“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinə müəllimlərin seçimi mərhələsi başlayıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinə iştirakçı qismində müəllimlərin seçimi mərhələsinə start verilib.
Layihənin icra planına uyğun olaraq 15 noyabr tarixinədək layihənin əhatə etdiyi Astara, Lənkəran və Masallı rayonları üzrə ümumtəhsil müəssisələrində hazırda Coğrafiya fənnini tədris edən müəllimlər müraciət edə bilər. Qeydiyyat üçün müraciət online formatda https://forms.gle/S547VrA3XTH1s2Ru9 linki vasitəsi ilə həyata keçirilir (Bu haqda layihənin facebook sosial şəbəkə hesabında ətraflı məlumat yayımlanmışdır). Son müraciət tarixi 15 noyabr 2021-ci il tarixində saat 23:59 kimi müəyyən olunub.
Qeyd edək ki, layihənin məqsədi Lənkəran, Astara və Masallı şəhərlərinin orta ümumtəhsil məktəblərində coğrafiya fənnini tədris edən müəllimlərə CİS texnologiyalarının öyrədilməsidir. Bu məqsədlə qarşıya qoyulan vəzifələr altı ay müddətində aşağıda nəzərdə tutulan mövzular üzrə nəzəri və praktiki təlimlərin keçirilməsidir. Qarşıya qoyulan vəzifələr isə aşağıdakı kimidir:
- CİS-in təsəvvür və mahiyyəti;
- CİS-in tətbiq sahələri və istifadə imkanları;
- CİS texnologiyası məhsulları;
- CİS-də obyektlərin və informasiyaların verilməsi;
- CİS proqramlarından istifadə etməklə məkan və zaman daxilində sadə təhlillərin aparılması və 3-ölçülü (3D) modellərin qurulması;
- Coğrafiya müəllimlərinin CİS-in praktik imkanlarından yararlanmaqla, dərslərini daha yüksək səviyyədə qurmağa nail olmaları;
- Hər zaman yenilənən CİS texnologiyalarına vaxtında uyğunlaşma yolları;
Məlumat üçün qeyd edək ki, “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi 15.09.2021-15.03.2022 tarixlərində Astara şəhərində Astara, Lənkəran və Masallı şəhər ümumtəhsil müəssisələrində Coğrafiya fənnini tədris edən müəllimlər üçün icra olunur. Layihəyə seçimlər yekunlaşdıqdan sonra layihə çərçivəsində nəzərdə tutulan təlimlər 20.11.2021 tarixindən 20.02.2022 tarixinədək həyata keçiriləcək.
Layihənin mətbuat xidməti