Qərbin ikili standartlarına qarşı Ermənistanda da narazılıqlar başladı
Qərb ölkələrinin və bir çox beynəlxalq təşkilatların Ermənistanda baş verənlərə münasibətdə ikili standartlardan çıxış etməsi adıçəkilən ölkənin özündə də ciddi tənqid hədəfinə çevrilib. Guya insan hüquqlarının qorunması ilə məşğul olan, özlərini “azadlıq carçısı” adlandıran beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələri təbii qəbul edir. Bu isə, qeyd olunduğu kimi, Ermənistanda belə hiddətlə qarşılanır.
Parlamentin "Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan bu xüsusda maraqlı açıqlma verib: “Ermənistan Avropanın 3 müxalif deputatın qanunsuz həbsinə biganə qaldığı yeganə ölkəsidir, özü də parlamentin razılığı olmadan. Amma ABŞ səfiri, Avropa Birliyi ölkələrinin ölkəmizdəki diplomatları qətiyyətli sükutu saxlayırlar”. Vardevanyan ABŞ səfirinin 9 il öncə müxalif deputat Vardan Oskanyanın cinayət təqibi ilə bağlı çıxışını da yayıb və o vaxt bir deputatın “təqibindən” narahat olan səfirliyin 3 deputatın həbsinə səsini çıxarmamasının səbəbini soruşub: "ABŞ-ın Ermənistandakı səfiri 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın həmin vaxt cinayət təqibi haqqında danışırdı. Ölkənin daxili işi ifadəsi səfiri utandırmırdı”. Qeyd edək ki, ABŞ-ın bu ölkədəki səfiri Linn Treysinin qatı ermənipərəst mövqeyi və xüsusilə Nikol Paşinyan komandasını müdafiə etməsi müşahidəçilərin də diqqətini çəkir. Belə ki, Linn Treysi reallıq hissini itirdiyinə və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə heç cür barışa bilmədiyinə görə iddia edir ki, Qarabağ münaqişəsi həllini tapmayıb, status hələ müəyyən edilməyib, müharibənin nəticələri aradan qaldırılmayıb. O həmçinin qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirəcək. Təbi ki, yeni reallıqlar fonunda amerikalı diplomatın bu açıqlaması ənənəvi demaqogiyadan başqa bir şey deyil. Rəsmi Bakı öz mövqeyini hər dəfə qətiyyətlə ortaya qoysa da, Minsk Qrupunu israrla diriltməyə və ermənidən çox erməni olmağa çalışan ABŞ və Fransa yenə öz dediklərində qalırlar. Amma təbii ki, onların mövqeyi reallığa hansısa təsir etmir və ikili standartlardan başqa bir şey deyil.
Eynilə Ermənistanda mövcud vəziyyətə yanaşmada da ikili standartlar sərgilənir. Ermənistanda siyasilər etiraf edirlər ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməklə, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirir. O öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onlara hədə-qorxu gəlir. Düzdür, bəzilərinə qarşı haqlı olaraq belə addımlar atılır. Amma siyasi motivlərə görə həbsə atılanlar da az deyil. Paşinyanın bu “demokratik yanaşmasına” Qərbin seyrçi mövqeyi isə faşist ideologiyasına meylli baş nazirin əl-qolunu daha da açır. Fürsətdən istifadə edən baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etdirir, özünü xalqın təəssübkeşi kimi göstərərək, rəqiblərini sıradan çıxarır. Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda müşahidə olunan proseslərdən biri də bu ölkədə insan hüquqlarının, söz və fikir azadlığının qorunması sahəsində mövcud durumun gündən-günə pisləşməsi, demokratik dəyərlərin məhv edilməsidir. Artıq Ermənistanda belə bir fikir hökm sürür ki, ölkədə demokratiya dəyərləri də, iqtisadiyyatda olduğu kimi, böyük tənəzzül dövrünü yaşayır. Elə buna görə də Ermənistan beynəlxalq ictimaiyyət arasında artıq totalitarizmin təşəkkül tapdığı bir ölkə kimi xarakterizə olunur. Lakin bununla bağlı hansısa irad bildirilmir. Azərbaycan dövləti daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, demokratik prinsiplərə yanaşmada vahid mexanizm olmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Məsələ ondadır ki, Azərbaycanda ən kiçik olayı qabardan Qərb təsisatları Ermənistanda demokratik dəyərlərin kobud şəkildə pozulmasına göz yumur. Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib. Halbuki, demokratik dəyərlər kobud şəkildə pozulur, amma buna göz yumulur. Dünyanın Ermənistanda cərəyan edən proseslərə ikili yanaşması davamlılığı ilə diqqət çəkir. Qərbin ikili standartlarının ən bariz nümunəsi onun Ermənistanda keçirilmiş seçkilərə reaksiyasıdır. 2018-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra bunun yalan olduğu üzə çıxdı. Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Serjik Sarkisyanın törətdiyi saxtakarlıqar fonunda toxunub: “2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, - bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, - onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu? Sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi”.
Nahid SALAYEV