• 21 Noyabr, 2024
  • 13:29
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:29
    • 1.7
    • 32 c

Əli Nağıyev, Ramil Usubov və Hikmət Hacıyev milli təhlükəsizliklə bağlı tədbirdə - FOTO

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib.

Aria.Az DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak ediblər.

Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycanın 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

İlk olaraq çıxış edən general-polkovnik R. Usubov bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb. Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir.

Azərbaycan Prezidentinin köməkçisi H. Hacıyev çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb, bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Ə. Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Vurğulanıb ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.

Tədbir iştirakçı müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və mühazirələri ilə davam edib.