Ermənistan ərazi iddialarını bu dəfə Gürcüstan istiqamətinə yönəldir…
Ermənistanın Gürcüstan üçün də ciddi təhdid mənbəyi olması, bu ölkəyə qarşı ərazi iddialarında bulunması heç kimə sirr deyil. Son dövrlərdə Gürcüstan ərazisindən keçən erməni yük avtomobilləri ilə bağlı problemlər Ermənistanın iddialarının daha açıq müstəviyə keçməsinə səbəb olub.
Xatırladaq ki, bu ayın əvvəlindən ermənilər Gürcütan ərazisindən yüklərin daşınmasının onlar üçün çətinləşdiyindən şikayət edir. Bu xüsusda “news.am” portalı yazır: “Ermənistanın yük maşınları hələ də Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda qalır. Bunun bir izahı var - ermənilər üçün yol bağlıdır. Gürcü və Azərbaycan nömrəli maşınlar keçib gedir, ermənilərə isə icazə verilmir”. Elə bundan sonra erməni mediasında, ekspert dairələrində Gürcüstan hədəfə çevrilib. Tiflis erməniləri sıxışdırmaqda ittiham edilir. Erməni mədəniyyət xadimi Qaqik Qinosyan bu xüsusda bildirir: “Mən 1980-ci illərdə Gürcüstandan Ermənistana gəlmişəm, o vaxt orada təxminən 50 faiz erməni yaşayırdı, indi isə 30 faiz erməni yaşayır, bu cür qadağa və sərtləşdirmələrin niyə edildiyi ilə bağlı nəticələri sizə buraxıram”. Onun sözlərinə görə, vaxtilə doğulduğu yerdə erməni məktəblərinin sayı beş olub, indi isə yalnız bir məktəb var. Qinosyan qeyd edib ki, kilsələrin vəziyyəti ilə bağlı da eyni vəziyyət var, erməni kilsələrinin sayı ildən-ilə azalır. Bununla o iddia edir ki, Gürcüstan ermənilərə qarşı ayrıseçkilik siyasəti yürüdür. Xatırladaq ki, Qinosyanın Gürcüstana girişi qadağan edilib. Onun sözlərinə görə, Gürcüstanın Axalkələki bölgəsinə anasının qəbirini ziyarətə getmək istəyib, amma sərhəddən geri qaytarılıb. O deyib ki, Gürcüstan sərhədçiləri buna səbəb kimi koronavirus pandemiyasını göstəriblər. Onu da xatırladaq ki, Qinosyan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarının işğalında iştirak edib. Samsxe-Cavaxetiya diyarının Axalkələki şəhəri isə Gürcüstanın ermənilərin sıx məskunlaşan bölgəsidir. Erməni separatçıları zaman-zaman bu bölgənin Gürcüstandan ayrılması iddiası ilə çıxış edirlər. Qinosyan da separatizmi dəstəkləyən erməni ziyalılarından biridir. Ermənistan mətbuatı dolayısı ilə onun Gürcüstana buraxılmamasını bununla, yəni indiyə qədər olan fəaliyyəti ilə əlaqələndirib. Erməni yazarlar iddia edirlər ki, Tiflisdəki hazırki hökumət türkyönlü siyasət yürüdür və Qinosyanın Gürcüstana buraxılmaması da bununla bağlıdır. Ermənistanın siyası şərhçisi Tevos Arşakyan isə bu fonda qeyd edir ki, Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir Cavaxetiyanı yada salsın. Onun sözlərinə görə, “qədim erməni torpağı” olan “Cavakx”ın 99.9%-ni ermənilər təşkil edir: “Bu bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz “Cavakx”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”. Qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxetiya torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşıb. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiyə o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və mesxeti türkləri isə 1944-cü ilə qədər Cavaxetiyadan deportasiya edilmişdi. Beləliklə, indi Gürcüstanın Azərbaycan və Türkiyə ilə dostluq, mehriban qonşuluq münasibətləri ermənilərin Cavaxetiya hədəsi ilə cavablandırılır. Bu xüsusda “armenianreport” portalı qeyd edir: “Gürcüstanda nahaq yerə hesab edirlər ki, bənzər antierməni davranışları onların rahatlığını pozmayacaq. Bu gün Gürcüstanın dövlət rəhbərliyinin Azərbaycanla əlaqələrini möhkəmləndirməsi, eləcə də bir çox sahələrdə əməkdaşlıq etməsi açıq-aşkar erməniləri hiddətləndirir. Ermənistanın satqın gürcüləri yerində oturtmaq üçün kifayət qədər rıçaqları və vasitələri var. Onlardan biri Cavaxetiyadır. 30 illik müstəqilliyi dövründə İrəvan “Cavakx” fəallarının orada yaşayan köklü çoxluq üçün milli-mədəni muxtariyyət tələblərinə nail olmaları cəhdlərindən doğan atəşlərini söndürməklə məşğul olub. Ermənistanın onsuz da kifayət qədər problemləri olub və bizim hakimiyyətlər, “Cavakx” icmasının çoxsaylı xahişlərinə rəğmən, Tiflislə münasibətlərini pozmaq istəmirdilər. İrəvan, hətta Saakaşvili “Cavakxda” bu torpaqların Ermənistana məxsusluğunu, dilini və dilini unutdurmaq üçün dinc əhaliyə qarşı kütləvi repressiyalar aparanda da susurdu. Ancaq indi azərbaycanlılar tərəfindən pulla alınan gürcülər bizi məcbur edirlər ki, “Cavakx” ermənilərinin zülmlərinə nəzər salaq və bu regionun Ermənistana inteqrasiyası məsələsi ilə məşğul olaq Tiflisdə anlamalıdırlar ki, “Cavakx” erməniləri Ermənistana birləşmək haqqında referendum keçirsələr, onun nəticələri gürcülər üçün məyusedici olacaq. Əgər daha da dərinə gedərsək, Tiflis bilməyə məhkumdur ki, “Cavakx” ərazisindən qonşuları üçün mühüm strateji əhəmiyyətə malik Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi keçir və yerli ermənilər İrəvanın delikat xahişi ilə onu blokadaya sala bilərlər. Bəs onda kim pis vəziyyətdə qalacaq?”
Nahid SALAYEV