İrəvan sərhədlərin müəyyən edilməsində Bakının dediyi xəritələri əsas götürəcək
Son günlərdə ən aktual məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sərhədlərin sovet xəritələri əsasında müəyyən edilməsidir.
Elə bu günlərdə Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev sözügedən xüsusda maraqlı məqamlara diqqət çəkərək bildirib: "Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, Çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır".
Bundan sonra Rusiya prezidenti Vladimir Putin bu fikri “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan və Ermənistan sərhədi ilə bağlı mühüm nüanslar açıqladı: “İndi ən başlıca məqsəd sərhəddə vəziyyəti tənzimləməkdir. Əlbəttə, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil. Bizə iki tərəfdən və Rusiyadan başqa heç kəs lazım deyil. Adi praqmatik məsələlər var. Ona görə ki, Rusiya ordusunun baş qərargahında olan xəritələrdə sovet dövründə müttəfiq respublikalar arasında sərhədlərin necə keçdiyi göstərilib. Hər iki tərəf bu sənədlərə əsaslanaraq razılığa gələ bilər. Orada elə məqamlar var ki, onlar qarşılıqlı kompromis tələb edir”. Bütün bunlardan sonra Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın “RBK” telekanalına müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycanın dövlət sərhədini Rusiyanın iştirakı olmadan müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, ötən il İkinci Qarabağ müharibəsinin dayanmasından sonra elə ilk gündən iki ölkənin sərhədinin müəyyənləşdirilməsində problem çıxıb. Sarkisyan qeyd edir ki, əsl sərhəd sovet xəritələrinə əsasən müəyyən edilməlidir: “Hərbi əməliyyatlar dayandırılandan sonra mən də Vladimir Vladimiroviç Putinə məktubumda yazdım ki, problemin həlli məhz sovet xəritələri ilə mümkündür”. Ermənistan prezidentinin fikrincə, proqramlaşdırma bacarığı olan istənilən şəxs istənilən yerdə sərhəd çəkə bilər: “Bunlar virtual xəritələrdir. Real xəritələrə gəlincə, axı bizim tariximiz var, Rusiya imperiyasına, Sovet ittifaqına bağlı ümumi tariximiz var”. Sarkisyanın sözlərinə görə, özəlliklə sərhəd kəndləri və şirkətlərə məxsus ərazilərdə sərhədlərin müəyyənləşdirilməsində çətinliklər yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsində sovet xəritələrindən istifadə oluna bilər. Onun bu fikrini Ermənistan müxalifəti etirazla qarşılayıb. Bir çoxları düşünür ki, Ermənistanın sovet xəritələri ilə razılaşması Qarabağdan əl çəkmək deməkdir. Məsələ ilə bağlı Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan oktyabrın 28-də deyib ki, sərhədlərin demarkasiyası zamanı hansı xəritələrin əsas götürləcəyi hələ məlum deyil. Amma o bildirib ki, əsas baza sənədi kimi 1920-ci ildə hazırlanmış xəritə götürülə bilər. Çünki sonrakı illərdə xəritələr 1920-ci ildəki xəritə əsasında hazırlanıb. Azərbaycan hökuməti də sərhədlərin müəyyənləşdirilməsində sovet xəritələrinin əsas götürülməsini istəyir. Müharibədən sonra Azərbaycanın Ermənistandan tələbi onun ərazi bütövlüyünü tanımaq və sovet xəritələri əsasında dövlət sərhədlərinin ayrılması olub. Burada xatırlanır ki, 1991-ci il ilin sonlarında, Müstəqil Dövlətlər Birliyi yarananda bütün ölkələr bir-birinin ərazi bötövlüyünü, o cümlədən də sovet sosialist respublikalarının sərhədlərini tanımışdı. İndi də Bakının yanaşması budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və bunun da əsasında delmitasiya və demarkasiya prosesinə başlanmalıdır. İrəvandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosiyan iməsələ ilə bağlı bildirir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasından yayınmaq üçün əlindən gələni edəcək. Başqa sözlə, sərhədlərin qismən demarkasiyası, böyük ehtimalla, Qarabağın statusunun təyin edilməsi ilə əlaqələndiriləcək. Bu, özəlliklə Minsk Qrupunun prosesə yenidən qayıtması üçün önəmlidir. İkinci məsələ də var. Burada əsas əngəl Ermənistan deyil, Rusiyadır. Sərhəddə gərginliyin davam etməsində Rusiyanın rolu var. İndi də bu problemlərin həlli ilə bağlı təkliflər və ya hər iki tərəfin qəbul edəcəyi xəritələr təqdim edilməyib. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan üçün, Ermənistandan daha çox, Rusiya əsas əngəldir”.
ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş siyasi şərhçi Pol Qobl düşünür ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinə təkcə Rusiya vasitəçilik eləsə, bu problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər. O hesab edir ki, Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsini qısa müddətdə həll etmək istəyirlərsə, mütləq beynəlxalq ekspertlərin dəstəyindən yararlanmalıdırlar. Pol Qobl bildirir ki, tərəflər müraciət eləsə, bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər. Bu həm də tərəfləri gələcək təxribatlardan qoruya bilər.
Belə bir vaxtda bəlli olub ki, Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov İrəvanda səfərdədir. O, artıq Nikol Paşinyanla görüşüb. Rəsmi məlumata görə, görüşdə Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq, eyni zamanda regiondakı mövcud hərbi-siyasi situasiya barədə fikir mübadiləsi aparılıb. Qeyri-rəsmi olaraq isə bu görüşün əsas hədəfinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olduğu qeyd olunur. Onu da xatırladaq ki, 9 noyabrda Moskvada 3 ölkə liderinin görüşü gözlənilir. Görüşdə sərhədlərin demarkasiyası ilə bağlı hansısa ilkin sənədin imzalanacağı haqda politoloqlar ehtimallar irəli sürür.
Nahid SALAYEV