• 21 Noyabr, 2024
  • 14:14
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:14
    • 1.7
    • 32 c

Azərbaycan Prezidentinin dedikləri ilə artıq Ermənistanda da razılaşırlar…

“Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı imzalandı. Bu bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu”. Bu fikirləri Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak zamanı səsələndirib.

Baş verən son proseslər bu mövqenin artıq Ermənistanda da qəbul edildiyini göstərir. Ermənistanın “Şərəf duyuram” fraksiyasından olan deputatı Tiqran Abramyan da qeyd edir ki, Qarabağ məsələsi Ermənistan, indiki hökumət üçün qapalıdır: “Hökumətin fərqli nümayəndələri açıq mətnlə deyirlər ki, Qarabağın təhlükəsizliyi məsələləri ilə məşğul olmurlar, bu mövzu Rusiyanın səlahiyyətindədir. Bu nə səhv, nə də yanlış sözdür. Onlar aydın şəkildə deyirlər ki, Qarabağ mövzusu onlar üçün bağlıdır. Elə Azərbaycan da bunu deyir”.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da qeyd edilən xüsusda fikirləri olduqca maraqlıdır. O hesab edir ki, indi Ermənistanın realist olması, formalaşan situasiyanı başa düşməsi lazımdır. Oskanyan, status-kvonun qəfil dəyişməsi nəzərə alınacağı təqdirdə, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların yenilənməsinin necə baş tutacağını təxmin etməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, rus sülhməramlılarının bölgədə mövcudluğu və Rusiyanın mövqeyinin güclənməsi nəzərə alınarsa, Minsk Qrupunun digər ölkələri əvvəlki kimi səssiz olacaq. Oskanyan həmsədr ölkələrin konflikt tərəflərinə nə təklif edəcəyini bilmədiyini də xüsusi vurğulayır. Bununla belə o, ilk görüşdə növbəti bütün görüşlərin gedişinə təsir edəcək məzmunun formalaşdırılmasının vacib olduğunu bildirib.

Oskanyan Minsk Qrupunun son 25 ildə konfliktin sülhlə nizamlanması üçün 5 təklif təqdim etdiyini deyib. Bu təkliflərin hər birinin istisnasız olaraq Ermənistan hökumətlərinin Qarabağ məsələsindəki siyasətlərini və prinsiplərini əks etdirdiyini qeyd edən və dolayısı ilə Minsk Qrupunun İrəvana işlədiyini təsdiqləyən Oskanyan keçmiş liderlərin hər birinin konfliktə yanaşmasını təqdim edib: “Levon Ter-Petrosyan ölkənin cari potensialının ayıq qiymətləndirilməsinə əsaslanır, beynəlxalq və geosiyasi hadisələrə qeyd-şərtsiz realizmlə yanaşırdı. Ter-Petrosyan əmin idi ki, soyuq müharibədən sonra dünyanın Qarabağın öz müqəddəratını təyin etməsində Azərbaycanı kənarda qoyması mümkün deyil. 1997-ci ildə Minsk Qrupu bizə iki sənəd təqdim etdi ki, bunlar da Ter-Petrosyanın məntiqini tam əks etdirirdi. Birincisi paket idi. Buna görə, Qarabağ Azərbaycanın tərkibində yüksək muxtariyyət əldə edirdi. Bu layihəni Ermənistan tam rədd etmişdi. Onu “mərhələli sənəd” əvəz etdi. Buna görə isə, ərazilər status dəqiqləşdirilmədən qaytarılmalı idi. Bunu Ter-Petrosyan pislərin ən yaxşısı sayırdı ki, bu da onun gələcək istefasının səbəblərindən biri oldu”. Oskanyana görə, Robert Köçəryanın siyasəti cari imkanlara yox, mümkün gələcək potensiala əsaslanır və beynəlxalq siyasətdə sərt praqmatizmlə müşayiət olunurdu: “Köçəryan əmin idi ki, ölkənin inkişafnı təmin edib, danışıqlar prosesində əlverişli mövqedən çıxış etmək olar. Əsas geosiyasi oyunçuların əhvalını anlayaraq, o, sərt şərtlər qoymurdu. Köçəryanın prezidentliyi dönəmində Minsk Qrupu 3 təklif səsləndirib. “Ümumi dövlət” anlayışında Qarabağla Azərbaycanın horizontal əlaqə məntiqi əks olunub, Ki-Uestdə Qarabağ Ermənistanın yurisdiksiyasında qoyulub, nəhayət, Madrid prinsiplərində Qarabağa gələcək referendum perspektivi ilə aralıq status verilib. Serj Sərkisyan dönəmi də Köçəryan praqmatizmi təşəbbüsünün bir hissəsi idi. Bu dövrdə yeni sənədlər tərtib edilmədi, Madrid sənədlərində, o cümlədən Madrid prinsiplərinin mərhələli variantı olan Lavrov planında fərqli dəyişikliklər edildi”.

Paşinyana gəldikdə isə, Oskanyan onun hakimiyyətinin ilk vaxtlarından Qarabağla bağlı mövqenin qeyri-müəyyən və xaotik olduğunu bildirib. Onun sözlərinə görə, Nikol Qarabağla bağlı keçmiş hakimiyyət nümayəndələrindən heç kimlə məsləhətləşmək istəməyib, “Qarabağ Ermənistandır və nöqtə” deməklə isə danışıqlardan Azərbaycanın tam imtina etməsinə şərait yaradıb. Azərbaycan bu sözlərdən sonra artıq başqa yol qalmadığını elan etməyə müvəffəq olub. Oskanyan hazırkı situasiyanı da qiymətləndirib və danışıqlarda Azərbaycanın şərtləri diqtə edən tərəf olduğunu vurğulayıb: “Bakı çalışacaq ki, danışıqlar yolu ilə öz tələblərini sona qədər çatdırsın və müharibənin gedişində əldə etdiyi üstünlükləri qanuniləşdirsin. Ermənistan üçün sülhə can atmaq hədəfə çevriləcəksə, o zaman müharibə qorxusu da Bakının əlində silaha çevriləcək, bu isə bizi minimum mənəvi silahsızlanmaya gətirib çıxaracaq. Mən çox istərdim ki, Paşinyan əvvəlki səhvlərini təkrarlamasın və danışıqlara hazırlıqsız getməsin”. Lakin Respublika partiyasının sədr müavini Armen Aşotyan bunu mümkünsüz sayır. O bunu erməni dövlətinin yoxluğu ilə əsaslandırır: “Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur. Ermənistan sadəcə bir əlifba sırası olan ritual detaldır, Argentina və Avstraliya arasında latın əlifbası ilə BMT-yə üzv olan ölkələrin siyahısında yer alan siyasi anlaşılmazlıqdır. Dövlətimizin olmaması təkcə Paşinyanın günahı üzündən baş verməyib. Səbəbi daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. Ermənistan Respublikası yoxdur, çünki erməni milləti də yoxdur. Bu gün 29.000 kv. km-də yaşayan erməni əhalisi bioloji populyasiyadır. Populyasiyanın isə dövləti ola bilməz, ən yaxşı halda arealdır. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, etnoqrafik bir növdür. Belə templə gedərsə, tezliklə Qırmızı Kitabda yer alacaq. Bizdə dövləti yaradan insanlar sadəcə yoxa çıxıb”. O hesab edir ki, bu halda Qarabağ məsələsindən danışmağa dəyməz və Azərbaycanın dediyi kimi, konflikt keçmişdə qalıb.

Nahid SALAYEV