• 21 Noyabr, 2024
  • 14:12
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:12
    • 1.7
    • 32 c

Rusiya-Türkiyə hərbi əməkdaşlığı dərinləşir, proses Azərbaycanın da marağına uyğundur...

Rusiya və Türkiyə arasında hərbi müstəvidə əməkdaşlığın bundan sonra daha da dərinləşməsi, tərəflərin geosiyasi müstəvidə daha çox ortaq mövqedən çıxış etməsi gözlənilir. Bunun əsas səbəbi Qərbin, xüsusən də ABŞ-ın Ankaraya münasibətdə tutduğu mövqedir.

Məhz belə bir vaxtda  “Rosoboroneksport”un təmsilçisi Denis Quzinov bildirib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır. O, ölkəsinin Türkiyəyə təyyarə və helikopter avadanlıqları tədarükünü həyata keçirə biləcəyini, həmçinin Su-35 və Su-57 qırıcılarının satışı barədə dialoqa hazır olduğunu bildirib. Eyni zamanda, Quzinov S-400 zenit-raket sistemlərinin yeni partiyası ilə yanaşı, onların müdafiəsi üçün lazımi texnikanı da Türkiyəyə təklif edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında keçirilən son görüşdə də elə bu məsələlər diqqət mərkəzində olub. Ərdoğan Rusiyadan alınan hərbi avadanlıqların sayını artırmağa, qırıcı təyyarələr, aviasiya mühərrikləri, sualtı qayıq, raket istehsalında əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.  

Xatırladaq ki, Türkiyəni “F-35 Lightening II” qırıcısının inşası ilə bağlı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq konsorsiumdan xaric ediblər. 2020-ci ilin dekabrında Vaşinqton Ankaraya “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə təsir göstərmək” qanununa müvafiq olaraq sanksiya tətbiq edib. ABŞ ilk dəfədir ki, öz müttəfiqlərinə qarşı bu qanunu tətbiq edir. Senatın beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendes öz “twitter” səhifəsində yazıb: “Bu qanun Rusiya hərbçiləri və kəşfiyyat sektoru ilə geniş həcmli biznes quran istənilən subyektə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Türkiyənin Rusiyadan yeni silah alışı özü ilə yeni sanksiyalar gətirəcək”. Lakin Türkiyə geri çəkilmək fikrində deyil. “Defense News”la söhbəti zamanı yüksək vəzifəli Türkiyə məmurlarından biri deyib: ”İkinci partiya S-400 alınması ilə bağlı danışıqlar davam edir. Hazırda bu danışıqların səviyyəsi strateji və siyasidir. Biz hələ ki, texniki detalları, maliyyə məsələlərini razılaşdırmamışıq”. Ərdoğan isə qeyd edir ki, Türkiyə özünün F-35 proqramından çıxarılmasının kompensasiya edilməsinə nail olmaq niyyətindədir: “Biz 1,4 milyard dollar həcmində ödəniş etmişik. Bəs bu necə olacaq? Biz bu pulları asanlıqla qazanmırıq. Ya onlar bizə təyyarələrimizi verəcəklər, ya da ki, pullarımızı qaytaracaqlar”. Hazırda Türkiyə Almaniyanın böyük tərsanələrindən birində altı sualtı qayığının müştərək istehsalı proqramının reallaşdırılması ilə məşğuldur. Amma Ərdoğanın sözlərinə görə, bu proqramın reallaşması Türkiyənin nəzərdə tutduğu templə getmir: ”Bizim alternativ axtarmağımız da mümkündür”. Türk ekspert Arda Mevlütoğlu bildirir ki, Ankaranın Qərblə keçmiş münasibətləri xeyli pisləşib: “Son beş ildə Türkiyənin Qərb şirkətlərindən vacib texnologiyalar və hissələr əldə etməsi getdikcə çətinləşib". Türkiyənin qonşusu və rəqibi Yunanıstan hərbi hava qüvvələrini ən son Avropa və Amerika qırıcı təyyarələri ilə modernləşdirmək istəyərkən, Ankara Vaşinqtonun tətbiq etdiyi embarqonun onu Rusiyaya üz tutmağa məcbur etdiyini bildirir. Kadir Has Universitetindən Serhat Güvençin fikrincə, bu məsələ Türkiyənin müstəqilliyini, suverenliyini təsdiq edən ictimai qürur məsələsinə çevrilib: “Türkiyə ABŞ-ın oyuncağı deyil və ya Türkiyə NATO-nun mərhəmətinə ehtiyac duymur". Baş verənlərlə bağlı “The Financial Times” qəzeti isə yazır: “Türkiyənin qırıcı təyyarə problemi var, çünki ABŞ onilliklərdir NATO üzvü olan bu ölkənin sifariş etdiyi 100-dən çox təkmil F-35 qırıcı təyyarəsi almasını qadağan edib. Halbuki, bu qırıcılar Türkiyə hərbi hava qüvvələrinin bel sütununu təşkil etməli idi. ABŞ bununla da Ərdoğanı Vladimir Putindən Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemi aldığına görə cəzalandırır. Lakin Ankara bir gün öz hərbi hava qüvvələrini özünün istehsal etdiyi qırıcılarla quracağına ümid edir, amma indilik qocalmaqda olan F-16 qırıcılarından ibarət donanmasına güvənir. Ankara elə bu səbəbdən Vaşinqtondan 40 yeni F-16 istəyib. Türkiyə, habelə, 80 köhnə təyyarənin yenilənməsi üçün ehtiyat hissələri rica edib. Türkiyənin müdafiə sənayesi üzərinə ABŞ sanksiyaları 2020-ci ilin dekabrında qoyulub. Halbuki, onun qonşusu və köhnə rəqibi Yunanıstan həm Fransadan “Rafale” qırıcıları, həm də ABŞ-dan F-35 təyyarələri alır. ABŞ Türkiyənin Rusiyadan aldığlı S-400 raket sistemini özünün F-35 qırıcıları üçün təhdid hesab edir. Bu səbəbdən Ankara ümid edir ki, onun F-16 ricası ilə bağlı problem olmamalıdır. İndilikdəTürkiyənin F-35 sifarişinin yerinə yetirilməsi təkcə ABŞ müdafiə sənayesi üçün sərfəli olmaz, həm də ABŞ və onun müttəfiqləri arasında münasibətləri sağlamlaşdırardı. O da nəzərə alınmalıdır ki, Qərb müttəfiqləri Ərdoğanın Putinlə yaxınlaşmasında maraqlı deyillər. “Carnegie” Beynəlxalq Sülh Fondunda çalışan keçmiş diplomat Alper Coşkun deyir ki, ABŞ-ın Türkiyənin istəyinə qarşı çıxmaması Qərb üçün son dərəcə faydalı olardı: “Burda əsl imkanlar var. Bu, Türkiyənin müdafiə sisteminin, ən azı onun əhəmiyyətli elementinin transatlantik münasibətlərə bağlılığını təmin edərdi. Bu, bütün başqa sahələrdə də təlatüm yaradan dilemmadan çıxış yolu olardı”. ABŞ-ın inadından dönüb-dönməyəcəyi hələlik aydın deyil. F-35-lərin Türkiyəyə satışı Ərdoğana çoxsaylı iradları olan Konqres tərəfindən bloklana bilər. Filadelfiyada mənzillənmiş Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn deyir ki, Türkiyəyə F-35 qırıcıları verilməsi qərarının Konqresdən keçirilməsinin qarşısındakı ən böyük əngəl Rusiyanın S-400 sistemləridir. Ekspertin sözlərinə görə, qəzəblənmiş Konqres Ərdoğandan S-400 məsələsində kompromis gözləyir, amma Türkiyə prezidenti çətin ki, belə bir güzəştə hazır olsun. Bu vəziyyət Bayden administrasiyası üçün dilemma yaradır. Türkiyədən heç bir geri addım görmədən onun F-16 ricasına əməl olunması Ankara tənqidçilərinə əsassız lütfkarlıq kimi görünə bilər. Əgər F-16 məsələsində Türkiyəyə rədd cavabı verilərsə, Ankaranın əlinə Rusiyaya üz tutmaq üçün girəvə düşəcək. Hələ 2019-cu ildə Rusiyada keçirilən aviasiya şousunda Putinlə dondurma yeyən Ərdoğan ondan yarızarafat Su-57 qırıcıları almağın mümkün olub-olmadığını soruşmuşdu. Bəzi Qərb rəsmiləri narahatdır ki, indi həmin zarafat gerçəyə çevrilə bilər. Türkiyənin F-16 xahişinin yerinə yetirilməsini istəyən bir Avropa diplomatı deyib: “Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar. Onlar bu boşluğu doldurmalıdırlar”. Beləliklə Türkiyə və Rusiya hərb müstəvəsində daha güclü tərəfdaşa çevriləcək. Bu, Azərbaycanın da maraq dairəsindədir. Çünki belə vəziyyətdə Qafqazda da geosiyasi durum daha sürətlə Azərbaycanın istədiyi məcrada gedəcək.

Nahid SALAYEV