Gürcüstan caz musiqisinə töhfələr, bənzərsiz miras və susmayan nəğmə - Vaqif Mustafazadə yaradıcılığı
Bu gün Azərbaycanın görkəmli bəstəkarı, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin anadan olmasının 80-ci ildönümü tamam olur.
“Report”un yerli bürosu virtuoz caz ifaçısının yaradıcılığının Gürcüstan dövrünə qısa nəzər salıb.
Materialın hazırlanmasında Gürcüstanın Milli Parlament Kitabxanasının mətbuat arxivində saxlanılan “Gürcüstan gəncliyi” qəzetinin 1980-ci ilə aid nömrələrindən istifadə olunub. Məqaləyə kitabxananın fotoarxivində saxlanılan və V.Mustafazadənin yer aldığı bir neçə fotoşəkili də əlavə olunub.
Gürcüstan caz musiqisinə verilən töhfələr
V.Mustafazadə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirəndən sonra 1965-ci ildə Tbilisiyə gedir. 1966 və 1967-ci illərdə o, Tallində keçirilən caz festivallarında Gürcüstanı təmsil edir və iki dəfə qran-priyə layiq görülür. Daha sonra gürcü musiqiçilərinin dəvəti ilə o, yenidən Gürcüstana gedir və “Orera” vokal-instrumental ansamblının rəhbəri olur. Caz ifaçısının yaratdığı ansamblardan birincisi Gürcüstanın Dövlət Filarmoniyası nəzdində “Qafqaz” caz triosu olur.
V.Mustafazadə “Tbilisi-78” caz festivalında iştirak etməklə ən yaxşı pianoçu adına layiq görülür. Bu festival kontrabasist Tamaz Kuraşvilinin təşəbbüsü ilə keçirilir və gürcü musiqiçi V.Mustafazdə ilə birgə trioda çıxış edir.
Gürcüstanın tanınmış musiqiçisi T.Kuraşvili azərbaycanlı caz ifaçısı ilə tanışlığını yaradıcılığı üçün ən böyük stimullardan biri adlandırıb: “Onu “Orera”ya konsertmeyster kimi dəvət etdilər. Bundan əvvəl bu cür pianoçunun olduğunu və caz musiqisinin belə səslənə biləcəyini təsəvvür belə etmirdim. İlk gündən biz dost olduq. Bir dəfə Vaqifdən pianoda ifa etməyi öyrənmək üçün nə qədər müddətin tələb olunduğunu soruşdum. O, cavabında ən azı iki il dedi. Biz bir yerdə, onun vaxtsız vəfatına qədər fəaliyyət göstərdik”.
Azərbaycanlı və gürcü ustad ifaçının harmoniyası
V.Mustafazadə və T.Kuraşvilinin birgə fəaliyyətinə “Gürcüstan gəncliyi” ("Молодежь Грузии") qəzetinin 1980-ci ilin 29 aprel nömrəsində “Ustadların harmoniyası” ("Гармония мастеров") adlı məqalə həsr olunub. Məqalədə yazılıb: “...Son illər pianoçu Vaqif Mustafazadə və kontrabasist Tamaz Kuraşvilinin əməkdaşlığı xüsusən məhsuldar olub. Xüsusilə, “Tbilisi-78” ümumittifaq caz festivalında hər iki musiqiçi ideal ifaçılıq, caz yaradıcılığına can atma, baxış və zövqlərin vəhdətini nümayiş etdirdilər. Məlumdur ki, caz partnyorları üçün bir-birini anlamaq və hiss etmək nə qədər vacibdir. Məhz bu bir-birini başa düşmə, hər birinin partnyorun ifaçılıq keyfiyyəti və stil özəlliklərinə hörmət etməyi bacarmaq, bir-biri ilə hesablaşmaq azərbaycanlı pianoçu və gürcü kontrabasistin birgə çıxışlarının uğurlarını şərtləndirən əsas amillər idi... Onların hər ikisi çoxsaylı cazsevərlər və caz bilicilərinin sevgisini və nüfuzlu əcnəbi tənqidçilərin böyük hörmətini qazanıb”.
Müəllif qeyd edir ki, caz ifaçısının vəfatından bir ay sonra Ümumittifaq “Melodiya” qrammafon vallar firması 17 kompozisiyanın daxil edildiyi “Vaqif Mustafazadə - Caz kompozisiyaları” adlı albom buraxıb: “Musiqisevərlər bununla çox gözəl hədiyyə almış olur: onların qarşısında dərin mənalı və incə improvizasiyaya əsaslanan zərif, parlaq və orijinal caz panoramı durur”.
Klassik caz ənənələrinin mükəmməl davamçısı
Məqalədə vurğulanıb ki, albomdakı əsərlər V.Mustafazadənin orijinal sovet cazının inkişafındakı töhfəsini təsdiq edən daha bir əyani sübutdur: “Məhz o, folklor və milli musiqinin dərinliyini caz vasitəsilə ifadə etməyə böyük uğurla nail olub. Bu münasibətdə albomun valına yazılan əsərlərdən, ilk növbədə, “Muğam, “Sevimli intonasiyalar”, “Konsert №2”, “Qara qaşın vəsməsi” seçilir. Bununla yanaşı bəstəkar və pianoçu klassik caz ənənələrini də mükəmməl stildə davam etdirirdi. Bu mənada onun “Monako-79” beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülən “Əzizəni gözləyərkən” və “Riqa iyunda” kompozisiyaları caz yaradıcılığının əsl nümunələridir”.
Müəllif V.Mustafazadənin pianoda mükəmməl ifaçılıq bacarığını belə təsvir edib: “Virtuoz passajlar çətin olduqca, sanki pianoçu onları daha asan ifa edirdi”.
“Gürcüstan gəncliyi” qəzetinin 1980-ci ilin dekabrın 30-da işıq üzü görən nömrəsində V.Mustafazadəyə həsr olunan “Susmayan nəğmə” ("Песня, которая не умолкает") başlıqlı məqalə dərc olunub. Tbilisidə musiqiçinin xatirəsinə həsr olunan gecədən bəhs edən yazıda onun vaxtsız vəfatından böyük təəssüf hissi ifadə olunub: “Vaqif Mustafazadənin bəstəkarlıq və ifaçılıq yaradıcılığına təəssüflər olsun ki, davam etmək və inkişaf nəsib olmadı. Ötən ilin dekabrında istedadlı musiqiçinin həyatı qəfil qırılıb”.
Bənzərsiz miras
Müəllif musiqiçinin nailiyyətlərini bu cür qiymətləndirir: “Məhz o - yaradıcılığının çiçəklənən dövründə dünyadan köçən pianoçu sovet cazında bu janrın beynəlxalq kanonlarının bazasında əsl milli musiqinin yaradılması ilə bağlı olduqca mürəkkəb vəzifəni mükəmməl yerinə yetirməyə müvəffəq oldu. Azərbaycanlı bəstəkar və pianoçu Vaqif Mustafazadənin yaradıcılıq mirası bənzəri olmayan, yüksək peşəkar və novator əsaslı nümunə kimi qiymətləndirilir. Musiqiçinin yaratdığı əsərlərdə klassik cazın nailiyyətləri və ornamental şərq musiqisinin sintezi, emosional forma və yumşaq, cingildəyən çalarlılıq, sevincli hisslərin səxavətli qalması bir-biri ilə sıx qarşılıqlı bağlıdır”.
Məqalə belə sonluqla bitir: “...Pianoçu dünyadan köçdü. “Qeyri-adi nəğmələrin sədası kəsildi?”. Xeyr. Vaqif Mustafazadənin xatirəsinə hədsiz hörmət var”.
Böyük bəstəkar və caz ifaçısının vəfatından 41 il ötsə də, o, musiqilərində “yaşayaraq” ölməzlik qazanıb. V.Mustafazadənin caz kompozisiyaları bu gün də böyük rəğbətlə dinlənilir və musiqisevərlərin zövqünü oxşamaqda davam edir.
Qeyd edək ki, V.Mustafazadə 1940-ci ildə Bakı şəhərində anadan olub. O, 1979-cu ildə Özbəkistanın Daşkənd şəhərində qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.