• 21 Noyabr, 2024
  • 13:33
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:33
    • 1.7
    • 32 c

Sərhəddəki Ağdağın da Azərbaycan ordusunun nəzarətinə keçdiyi Ermənistanda etiraf edildi

Son günlərin ən çox diqqət çəkən məsələlərindən biri yenə Azərbaycan-Ermənistan sərhədində baş verənlərdir. Bu fonda yayılan məlumatlara əsasən, Qafanla Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyi (ermənilər Pela dağı deyir) ordumuzun nəzarətinə keçib.

Bu fonda “Azatutyun” radiosu bildirir ki, Ermənistan müdafiə nazirinin müavini, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının hakım partiyadan olan üzvləri Azərbaycan-Ermənistan sərhədi və Ağdağla bağlı yayılan məlumatlara şərh verməkdən imtina edirlər: “Bu məlumatlara  görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın içərilərinə doğru bir qədər də irəliləyib, artıq may ayından nəzarətində olan sahələrdə isə mövqelərin möhkəmləndirilməsini həyata keçirir. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib: “Qoşunların təchizatı, mövqelərin sayı, onlara qədər olan məsafə və başqa belə məsələlər dövlət sirri haqqında qanunla tənzimlənir. Səhv etmirəmsə, 1998-ci ildən bəri bu barədə müvafiq hökumət qərarları var. Mənim fikrimcə, hər hansı informasiyanı qadağan edirlərsə və ya vermirlərsə, müvafiq dövlət orqanları sorğulara cavab göndərərkən bu qanuna əsaslanır”. 

Nazir müavini “adamların əsir düşməmələri üçün informasiya verilməməlidirmi” sualını belə cavablandırıb: “Milli Təhlükəsizlik Xidməti Pela dağı (Ağdağ) haqqında məlumat yayıb”. Ermənistan Milli Təhlükəsizlik Xidməti, Qafan meri və Zəngəzurdan olan müxalifət deputatı Anna Qriqoryan azərbaycanlıların Zəngəzurdakı Ağdağ bölgəsində irəlilədikləri barədə iddia qaldırandan iki gün sonra məlumatla çıxış edib. Milli Təhlükəsizlik Xidməti bildirib ki, bu ərazidə heç bir mövqe dəyişikliyi baş verməyib və orada Ermənistan Respublikasının sərhədçiləri keşik çəkir. Lakin deputat Anna Qriqoryan oktyabrın 19-da müdafiə və təhlükəsizlik komissiyasının iclasında bu məlumata etibar etmədiyini bildirib: “Əgər hələ delimitasiya  keçirilməyibsə, Milli Təhlükəsizlik Xidməti öz məlumatında bunun dövlət sərhədi olduğunu niyə bildirir və azərbaycanlıların hazırda olduqları yeri, onların orada olmasını niyə qanuniləşdirir? Halbuki bu, dövlət sərhədi deyil”.

“Azatutyun” bildirir ki, Qafan şəhərinin meri Gevork Parsyan “ Zəngəzur TV” kanalına Ağdağ barədə yeni təfərrüatlar açıqlayıb. Onun sözlərinə görə, dağ hələ dekabr ayında verilib və o vaxt ora Rusiya sərhədçiləri nəzarət edirdi. Amma bu günlərdə Parsyana məlum olmayan səbəblərə görə ruslar yüksəklikdən eniblər və ora Azərbaycanın nəzarətinə keçib: “Bu ərazi bizim üçün çox mühüm yüksəklikdir. İndi rusların olmamasına görə ərazi azərbaycanlıların nəzarətinə keçib”. O da qeyd edilir ki, ötənilki müharibədən əvvəl bu yüksəklikdə Ermənistanın hava hücumundan müdafiə sistemi yerləşdirilmişdi. İndi mer Parsyan iddia edir ki, Azərbaycan həmin yüksəklikdən Qafan və Aqarak məntəqələrini 1990-cı illərdə olduğu kimi nişangahda saxlaya bilər: “Bizim əvvəllər Aqarak, Yeğvard və Ucanis kəndlərinə getdiyimiz əsas yol indi tamamilə azərbaycanlıların nəzarətindədir. İndi biz alternativ yoldan istifadə edirik. Faktiki olaraq, bizim kənd camaatımızın bu yolla bu əraziyə daxil olması qadağandır”.

“Azatutyun” bildirir ki, güc strukturları jurnalistlərin bu ərazidə olmasına və çəkiliş aparmasına icazə vermir. Belə bir qadağa sərhədyanı Göyçədə də qüvvədədir. Burada yalnız güc strukturlarının icazəsi və müşayiəti ilə çəkiliş aparmaq olar: “Müxalifət deputatı Tiqran Abramyan yazılı qaydada Baş Qərargaha müraciət etsə də, ona hazırda Göyçə vilayətinin sərhədyanı bölgələrinə səfərinin məqsədəuyğun olmadığı bildirilib. Deputat bu barədə deyib: “Müdafiə Nazirliyi müdafiə və təhlükəsizlik komissiyası üzvlərinin ictimai rezonans doğura biləcək məsələlərlə bağlı istiqamətlərdə səfərlər etməsinə hər vəchlə mane olur”. Azərbaycan Silahlı Qüvvələrinin Göyçədə sığınacaq tikintisi, yolların betonlanması ilə məşğul olması və odun tədarükü görməsi barədə məlumatı özünün “Facebook” səhifəsində Ermənistanın ombudsmanı da paylaşıb. Məlumatda deyilir ki, ombudsman Arman Tatoyan “Facebook”da məlum postu paylaşdıqdan iki gün sonra Müdafiə Nazirliyi onun yazdıqlarının “şişirtmə” olduğunu bildirib. Amma deputat Tiqran Abramyanın sözlərinə görə, onların səfərinə qadağa qoyulması və başqa bu kimi hadisələr azərbaycanlıların Ermənistan ərazisində möhkəmləndiklərinə dair şübhələr yaradır: “Mənim təsəvvürümə görə, Azərbaycan həmin əraziləri sərhədin artıq dəqiqləşdirilmiş hissəsi hesab edir və oraların möhkəmliyini və təhlükəsizliyini təmin etmək məqsədilə böyük işlər aparır. Faktiki olaraq, may ayında Azərbaycan qoşunlarının daxil olmasına icazə verildi və indiyədək ölkənin hərbi-siyasi rəhbərliyindən heç kim buna görə məsuliyyət daşımayıb. Qafandakı Ağdağ dağını da Azərbaycana təhvil veriblər. Bildiyim qədər, dağın bir hissəsinə biz, digər hissəsinə isə azərbaycanlılar nəzarət edir. Siyasi hakimiyyət və ya hər hansı bir qurum bunu indiyə qədər inkar etməyib, yəni bu, təhvil vermə prosesinin səssizcə həyata keçirildiyi deməkdir”. Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müəyyənləşdirilmiş müddətdə qanunu pozaraq onun məktubuna cavab verməyib və bu, dərin səbəbləri önə çəkir: “Sərhəddən mənə müxtəlif məlumatlar çatır, təhlükəsizlikdən çıxış edərək bundan 5 faizini danışıram, lakin ümid edirəm ki, səlahiyyətlilər mənim ədəbimdən istifadə etməyəcəklər.

Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iqtidardan olan üzvləri həmsərhəd regionlar baradə söhbətlərdən yayınır. Müxalifə deputatları isə bildirirlər ki, artıq bir neçə həftədir izahat almaq üçün güc nazirliklərinin rəhbərləri ilə görüşə bilmirlər”.

Nahid SALAYEV