Ermənistan bu dəfə İrana xəyanət etdi – İİR əraziəri “dənizdən dənizə böyük Ermənistan” mifik xəritəsində…
İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin gərgin xarakter daşıması heç kimə sirr deyil. Bu ölkələr uzun illərdir regionda hegemonluq uğrunda mübarizə aparır. Onilliklərdir davam edən bu qarşıdurmanı dini fikir ayrılıqları daha da sərtləşdirir. Bu iki ölkə islamdakı iki fərqli cərəyanı təmsil edir - İran əsasən şiələrdən ibarətdir, Səudiyyə Ərəbistanı isə sünnilərin lider ölkələrindən biri hesab olunur. İran və Səudiyyə Ərəbistanı bir-biriylə müharibə etmir, amma onlar tərəfindən dəstəklənən qüvvələr regiondakı silahlı konfliktlərdə iştirak edirlər.
Bundan başqa, İran və Səudiyyə Ərəbistanı bir-birinin müxtəlif ölkələrlə qurduqları münasibətə də daim diqqət edir. Bir müddət əvvəl İranın Azərbaycana münasibətdə sərt mövqe sərgiləməsinin əsas səbəblərindən biri də ölkəmizin Səudiyyə Ərəbistanı ilə yüksək münasibətləri olub. Amma maraqlıdır ki, son günlərdə İranın regionda əsas tərəfdaşı olan Ermənistan da Səudiyyə Ərəbistanı ilə sıx münasibətlər qurmağa başlayıb. Məsələ ilə bağlı Ermənistanın “1in.am” nəşri yazır: “Oktyabrın 26-sı Ermənistanın beynəlxalq münasibətləri tarixində əlamətdar gün ola bilər, çünki ilk dəfə olaraq Ermənistanın yüksək rütbəli rəsmisi, indiki halda prezident Armen Sarkisyan Səudiyyə Ərəbistanı Krallığına səfər etdi. Məsələ burasındadır ki, Ermənistan müstəqillik əldə etdikdən sonra Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulmayıb. Səbəb Səudiyyə Ərəbistanı tərəfinin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi mövqedir. Əlbəttə, son on ildə diplomatik əlaqələrin davam edən yoxluğuna baxmayaraq, Ermənistan və Səudiyyə Ərəbistanı arasında təbrik mesajlarının mübadiləsi praktikası formalaşdı, Səudiyyə Ərəbistanının kralı və vəliəhdi müstəqillik bayramı, Ermənistandakı prezident seçkiləri münasibətilə prezident Serj Sarkisyanı, 2018-ci ildən sonra isə Armen Sarkisyanı təbrik etdi. Serj Sarkisyan, daha sonra isə Armen Sarkisyan Səudiyyə Ərəbistanının müstəqillik bayramı münasibətilə təbrik məktubu göndərdilər. Bugünə qədər bu əlaqələr təbrik məktublarından o tərəfə keçməmişdi. Amma indi vəziyyət dəyişir, Ermənistan Səudiyyə Ərəbistanı ilə münasibətlər yaradır, müxtəlif istiqamətlər üzrə əlaqələr qurmağa çalışır”. Maraqlıdır ki, İran buna hansısa formada reaksiya verməyib. Özü də Ermənistan İsraildə səfirlik açdıqdan sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrini genişləndirir. Ermənistanın Təl-Əvivdə səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Hesab edilir ki, bu gedişlə Ermənistan Səudiyyə Ərəbistanında da səfirlik açacaq. Halbuki, Səudiyyə Ərəbistanı və İsrailə İranın münasibəti məlumdur. Lakin Ermənistanın bu ölkələrlə əlaqələrinə İran hər hansı reaksiya vermir.
Daha bir maraqlı nüans odur ki, Azərbaycan hərbçilərinin işğaldan azad edilən Laçın rayonunun Güləbird kəndindəki məktəbdə tapdıqları “Dənizdən-dənizə böyük Ermənsitan” xəritəsinin görüntüləri sosial şəbəkələrdə yenidən trend olub. Xəritədə ermənilərin uzun illərdir Azərbaycanın Qarabağ, Zəngəzur daxil olmaqla Kürdən cənubdakı torpaqlarına, Türkiyənin Van, Ərzurum, Bitlis, Elazığ, Diyarbəkir, Sivas və Ağrı dağı ərazilərinə, eləcə də, Gürcüstanın Samtsxe və Cavaxeti torpaqlarına əsassız iddiaları yer alıb. “Dənizdən dənizə Ermənistan” xülyasını yayan bu xəritənin Ermənistanda “tarix dərsliyi”nə salınması uşaqları təcavüzkar ruhda yetişdirməkdir. Xəritədə ən çox diqqət çəkən daha maraqlı məqam hər zaman Ermənistanın dəstəkçisi və müdafiəçisi olan İrana qarşı da ərazi iddialarının yer almasıdır. Belə ki, xəritədə İranın şimalındakı bir sıra ərazilər Ermənistanın “ərazisinə” daxil edilib. İşin ən maraqlı tərəfi də odur ki, bu xəritə Ermənistan rəsmi qurumları tərəfindən təsdiqlənib, məktəblərdə erməni uşaqlarına tədris olunur. Ermənilərin Azərbaycan və Türkiyəyə, hətta Gürcüstana qarşı ərazi iddiaları qaldırmaları sirr deyil. Lakin xəritədə, yuxarıda qeyd edildiyi kimi, Ermənistanın hər zaman dəstəkçisi olan İrana qarşı ərazi iddialarının yer alması, həm də rəsmi şəkildə bu xəritənin təsdiqlənərək tədrisə yönəldilməsi mühüm faktdır. Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistanın qanunsuz iddialarına rəsmi və qeyri-rəsmi formada dəfələrlə cavab verib. Lakin İran nə rəsmi, nə də qeyri-rəsmi şəkildə indiyədək Ermənistana xəbərdarlıq edib. Başqa sözlə, İran Ermənistanın bu xəyanətinə də susur. Halbuki, Ermənistanın addımları İranın istəyi ilə birbaşa ziddiyyət təşkil edir.
Onu da xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iranlı general Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ötən ilin əvvəlində ABŞ-ın ovaxtkı prezidenti Donald Trampı təbrik etmişdi. Bununla Paşinyan İranı beynəlxalq terror həyata keçirən ölkə kimi xarakterizə etmişdi. Bunu Paşinyanın aşağıdakı cümlələri də təsdiq edirdi: "Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı uğurlarını alqışlayır". Amma o vaxtdan indiyə kimi İran hələ də Ermənistana lazımı reaksiya verməyib. Ermənistan isə bu fonda İranın istək və maraqlarına zidd siyasətinin miqyasını ngenişləndirir.
Nahid SALAYEV