf etmiş olacaq: “Bu yaxınlarda Nikol Paşinyan etiraf edib ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda, nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizi layihəsinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur. Kecək, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: “Ermənistan demarkasiya və sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırdır”. Bu o deməkdir ki, “arsax” məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!”. Qarabağdakı qondarma qurumun “nümayəndə”si Metakse Hakobyan da qeyd edir ki, İrəvanın yanaşması artıq dəyişib. Onun sözlərinə görə, Nikol Paşinyan Azərbaycan torpağı hesab etdiyi üçün Qarabağa gəlmir: “Birincisi, Qarabağa gəlməyərək Azərbaycan hakimiyyətinə göstərir ki, onlarla ahəngdar şəkildə işləyir, yəni Qarabağ mövzusunu bağlayıb. Həmçinin yayılan xəbərlər var ki, Azərbaycan hakimiyyəti tərəfindən Qarabağa gəlmək Ermənistan hakimiyyətinə qadağan edilib”. Lakin onu da qeyd edək ki, Paşinyanın Qarabağa və Azərbaycanın digər bölgələrinə gəlişi mümkündür. Bunun üçün, sadəcə, Nikol Paşinyan öncə regionda sülhü təmin edəcək sənədlərin imzalanmasına və qəbul edilməsinə razılaşmalıdır. Paşinyan Azərbaycanın yaratdığı sülh, inkişaf, regionda kommunikasiyaların açılması reallığını, Türkiyə və Azərbaycanın regionda söz sahibinə çevrilməsini qəbul etməlidir. Lakin indilikdə Ermənistanda revanşist qüvvələr buna qarşıdır. Müxalifətin buna qarşı fəaliyyətini bloklamaq məqsədilə erməni mətbuatı yazır ki, ölkə iqtidarı rəqiblərini inzibati yolla sıradan çıxarır. “Qraparak” qəzeti bu xüsusda yazır: “Niyə Ermənistanın hər yerində bu çirkin və biabırçı üsuldan istifadə olunur - rəqibləri arenadan uzaqlaşdırmaq üçün ittiham etmək, həbs etmək, qohumlarını, dostlarını təqib etmək və sair. Axı 2 il həbsdə yatmış, bütün kriminal-siyasi təqib arsenalını öz qanında hiss etmiş bir adam kimi Nikol Paşinyan o üsulu başqalarının üzərində işlətməkdən çəkinməli idi. Bir vaxtlar hakimiyyətin mətbuatı ona qarşı olan diffamasiyasına görə mühakimə etməsi, medianı külli miqdarda cərimələməsi, müxtəlif çirkin və yolverilməz üsullara əl atmaq siyasətini hiss etdiyi halda, Nikol Paşinyan niyə hazırda mətbuatı təqib və məhdudlaşdırma alətindən istifadə edir? Həmçinin psixoloji təzyiq də daxil olmaqla. Niyə Nikol Paşinyan ziddiyyətli və təkzibedici bəyanatlar verir, manipulyasiya edir, bir neçə iplə oynayır, ayrı-ayrı geosiyasi mərkəzləri qane etməyə çalışır, günahı birincilərə, ya da onun təbirincə, “oğrulara”, müxalifətə, sadə insanlara yıxır və ya elementar məlumatları cəmiyyətdən gizlədir? Axı o bütün bunları dəfələrlə təkzib edib, hakimiyyəti qeyri-şəffaf iş tərzinə görə tənqid edib, xalqı dürüstlüyə, legitimliyə çağırıb, aldadan, demaqoqluq edən, xalqı vecinə almayan məmurları mismarlayıb. Bu sualların cavabı yəqin ki, birdir - Nikol keçmiş xatirələrini silib, keçmişin səhifəsini bağlayıb”.

Bununla belə, artıq İrəvanda hakimiyyət əleyhinə mitinqlər başlayıb. Aksiyaların səbəbi noyabrın ilk ongünlüyündə imzalanacaq Ermənistan-Azərbaycan sülh sazişinə maneə törətməkdir. Xatırladaq ki, bundan əvvəl “Şərəf duyuram” və “Hayastan” bloklarının sədrləri olan Robert Köçəryan və Serj Sarkisyan Azərbaycanla imzalanacaq sazişlərə etiraz əlaməti olaraq xalqı küçələrə səsləmişdi. Köçəryanın sözlərinə görə, imzalanacaq saziş Ermənistanın bir dövlət olaraq gələcəyini şübhə altına alır. Köçəryan əsas aksiyaların Azadlıq meydanında 9 noyabrda olacağını bildirib. Ancaq o, bu “mübarizəyə” erməni xalqının aktiv dəstək verəcəyinə inanmadığını da dolayısı ilə bildirib. Onun sözlərinə görə, bundan ötrü xalqı mübarizəyə inandırmaq lazımdır.

Bir daha qeyd edək ki, 9 noyabrda Ermənistanın kapitulyasiya bəyanatını imzaladığı günün bir ili tamam olur.

Nahid SALAYEV