Bakı Tehranı sərt ritorikasını dəyişməyə vadar etdi
Azərbaycan-İran münasibətlərində yaşanan məlum gərginliyin qarşıdakı dövr ərzində yumşalması gözlənilir. Bunun əsas səbəbi İranın haqsız olduğunu başa düşməsi, eləcə də Azərbaycanın tutduğu qətiyyətli mövqedir. İran diplomatik hədə-qorxular, hərbi təlimlərlə Azərbaycanı geri çəkilməyə vadar etməyə çalışsa da əks nəticə gördü. Tehrana bir daha bəlli oldu ki, Azərbaycanla təzyiq dilində danışmaq, ona nəyisə diqtə etmək mümkün deyil.
Bunu Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də bir daha İranın və bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.
İran Azərbaycanın bu mövqeyi fonunda başa düşdü ki, rəsmi Bakı müstəqil siyasətindən geri çəkilən deyil. Eyni zamanda İran Türkiyə, Pakistan kimi ölkələrlə də münasibətlərinin pisləşməkdə olduğunu başa düşdü. Güneydəki soydaşlarımızın qətiyyətli mövqeyi də İranı qorxutdu. Sosial şəbəkələrdə “Azərbaycanın İranda 30 milyon sərbazı var” ifadəsi İranı əməlli-başlı həyəcanlandırdı. İranda 30 milyon “sərbazımızın” olduğu haqda fikri Avropada yaşayan və Güney Azərbaycandan olan siyasi-ictimai fəallardan bəziləri dilə gətirib. Yəni Azərbaycan vətəndaşları belə bir ifadə səsləndirməyib. Amma burada onu da qeyd edək ki, güneydə bizim soydaşlarımızın sayı 40 milyondan yuxarıdır. Bura qaşqayları, türkmənləri də əlavə edib, daha böyük rəqəm də görmək mümkündür. Bütün bunlar İranın Azərbaycan ritorikasını dəyişməyə vadar edir. Belə ki, Azərbaycan və İran keçən ay ortaq sərhəd yaxınlığında keçirilən təlimlər və İsrailin Azərbaycanda hərbi mövcudluğu ehtimalı ilə bağlı yaranan diplomatik gərginliyi dialoq yolu ilə həll etmək barədə razılığa gəlib. Hər iki tərəf gərginliyi azaltma səylərini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla onun iranlı həmkarı Hüseyin Əmir-Abdullahianın bir gün əvvəl telefon söhbətindən sonra elan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bu xüsusda bildirilib: "Tərəflər son ritorikanın ikitərəfli münasibətlərə zərər vurduğunu və hər bir fikir ayrılığının dialoq yolu ilə həll edilməli olduğunu qeyd edib". Bununla belə, Tehranın Ermənistanı dəstəkləməsi hələ də Bakının diqqət mərkəzindədir. İndi Tehran bundan istifadə edib Zəngəzur dəhlizinə əngəl olmağa çalışır. Hətta iddialar səsələnir ki, İran bunun üçün Ermənistan ərazisinə ordu yeridə bilər. Lakin rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov “axar.az” portalına açıqlamasına bunu mümkünsüz sayır: “İran ordusu Ermənistan ərazisinə girə bilər. Bu “ideya” İran üçün arzu, Azərbaycan üçün problem, Rusiya üçün biabırçılıq, Türkiyə üçün nonsens, Ermənistan üçün isə milli faciədir. Mən bu cür mülahizələri “Reqnum” informasiya agentliyinin “analitikləri”ndən eşitmişdim, lakin onların halüsinasiyalarını, sözsüz ki, qəbul etmirəm. Buna görə də mən bu cür informasiya axınlarına istehza ilə yanaşıram”. Onun sözlərinə görə, bu gün İranın, demək olar ki, bir dənə də müttəfiqi yoxdur. İran ordusu Zəngəzura girəcəyi təqdirdə onun tərəfində müxtəlif ölkələrə yerləşdirdiyi hərbiləşdirilmiş qruplaşmaları belə dura bilməyəcək. Çünki onların özləri elə İran tərəfindən maliyyələşdirilir və silahlandırılır, buna görə də ciddi qarşıdurma baş versə, bu qruplaşmalar İrana dəstək yox, yük olacaq: “İran qoşunlarının bu regiona yeridilməsi tarixdə ilk dəfə olaraq ABŞ və NATO ölkələrinin Rusiya ilə birgə koalisiya təşkil edərək Tehrana qarşı çıxmasına səbəb olacaq. Buraya İsrail, Türkiyə və əlbəttə ki, Azərbaycan da daxil olacaq. Sözsüz ki, Çin narazı olacaq, amma Ermənistanın maraqlarına görə Pekin, çətin ki, İranın tərəfində döyüşə girsin. Artıq bir faktı hamı qəbul etməlidir: Zəngəzur nəqliyyat dəhlizinin arxasında Putinin imzası dayanır və Kreml heç kimə buna qəsd etməyə imkan verməyəcək”.
Nahid SALAYEV