• 03 Dekabr, 2024
  • 20:43
  • 32 c Bakı
  • 1.7 AZN
    • 20:43
    • 1.7
    • 32 c

Paşinyan Ağdağın Azərbaycanın nəzarətinə keçdiyini təsdiqlədi

Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında gələn ay keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində İrəvanda siyasi müstəvidə olduqca maraqlı proseslər cərəyan etməkdədir. Belə görünür ki, bu görüş baş tutacaq və burada İrəvan həqiqətən də Bakının şərtlərini qəbul etməli olacaq. Əks halda Ermənistan yenidən Azərbaycanın hərbi zərbələrinə tuş gələ bilər ki, indiki halda İrəvan bunun onun sonunu gətirə biləcəyini də qəbul edir.

Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Ermənistan mediasının noyabrın ilk ongünlüyündə Moskvada Əliyev-Paşinyan-Putin görüşünün keçiriləcəyinə və burada üçtərəfli bəyanatın imzalanacağına dair xəbərlərini şərh edərkən hansısa razılaşdırılmış üçtərəfli mətnin hazırlanmasını mümkün sayıb: “Hər şeydən öncə demək istərdim ki, müxtəlif formatlarda görüşlər barədə təkliflər müzakirə olunur. Ola bilsin ki, nəzərdə tutulan belə görüşlərin yekunu əsasında hansısa razılaşdırılmış mətn hazırlansın”. Bundan əvvəl “Alik Media” saytı yazmışdı ki, ola bilsin, İrəvan və Bakı SSRİ baş qərargahının 1920-ci illərə aid xəritələri əsasında bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyan sənəd imzalasınlar. Sayt iddia edirdi ki, Rusiyanın vasitəçiliyi ilə imzalanacaq daha bir sənəd regional kommunikasiyaların blokadadan çıxarılmasına aid ola bilər. Ararat Mirzoyan bu ehtimallarla bağlı deyib: “Haqqında söhbət gedən məzmunda iki sənədin imzalanması, əlbəttə ki, nəzərdə tutulmayıb. Bağlı qapılar arxasında aparılan bütün danışıqlarda bizim mövqelərimiz siyasi komandamızın – Ermənistan baş nazirinin açıq şəkildə elan etdiyi mövqe ilə 100 faiz üst-üstə düşür”. Buna baxmayaraq, müxalif “Hayastan” fraksiyasından deputat Armen Rustamyan Ermənistanın mühüm həyati məsələlərdə güzəştlərini nəzərdə tutan sənədin hazırlanmasından şübhələndiyini bildirib: “Bu şübhənin əsası var, çünki belə bir presedent olub: 9 noyabrda mahiyyətcə təslimçi məlum sənəd imzalanıb və bu barədə nəinki ictimaiyyətin, heç respublika prezidentinin və xarici işlər nazirinin də xəbəri olmayıb”. Oktyabrın 27-də parlamentdə keçirilən “hökumət saatı”nda bu barədə suala cavab verən baş nazir Nikol Paşinyan mövzudan yayınıb və müxalifət deputatları ilə deyişməyə başlayıb. Bu mübahisələrin nəticəsində ən yaxın vaxtda millət vəkillərinin və baş nazirin iştirakı ilə qapalı iclas keçirilməsi barədə razılığa gəlinib. Müxalifət fraksiyasının katibi Ayk Mamicanyan hakimiyyətin bu təklifinə atmaca ilə cavab verib: “Şərəf duyuram” fraksiyası hazırkı anda Nikol Paşinyanın dəvətilə yalnız bir məsələni - onun istefasının mətnini müzakirə edə bilər”. Nikol Paşinyan parlamentdə etdiyi çıxış zamanı ermənilərin Pela adlandırdıqları Ağdağda mövqe dəyişikliyinin baş vermədiyini təsdiq edib.

Azərbaycan tərəfinin sərhədyanı Zəngəzurda Ağdağ yüksəkliyi (Paylasar) istiqamətində irəliləməsi ilə bağlı şayiələrə gəlincə, Paşinyan heç bir mövqe dəyişikliyi olmadığına dair Milli Təhlükəsizlik Xidmətinin məlumatına əsaslanıb və deyib ki, 2020-ci ilin dekabrından bizim sərhəd xidmətimiz əvvəlki mövqelərdə keşik çəkir. Bununla belə, bu barədə məsələni ilk dəfə qaldırmış Qafan meri izah edib ki, Ermənistan tərəfindən mövqe dəyişikliyi həqiqətən də ollmayıb, amma Ağdağ yüksəkliyindəki Rusiya sərhədçiləri naməlum səbəblərə görə oradan eniblər. Müxalif “Hayastan” fraksiyasından deputat Geqam Manukyan bu mövzuda başqa suallar versə də, baş nazir onları cavabsız qoyub. Manukyan bildirib ki, Paşinyanın sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq qoşunlar Ağdağ yüksəkliyində dayanıblar. Deputat əlavə edib ki, Ermənistan qoşunları onsuz da orada idi. Ermənistan parlamentində bir gün əvvəl keçirilmiş qapalı iclasda 10 noyabr bəyanatından sonra Ermənistan qoşunlarının geri çəkilməsi barədə əmrin kim tərəfindən verildiyi məsələsi qaldırılmışdı. Müdafiə naziri Arşak Karapetyan oktyabrın 27-də tribunaya qalxıb, amma qoşunların geri çəkilməsinə şifahi və ya yazılı əmrin olub-olmamasından danışmayıb. Nazir deputatlara müraciət edib: “Sizin çoxsaylı komissiyalar təşkil etmək imkanınız var və bunu edirsiniz də. Xahiş edirəm bu sualı özünüzə verin. Müdafiə Nazirliyi elə bir təşkilat deyil ki, ağlınıza gələn sualı verəsiniz, biz də istədiyimiz cavabları verək”. Daha sonra müxalifət deputatı Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub. Paşinyan cavabında qeyd edib; “Bu qərar ona görə qəbul olunub ki, müharibə olmasın. Çünki mən əminəm ki, belə bir qərar qəbul olunmasaydı, orada hərbi əməliyyatlar başlanardı və bizim Zəngəzurda doğrudan da problemlərimiz olardı”. Deputat bunun ardınca dəqiqləşdirici sual verib: “Yəni siz demək istəyirsiniz ki, qoşunların geri çəkilməsi əmrini verən şəxsin adı və soyadı Vaqarşak Arutyunyandır?”. Nikol Paşinyan bu suala belə cavab verib: “Yox. Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm. Vaqarşak Arutyunyan bu əmri yerinə yetirib”. Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: “Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək. Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakirə etmişik və qərar verilib. Təhlükəsizlik Şurasının toplantısı olmayıb, ancaq onun bütün üzvləri, Zəngəzurun qubernatoru, “heç nədən xəbərim yoxdur” deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdi. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı. Onda, doğrudur, Zəngəzurda bizim ciddi problemlərimiz yarandı. Biz onlarla kilometr öndə idik, təəssüf ki, geri çəkilməyə məcbur olduq”. Paşinyan, həmçinin bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı, yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi və bu artıq yeni xəbər deyil: “Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram”.

Xatırladaq ki, Ermənistan müxalifəti erməni ordusunun dekabrda 25 kilometrdən çox geri çəkildiyini açıqlamışdı.

Nahid SALAYEV