Sərhədə cəmləşdirilmiş minlərlə hərbi texnika, yüzlərlə tank...
Yeni əldə edilmiş pey görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir.
Aria.Az virtualaz.org-a istinadən xəbər verir ki, “Maxar Technologies” şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın “POLITICO” nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi.
Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət ediblər.
“Jane’s İntelligence” nəşrinin ötən gün noyabrın 1-də apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib. Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib.
“POLITICO” qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun cəmləşdirməsi bu ölkənin NATO-ya üzvlüyü barədə müzakirələrin aktivləşdiyi vaxta, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri ərəfəsində təsadüf edir. Həmin səfər zamanı Lloyd Ostin Ukraynanın öz xarici siyasətini müəyyən etmək haqqına malik olduğunu və ABŞ-ın bu ölkəyə hərbi dəstək verəcəyini bəyan edib.
Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbassda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. virtualaz.org qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.
“The Washington Post” qəzeti də ötən şənbə günü amerikalı və avropalı rəsmilərə istinadən Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini yazmışdı. Orada peyk fotolarından söhbət gedirdi, amma həmin fotolar dərc edilməmişdi. Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot jurnalistlərə açıqlamasında deyib: “Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”.
Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün bildirib ki, Bayden administrasiyası Ukrayna ətrafındakı situasiyanı diqqətlə izləyir.
Xatırladaq ki, bundan əvvəl bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşalonlarının, habelə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yaymışdı.