• 21 Noyabr, 2024
  • 13:34
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:34
    • 1.7
    • 32 c

Erməni müxalifəti Bakının Moskvada İrəvandan istədiyini almasına əngəl ola bilməyəcək

Məlum olduğu kimi, oktyabrın 26-da erməni parlamentində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət və demarkasiya ilə bağlı məsələlər müzakirə edilib. Amma bununla bağlı iclas qapalı keçirilib. İclasda silahlı qüvvələr baş qərargahının rəisi Kamo Kasunts və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Arman Maralsyan həmməruzəçi qismində çıxış edib.

“Hayastan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyanın iclasa niyə gəlmədiyi ilə maraqlanıb: “Biz xarici işlər nazirinin də müzakirəyə cəlb olunmasını təklif etmişik. Niyə gəlməyib? Səbəb sırf işlə bağlıdır? Nə baş verir? Axı bir çox suallar məhz onun sahəsinə aiddir”. Artıq bir neçə həftədir ki, müxalifət deputatları təhlükəsizlik məsələləri ilə məşğul olan güc strukturları nümayəndələrinin parlamentə gəlməsini və suallara cavab verməsini tələb edir. Amma son məlumatlar göstərir ki, parlamentdəki Ermənistan müxalifəti qapalı iclasdan narazı qalıb. Belə ki, müxalif deputatlar güc nazirliklərinin nümayəndələrindən bir çox suallarına cavab almadıqlarını deyirlər. Hətta “Şərəf duyuram” müxalifət fraksiyasının deputatı Taqui Tovmasyan Milli Məclisi iclasın sonunu gözləmədən tərk edib. O bildirib ki, qapalı iclasda verilən sualların çoxuna hökumət nümayəndələri “bu dövlət sirridir” cavabını verib: “Mən dərindən məyus olmuşam və müzakirəni tərk etmişəm. Bu təlxəkliyə daha qulaq asa bilmədim”.

Qeyd edək ki, güc nazirliklərinin nümayəndələri jurnalistlərin suallarına ümumiyyətlə cavab verməyib. “Hayastan” müxalifət fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan iclasdan sonra deyib ki, belə bir görüşdə hakimiyyətin birinci simaları iştirak etməliydi. Ohanyan qapalı iclasdan bir neçə nəticə çıxardığını deyib. Onun sözlərinə görə, bu nəticələrdən biri də 44 günlük müharibəyə son qoymuş 10 noyabr üçtərəfli bəyanatı ilə bağlıdır. Ohanyanın fikrincə, sözügedən bəyanatın birinci bəndində Azərbaycan və Ermənistan qoşunlarının olduğu yerdə qalması nəzərdə tutulsa da, Ermənistan tərəfindən geri çəkilmək barədə şifahi əmr olub: “İstər Müdafiə Nazirliyinin, istərsə də sərhəd bölmələri hərbçilərinin müharibənin başa çatdığı mövqelərindən, xüsusən də Zəngəzur və Göyçədən geri çəkilməsi üçün heç bir əsas olmayıb. Bizim gəldiyimiz yeganə nəticə budur: Bütün bunları şifahi şəkildə Ermənistan hakimiyyəti, ya da başqa kimsə əmr edib. Qoy özləri dəyərləndirib cəmiyyətimizə cavab versinlər”. Həbsdən bu yaxınlarda azad edilmiş keçmiş Sisyan meri, müxalifətçi deputat Artur Sarkisyan da jurnalistlərlə brifinqdə elə bu barədə danışıb: “Dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa gəlmiş, bizi, bütün icma başçılarını ora dəvət edib demişdi: Sizə sabah saat 5-dək vaxt verilir ki, bütün yerlərdən çəkiləsiniz”. Deputat xatırladıb ki, 2020-ci il dekabrın 14-də baş nazir Nikol Paşinyan müraciətlə çıxış etmiş və Ermənistan və Azərbaycan arasında Zəngəzur vilayətində sərhədin dəqiqləşdirilməsi barədə danışarkən danışıqlarda razılığa gəlindiyinə işarə etmişdi.

Ohanyan qeyd edir ki, məhz bu kimi suallara cavab verilməsi üçün qapalı iclasda Paşinyan və başqa məsul şəxslər iştirak etməli idi. Bu yaxınlarda Azərbaycan və Ermənistan arasında yeni sənədlərin imzalanacağına dair söz-söhbət barədə suala cavab verərkən Ohanyan deyib ki, iclasa dəvət olunanların bu barədə heç bir informasiyası olmayıb. Lakin rusiyalı mütəxəssis Leonid Krutakov belə sənədlərin Moskvada imzalanacağını qeyd edir: “Aydındır ki, Azərbaycan üçün son müharibənin nəticəsi milli qürur və özünüdərkin daxili yüksəlişi, Ermənistan üçün isə əksinə, milli rüsvayçılıq və daxili parçalanmanın simvolu oldu. Rusiyanın burada marağı isə Cənubi Qafqazda sabitlikdir. Rusiyanın təsir zonasında baş verən bütün münaqişələr onu strategiyasından kənarlaşdırır, çağırışlara və təhdidlərə operativ reaksiya verməyə məcbur edir. Bu, xüsusilə Suriya və Ukrayna münaqişələri mərhələsində özünü göstərir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünün özü Rusiya üçün prinsipialdır”. Ekspertin fikrincə, sözügedən görüş zamanı hər hansı rəsmi sənədin imzalanıb-imzalanmayacağından asılı olmayaraq, burada mühüm olan rəsmi Moskvanın vasitəçiliyi faktının özüdür: “Bununla da Rusiya regionda sülhün əsas təminatçısı, münasibətlərin əsas tənzimləyicisi funksiyasını öz üzərinə götürür. Düşünürəm ki, Moskva üçün burada bölgəyə təsir etmək baxımından rəsmi Ankara ilə rəqabət məsələsi prinsipial əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, bu günlərdə Ermənistanın müstəqil “Aliq Media” nəşri tərəfindən dərc olunan və dərhal, demək olar, bütün aparıcı erməni KIV-i tərəfindən tirajlanan, sonradan isə Kremlə yaxın “RİA Novosti”nin də təqsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar. Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. İkinci sənəd isə kommunikasiyaların, yolların açılması ilə bağlıdır. Hadisələrin gedişi göstərir ki, belə bir görüşün keçirilməsi və sənədin imzalanması qaçılmazdır. Elə Rusiya prezidenti Vladimir Putinin son “Valday” Klubundakı çıxışında Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyasında Rusiya Müdafiə Nazirliyinin arxivindəki xəritələrdən istifadə olunacağına, eləcə də Zəngəzur dəhlizinin və ümumilikdə kommunikasiyaların açılmasına dair fikirləri, əlbəttə ki, təsadüfi deyildi. Bundan öncə MDB başçılarının videokonfrasında Nikol Paşinyanın Zəngəzur dəhlizində qatar yolu ilə yanaşı avtomobil yolunun olacağına, həmçinin Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İrana yol əldə edəcəyinə dair söylədikləri də ondan xəbər verir ki, ortada hansısa razılaşdırılmış sənəd, yaxud sənədlər var. Və yaxın zamanda, hətta ola bilsin ki, erməni və rus mətbuatının da yazdığı kimi, noyabrın ilk ongünlüyündə həmin sənədin imzalanması həyata keçiriləcək. Erməni siyasi təhlilçilərdən olan Suren Surenyants iddia edir ki, Moskvadakı görüşlə bağlı məlumatı indidən mətbuata sızdıran elə Paşinyanın özüdür: “Hər nə qədər hakimiyyət müxtəlif səviyyələrdə inkar etsə də, belə bir proses var. Hazırkı prosesi Ermənistan üçün əlverişli saymaq olmaz. Lakin hakimiyyət buna qarşı da çıxa bilməz”. Politoloq qeyd edib ki, bunun üçün ya hakimiyyət sənədi imzalamaqdan imtina etməlidir, ya da cəmiyyətdə elə böyük bir etiraz dalğası olmalıdır ki, Paşinyan sənədi imzalamaqdan boyun qaçıra bilsin: “Lakin bu variantların heç biri üçün ilkin şərtlər yoxdur”. Bu həm də o deməkdir ki, Paşinyan cəmiyyətdən gözlədiyi etirazı görmür. Müxalifət də buna əngəl yaratmaq gücündə deyil və parlament müzakirələri də bunun təsdiqidir. Müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk da bildirir ki, Paşinyan, sərhəd problemi də daxil olmaqla, hər şeyi müzakirə etməyə və imzalamağa hazırdır. Robert Köçəryanın fraksiyası və "Daşnaksutyun”un İrəvanda keçirəcəyi etiraz aksiyasına toxunan Trofimçuk bildirib ki, Ermənistanın sabiq prezidenti ilk olaraq Moskvanın təşəbbüslərini dəstəkləməlidir, əks təqdirdə onu ikili oyunda günahlandıracaqlar: "Moskva Ermənistan daxilində sabitliyin pozulmasını istəmir. Paşinyana küçə üsulları ilə etiraz etmək daha əvvəl lazım idi. Köçəryan isə vəziyyəti dəyişmək üsulları ilə ikiqat haqsız görünür”.

Nahid SALAYEV