İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri ilə Vəkillər Kollegiyasında görüş - FOTO
Bu gün ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.
Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayıb, son dövrlər Avropa Şurası ilə Kollegiya arasında qurulan səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun Kollegiya üçün əhəmiyyətindən bəhs edib.
Daha sonra, A.Bağırov 2017-ci ilin dekabrında seçilən hazırkı Rəyasət Heyəti tərəfindən son illərdə görülən işlərlə qonaqların daha ətraflı tanış olması üçün onları hazırlanan təqdimatı izləməyə dəvət edib.
Belə ki, geniş təqdimat ilə çıxış edən Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov son 4 ildə müxtəlif istiqamətlərdə köklü şəkildə görülən işlər barədə məlumat verib, qısa zaman içində uzaq şərqdən Amerikaya qədər Kollegiyanın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışıb və əldə olunan beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirib.
Bundan başqa, B.Orucov vəkillik sahəsində innovasiyaların tətbiqindən, elektron xidmətlərdən, o cümlədən vəkil fəaliyyəti ilə bağlı bir çox qanunlara, həmçinin prosessual məcəllələrə və digər qanunvericilik aktlarına əlavə və dəyişiklərdən bəhs edib.
Eyni zamanda, B.Orucov ölkədə vəkillərin sayının dəfələrlə artmasını, əldə olunan razılığa əsasən vəkillərimizin İngiltərə və Uelsdə vəkilliyə qəbul oluna bildiyini, gənclərə, tələbələrə maddi və akademik dəstəyi, yerli və beynəlxalq layihələri qonaqların diqqətinə çatdırıb.
Digər tərəfdən, B.Orucov son illərdə 25 000 aztəminatlı vətəndaşa göstərilən pulsuz hüquqi yardım, sosial və idman sahələrində tez-tez təşkil edilən aksiya və müsabiqələrdən də söz açıb.
Daha sonra, X.Cakoumopoulos çıxış edərək ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, başçılıq etdiyi nümayəndə heyətini təqdim edərək görüşün məqsədi barədə məlumat verib. Sonra Vəkillər Kollegiyası tərəfindən son illərdə görülən işləri müsbət qiymətləndirən cənab Cakoumopoulos Vəkillər Kollegiyasının insan hüquq və azadlıqlarının qorunmasındakı yerinin müstəsna əhəmiyyəti vurğulanıb, hər iki qurum arasında gələcəkdə də əlaqələrin genişləndirilməsi barədə müsbət fikirlərini bölüşüb, Avropa Məhkəməsi qərarlarının icrası, presedent hüququnun milli məhkəmələrdə tətbiqi, bununla əlaqədar yaranan məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb.
O cümlədən, Kollegiya sədri A.Bağırov X.Cakoumopoulos və nümayəndə heyəti tərəfindən ünvanlanan sualları cavablandırıb.
Görüşdə, həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, İHAM qərarlarının icrası departamentinin müdiri Kler Ovi, sektorunun müdiri Yasemin Çağ, əməkdaşları Kamran İsayev və Mahir Müşteidzadə də iştirak edib.