• 21 Noyabr, 2024
  • 13:56
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:56
    • 1.7
    • 32 c

DÖYÜŞ XATİRƏLƏRİM

Tovuz cəbhəsində düşmənin törətdiyi növbəti təxribat  bütün Azərbaycan xalqını yerindən oynatmışdı, ürəklərdə, damarlarda qanları coşdurmuş, onları düşməndən intiqam almağa kökləmiş, səfərbər etmişdi.

Vətən övladları düşməni torpaqlarımızdan qovub çıxarmaq, ona həddini göstərmək üçün bir məqam, fürsət gəzirdi. Hamımız sanki iynə üstündə idik. Hər an cəbhədə döyüşün başlamasını gözləyirdik. Nəhayət ki, o gün yetişdi. Tovuz cəbhəsində layiqli cavabını alan düşmən heç bir formada şərəfsiz davranışlarından, təxribatlarından əl çəkmək istəmirdi. Sentyabrın 27-də Ermənistanın silahlı terrorçu birləşmələrinin dinc əhalimizi, kəndlərimizi, rayonlarımızı iriçaplı silahlardan atəşə tutmağa başlası, neçə-neçə günahsız vətəndaşımızın, hərbi qulluqçumuzun düşmən gülləsindən həlak olması bütün Azərbaycan üçün səbrimizi daşıran son damla oldu.   

Hələ Tovuz cəbhəsində düşmən təxribatının baş verdiyi günlərdə onminlərlə könüllüdən biri kimi mən də hərbi çağırış məntəqəsinə gedərək qeydiyyatdan keçdim. Qisas hissi ilə  özümə yer tapa bilmirdim. General Polad Həşimovun şəhadətə yüksəldiyi gün hər an verilə biləcək "İRƏLİ" əmrinə hazır olmaq üçün özümə tam dəst hərbi forma aldım. Əynimdə hərbi geyimlə hər gün cəbhəyə çağırılacağım günü gözləyirdim.Əməkdaşı olduğum "Bakı-Xəbər" qəzeti və “Xatirə kitabı” redaksiyasında artıq hamı döyüşü səbirsizliklə gözlədiyimi bilirdi. Lakin tanıdığım insanların, iş yoldaşlarımın yaş həddimim səfərbərlik olacağı təqdirdə, qanunla qeyd olunan həddi keçməsini mənə tez-tez xatırlatmaları məni hədsiz dərəcədə qıcıqlandırırdı.

Nəhayət, 27 sentyabrda səhər saatlarında dostumdan gələn qəfil zəng mənim üçün gözlənilməz deyildi. İlk işim hamıyla sağollaşıb, halallaşmaq oldu. Gedəcəyim yolun gedəri olduğu kimi, gəlməzinin də olması ehtimalı ilə hamı ilə sağollaşmaq lazım idi. 28 sentyabr tarixində getdiyim səfərbərlik xidmətinin rayon şöbəsində artıq cavabını günlərdir hazırladığım ilk etirazla qarşılaşdım. Səfərbərlik Xidmətinin gənc baş leytenantı Aşurov yaşımın keçməsi ilə əlaqədar geri qaytarmalı olacaqlarını bildirməsinə qarşılıq olaraq, mən "geri qayıtmayacağam  və məni aparmasanız özüm döyüş bölgəsinə gedəcəyəm"   deməyimin nəticəsi olaraq məni siyahıya yazdı. Lakin yazarkən mənə "səni onsuzda hərbi hissədən geri qaytaracaqlar" deməsi mənim döyüşlərə qatılmaq istəyimin qarşısını almağa yetmədi. Hərbi hissəyə daxil olarkən hərbi formada olmağım Hərbi Hissə komandirinin diqqətini cəlb etdi və məni yanına çağırdı. Hərbi qaydalara uyğun yaxınlaşaraq özümü təqdim edəndən sonra məlum oldu ki, 2006-cı ildə hərbi xidmətdə olarkən komandirin əsgəri olmuşam. Yaşımla maraqlanan hərbi hissə komandiri də mənə yaş həddimin keçməsi ilə əlaqədar geri qayıtmalı olduğumu bildirdi. Lakin axşama doğru baş verən bir hadisə mənim döyüşlərdə iştirak istəyimə yaşıl işıq yandırmış oldu. Axşam saat 9 radələrində hərbi hissənin müvafiq əməkdaşı səfərbərliklə çağırılmış çağırışçıların adlarını siyahılara işləyir və hər bir çağırışçını ştat cədvəli üzrə uyğun hərbi vəzifələr qeydiyyatını aparırdı. Həddindən artıq yorulan bu hərbçiyə kömək təklifim müsbət qarşılandı və mən ona gördüyü işdə kömək etməyə başladım. İlk işim öz hərbi biletimi siyahıya salmaq oldu və beləliklə mənim döyüş yolumdakı ilk əngəl aradan qalxdı. Səhəri gün artıq gələcək döyüş yoldaşlarımla tanış olurdum. Hərbi hissədən  döyüş bölgəsinə çatdığım günə qədər artıq hamı tərəfindən yaşıma görə hörmət əlaməti olaraq "Qoca" deyilərək çağırılır və qeyri- rəsmi olaraq tabor komandiri tərəfindən verilmiş baş çavuş vəzifəsini icra edirdim.

Döyüş yolumuz Hadrutdan başlayıb, Şuşada başa çatıb. Ən böyük arzum Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və bu mübarək və müqəddəs işdə iştirak etmək olub.  Ali Baş Komandanımızın rəhbərliyi ilə  torpaqlarımızı düşmən tapdağından azad edilməsində iştirak etməyim məni hədsiz dərəcədə qürurlandırır.

İlk döyüşümüz Hadrutdan başlayıb. Ən ağır, ən çətin döyüşümüz də Hadrutda olub. 16 gün ərzində əldə etdiyimiz mövqeni qorumaq və irəliləmək tapşırığımız olub. Düşmən dayanmadan mövqelərimizi muxtəlif iricaplı silahlar və minaatanlarla atəşə tutsa da, taborumuz geri çəkilməyib, əksinə, addım-addım irəliləyib. Düşmənin qarşımızı almaq üçün bütün cəhdlərini iflasa uğradırdıq. Təminata gələn və yaralılarımızı, şəhidlərimizi daşıyan maşınlarımız atəşə tutuldugundan, 12 gun dağda - Ərgünəş dağı istiqamətində ac və susuz qalmağımız bizim döyüş əzmimizi qıra bilmədi, döyüşürdük. Döyüş tapşırığımız Ərgünəş dağında tamamlanmalı olduğu üçün, bütün çətinliklərə baxmayaraq mövqeyimizi saxlamış və irəliyə doğru gedirdik. Düşmənin minaatan mərmilərini,  izburaxan güllələri üstümüzə yağış kimi yağdırmasına baxmayaraq Hadrutun girəcəyindən Xocavəndin sonuna kimi dağları piyada qalxırdıq. Düşmənin güllə yağışının altından keçib irəliləyirdik. Taborumuz böyük qəhrəmanlıqla, şücaətlə döyüşürdü. Həmin döyüşlərdə şəhidlərimiz çox oldu, çox igid, qəhrəman Vətən oğulları canını fəda etdi. Hacıyev Kamran, Qumaşov Anar, Baxşəliyev Natiq, Turabov Rüstəm, Alxasov Elşən, Məmmədov Natiq, Hacıyev Ülvi və bir çox döyüş yoldaşlarımız qəhrəmancasına şəhid oldular. Özüm də daxil olmaqla, yaralılarımız daha çox idi. Şəhid olanlarımızın, yaralananlarımızın çox olmasına baxmayaraq, heç kim geri qayıtmaq barədə düşunmürdü. 16 oktyabr tarixində minaatan mərmisinin partlamasından sonra yaralansam da, həyatda qalmağım möcüzə sayıla bilər. Yaralanandan sonra geri qayıtmaqdan imtina etmişdim. Növbəti tapşırığımıza erməni mövqelərinin arası ilə irəliyə doğru gedib yeni əraziyə yerləşməli idik. Sıx meşəlik ərazidən keçərkən ayağım zədəli olduğundan tək cərgəli kolonun sonunda gedirdim. Döyüş yoldaşlarım zədəli olduğumu bildikləri üçün məni kolonun ortasına gətirmək istəsələrdə mən axsadığıma görə sonda gəlməyi qərarlaşdırdım. Sıx meşə və zülmət qaranlıqda hərəkət istiqamətimiz yalnız bir-birimizə toxunaraq getmək idi. Öndə gedən xüsusi təyinatlı döyüşçülər düşməni duyuq salmamaq üçün bizləri keçilməsi mümkün olmayan yerlərlə aparırdılar. Məqsəd ancaq irəli getmək idi. Meşədən keçərkən sağ və sol tərəfimizdən ermənilərin danışığını aydın eşidirdik. Qəfildən  öndəki döyüş yoldaşıma əlimi uzatmaq istərkən dəstədən aralı düşdüyümü anladım. Sadəcə səssiz getdiyimiz üçün düşməni duyuq salmaq olmazdı. Döyüş yoldaşlarımın getdiyini bilsəmdə onları səsləmək, mən arxada qaldım demək düşməni duyuq sala bilər, beləliklə hamını riskə atmış olardım. Həyatımın bəlkədə ən çətin qərarını verməli olduğumu anlayır və buna uyğun davranmaq istəyirdim. Əsir düşə bilmə ehtimalı məni ölmək hissindən daha çox incidirdi. Çünki heç birimiz göz görəsi əsir düşməyi özümüzə sığışdırmırdıq. Elə bu fikirlərlə düşüncələrimi toparlayıb qərarımı verdim . Əsir düşməkdənsə ölmək və ölərkən bacardığım qədər öldürmək. Sakit bir şəkildə kürəyimi Vətən torpağında bitən ağacın enli gövdəsinə söykədim. Avtomatım və komandirimin mənə etibar edərək verdiyi əl qumbarasını ehtiyatla çıxardım. İlk öncə düşmən yaxınlaşarsa sön gülləyə qədər döyüşmək fikrimdən keçsə də tezliklə bu fikirdən daşındım. Çünki zülmət qaranlıq səbəbindən artıq istiqaməti itirmişdim. Ətrafa açacağım atəş məndən nə qədər uzaqlaşdıqlarını bilmədiyim döyüş yoldaşlarıma dəyə bilərdi. Məhz bu ehtimal avtomatı mənim üçün lazımsız bir əşyaya çevirdi. Artıq qərarımı vermişdim. Qumbaranın halqasını barmağıma keçirib saymağa başladım. Hər 100 sayına qədər sayır, sonra kəlmeyi-şəhadətimi oxuyur və yenidən sayırdım. Artıq 3000 sayına  çatmışdım. Bu müddət ərzində qəlbimdə bütün doğmalarımla xəyalən sağollaşmışdım. Son dəfə kəlmeyi-şəhadəti oxuyarkən arxadan gələn budaq qırılmasının səsini zəif də olsa eşidə bildim. Artıq ölümlə məni saniyələrin ayırdığını hiss eləsəm də qəribə bir daxili sakitliyin içində idim. Bütün qüvvəmi sağ əlimə toplayaraq qumbaranın halqasını çəkərkən artıq başımın sağ tərəfində insan nəfəsini hiss edirdim. Saniyələr illər qədər uzun olurmuş deyiminin artıq canlı şahidiydim. Sakitcə qulağıma fısıldayan səs "mənəm rahat ol " deməsi ilə əlimdəki qumbaranı tutması arasında keçən anı təsəvvür etməyə düşüncə imkanlarım bəlkə də gücsüz qalır desəm daha doğru olar. Xüsusi təyinatlı döyüşçü. Bəli. Dünyaya səs salan Azərbaycan canavarlarından biri idi xilaskarım. Kolonda axsayan əsgərin olmamasını fərq etdikdən sonra geri dönmüş, dəstədən hardasa 1 kilometr arxada ağaca söykənmiş məni aşkar etdikdən sonra gecəgörmə cihazı ilə əlimdəki qumbaranı görmüş, fikrimi oxumuş, mənə səs salmadan yaxınlaşmaq üçün bütün bacarıqlarını işə salmış və buna böyük bir peşəkarlıqla nail olmuşdu. Nəhayət geri qaldığım kolona yetişəndə yaşadıqlarım artıq içinə bir ömür sığışan və unudulması heç bir zaman mümkün olmayacaq bir xatirə idi.

Düşmən su təminatımızın olmadığını yaxşı bildiyi üçün əsas pusqunu bulaqlar, su mənbələri ətrafında qurmuşdu. Bulağa suya düşənlər, sadəcə, açıq hədəf idi. Buna baxmayaraq, heç kim geri çəkilmək barədə fikirləşmirdi. Məqsədimiz düşməni məhv edib, torpaqlarımızı işğaldan azad etmək idi. Ancaq bu barədə düşünürdük. Əsas işimiz irəlidə gedən xüsusi təyinatlı döyüşçülərin mövqelərini qorumaq, düşmənin onların arxasına keçməsinin qarşısını almaq idi. İştirakçısı olduğumuz əməliyyat Hadrutun və Xocavəndin azad olunmasıyla bitdi.

İkinci döyüş tapşırığımız isə Xocavənddən keçilməsi mümkünsüz hesab olunan yollarla Xocalıya keçmək və Şuşa ətrafinda möhkəmlənmək idi. Təsəvvür edin ki, meşə içindən açılan yeni yolla, halbuki, orada hərəkət mümkün deyildi. Amma biz həmin o çətin meşə yolu ilə irəliləyib Xocalının Mədətli daha sonra Çanaqçı kəndindən  keçməklə Şuşa ətrafında möhkəmləndik.

Bir nüansı xüsusilə qeyd etmək istəyirəm.Təkcə mən yox, əsgərlərin, demək olar ki, hamısı yaralansa da, zədə alsa da, hospitala getməkdən imtina edirdilər. Ayağında qəlpə ilə qayıdanlar, yaralandığını gizlədənlər də çox oldu. Hətta bəzilərinin yaralarını özümüz sarıyırdıq. Heç kim hospitala getmək istəmirdi. Heç kim geri qayıtmağı özünə sığışdırmırdı. Cəbhədə hamı bir nəfər, bir nəfər hamı və ən əsası edilən hər şey Vətən üçün idi. Bir litr suyu 50 nəfərin içdiyi günlər olub. Bütün çətinliklərə dözmüşük, nə şəhidimizi, nə yaralımızı buraxıb getmişik. Elə hallar olub ki, onları özümüzlə daşımışıq. 

Müharibə zamanı məni kövrəldən, həssas məqamlar da olurdu. Erməni cəlladlarının amansızlıqla qətlə yetirdikləri günahsız insanlarımızın ruhları dolaşan Xocalıya ilk dəfə ayağım dəyəndə  kövrəldim. 1992-ci ildə erməni caniləri tərəfindən soydaşlarımızın soyqırıma məruz qaldığı yerlərdə gəzərkən çox kövrəldim, o ərazini gəzə-gəzə keçirdiyim hissləri heç bir formada ifadə edə bilmirəm. Çingiz Mustafayevin ağlayaraq lentə aldığı Xocalı soyqırımı qurbanlarının vəhşicəsinə qətl edildiyi yerləri gəzərkən keçirdiyim hissləri sözlə ifadə etmək olmur. Hələ Çanaqçı kəndində mənfur ermənilərin məskunlaşdığı bir evə girərkən gördüyüm mənzərədən sarsılmamaq mümkün deyildi. Evdə yaradılmış xüsusi guşədə Xocalı canilərinin  "qəhrəmanlıq" medalları, şəkilləri vardı.  Gec də olsa Xocalı qətliamı qurbanlarının qisası alındı, gec də olsa qisasımızı düşməndən aldıq, özü də artıqlaması ilə. Özü də şəhidlərimizin, Xocalı qətliamının qurbanlarının qisasını kişi kimi, mərdi-mərdanə aldıq. Bu mənə təsəlli oldu.Əsgərlərimiz ermənilərin mülki əhaliyə qarşı törətdikləri qətliamın qisasını əlində silah tutan erməni hərbçisindən aldı. Şəhidlərimizin və soyqırım qurbanı olan günahsız mülki insanlarımızın qisaslarını qiyamətə qoymadıq, onların qisasının qiyamətə qalması mümkün də deyildi. Biz onların qisaslarını düşməndən aldıq. Sadəcə, indi keçirdiyim hisslərin əvəzi yoxdur. Bizə bu şansı verdiyinə görə Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə sonsuz təşəkkurümü bildirirəm. Şah İsmayılın yaratdığı imperiyanın parçalanmağa başlamasından sonra ilk dəfə idi ki, Azərbaycan itirdiyi torpaqları geri qaytardı. Düz 600 illik fasilədən sonra biz itirdiklərimizi qaytara bildik. Ön cəbhədə bu şərəfli hərəkatın bir hissəsi olmaq mənim üçün  böyük şərəfdir”.

Həyatımın ən xoş günlərindən biri, bəlkə də birincisi Şuşanın azad olunduğu gün idi. Mənim üçün həmin gün müharibə bitmiş sayılırdı. Çünki üzüyümüzün ən dəyərli daşdan olan qaşını - Şuşamızı qaytarmışdıq, bununla da Zəfər qazanmışdıq. Məni ən çox qürurlandıran hamının, bütün əsgərlərimizin, zabitlərimizin ölümün gözünün içinə dik və qürurla baxa-baxa irəliləməsi idi. Hətta bütün şəhidlərimizin üz cizgilərində düşmənə meydan oxuyan bir ifadə vardı, “BİZ GƏLMİŞİK”.

“Azərbaycan əsgəri bu torpaqları əlində daşıdığı silahdan daha çox ürəyində daşıdığı qisas hissilə, düşmənə hədsiz nifrətilə və Vətənə olan sonsuz sevgisilə geri aldı”

Nahid Salayev