• 21 Noyabr, 2024
  • 13:36
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:36
    • 1.7
    • 32 c

ABŞ-ın ləng tərpənişi İranın nüvə silahı əldə etməsini sürətləndirir

Qərb dünyası, o cümlədən ABŞ İran nüvə proqramı ilə bağlı ziddiyyətləri diplomatik müstəvidə çözmək istəsə də, rəsmi Tehranın addımları buna imkan vermir. Əksinə, İran, belə görünür ki, nüvə silahı əldə etməkdə israrlı mövqe sərgiləyir. Hətta məşhur “The Economist” dərgisi yazır ki, İran zəncirvari reaksiyaya qabil nüvə materialının ehtiyatını artırır və indi atom bombası üçün lazım olan hədəfdən “bir tük” məsafəsindədir. 

Dərgi daha sonra yazır: “Keçmiş Fransa prezidenti Nikola Sarkozi, görünür, 2007-ci ildə İran barəsində sözün ən düzünü demişdi. O demişdi ki, İranla sərt nüvə diplomatiyası “İran bombası ilə İranı bombalamaq” arasındakı fəlakətli seçimdən yayınmağın ən yaxşı yoludur. Prezident Co Bayden bu seçimlə üzləşməmək üçün İranla 2015-ci il nüvə sazişini dirçəltməyə qərar verib, amma İran bu məqsədə çatılmasına heç də kömək etmir. Tehran Vyanada keçirilən nüvə danışıqlarının 6 dövrəsi ərzində amerikalı rəsmilərlə birbaşa danışmaqdan imtina edib. Danışıqlar İranda keçirilən prezident seçkisi ilə bağlı iyun ayından dayanıb. Bu seçkidə mühafizəkar İbrahim Rəisi qalib gəlib. İndi isə Tehran hələ nazirlərin və danışıqçıların təyin olunmasının başa çatmadığını bildirərək vaxtı uzadır. Tehran bildirir ki, danışıqlara noyabr ayında qayıdacaq. Bu müddət ərzində İran özünün nüvə proqramını daha da genişləndirib. İran oktyabrın 9-da 20 faizədək zənginləşdirilmiş uran ehtiyatının 120 kiloqrama çatdığını elan edib. Halbuki bu, BMT-nin ötən ay bəyan etdiyi 84 kiloqramdan xeyli çoxdur. BMT-nin silah müfəttişləri bildiriblər ki, Tehran nüvə silahının istehsalı üçün lazım olan 170 kiloqram hədəfinə yaxınlaşmaqdadır. İran, habelə, zəncirvari reaksiyaya qabil nüvə materialının və ya fisil materialının da ehtiyatını artırır və indi atom bombası üçün lazım olan hədəfdən “bir tük” məsafəsindədir. Tehran bütün bunlara daha çox və daha təkmil sentrifuqlardan istifadə etməklə nail olub”. “The Economist” yazır ki, başqa bir həyəcanı zənginləşdirilmiş uranın heksaflüorid qazının uran metalına çevrilməsi yaradır, çünki bundan əsasən atom bombasının istehsalında istifadə olunur: “Tehran Beynəlxalq Atom Enerjisi müfəttişlərinin İrandakı nüvə məntəqələrinə girişini əngəlləyir. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu analitik mərkəzindən Devid Olbraytın hesablamasına görə, İranın atom bombası hazırlaması üçün lazım olan vaxt artıq bir aya enib. Hərçənd, ABŞ rəsmiləri bunun bir neçə ay olduğunu deyir, amma bütün hallarda bu, 2015-ci ildə nüvə sazişi imzalanarkən mövcud olan 1 il məsafəsindən xeyli azdır. İranın nüvə başlığını raketə yerləşdirməsinə daha iki il lazım gələcək. Amerika rəsmiləri bildirir ki, İranla danışıqlarda irəliləyiş əldə olunmasa, Vaşinqton başqa variantlara baxacaq. Onlar bu variantların nədən ibarət olduğunu bildirmir.

İsrailin baş naziri Naftali Bennet daha açıq danışıb: “İranın nüvə proqramı kritik həddinə çatıb, elə bizim səbrimiz də”… İsrail İranın nüvə alimlərinə qarşı sui-qəsdlərdə və nüvə qurğularına qarşı təxribatlardakı rolunu o qədər də gizlətmir. İsrail hərbiyyəsinin başçısı Aviv Koçavi deyib: “İranın nüvə qabiliyyətini dağıtmaq əməliyyatları müxtəlif meydanlarda və istənilən vaxtlarda davam edəcək. İsrailin effektiv və vaxtında hərbi reaksiya üçün həmişə imkanı olacaq”.  İranın nüvə proqramı ilə bağlı böhran keçmiş prezident Donald Tramp ölkəsini 2015-ci ilin nüvə sazişindən çıxardığı ilk gündən başlanıb. Nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması qarşılığında onun üstündəki sanksiyaların qaldırılmasını nəzərdə tutur. Trampın İranın üzərinə yağdırdığı sanksiyalar İranı daha sərt şərtləri qəbul etməyə məcbur edə bilməyib. Bayden rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan sazişi dirçəltmək istədiyini bildirsə də, Trampın İrana qarşı sanksiyalarını qüvvədə saxlayıb. Vaşinqton beləliklə danışıqlarda İranın daha üzüyola olmasına çalışır. Lakin Straetji Tədqiqatlar İnstitutundan Mark Fitspatrik deyir ki, indi Tehran özünün nüvə proqramını sürətləndirməklə ABŞ-ın üzərinə təzyiqi artırıb. İranın nəzərində ABŞ etibarsız ölkədir. Nüvə sazişi çox qısa müddətdə qüvvədə olub və onun bəhrəsini əsasən şəhər yerlərində görüblər. Tehran bu qənaətdədir ki, Amerikanın sanksiya təzyiqlərinin ən çətin dövrünə sinə gərə bilib. İranın ÜDM-i 2018-ci ildə 6, 2019-cu ildə 7 faiz azalıb, milli valyuta çəkisinin 85 faizini itirib. Tramp administrasiyasının ümidlərinə rəğmən, Ruhani rejimi çökməyib. İndi İran mühafizəkarları özlərini “müqavimət” qəhrəmanı hesab edirlər. Ölkədə özəl şirkətlər müflis olsalar da, İslam İnqilab Keşikçiləri Korpusuna bağlı şirkətlər varlanıb. Bu şirkətlər müəyyən xeyriyyəçiliklə nüfuz qazanmağa çalışıblar. Amma ölkədə dəmir yumruq hakimiyyəti bərpa olunub. Təhlükəsizlik qüvvələri 2019-cu ilin etirazları zamanı yüzlərlə adamı güllələyib. İndi isə İranın iqtisadi vəziyyəti yaxşılaşmaqdadır. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İran ÜDM-i bu il 3 faiz artacaq. Həm də bu proqnoz neft qiymətlərinin hələ qalxmadığı vaxtlarda verilmişdi. Prezident Bayden isə İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini bəyan etmişdi. Digər tərəfdən İran bilir ki, o, Amerikanı müsəlman dünyasındakı “sonsuz müharibələrdən” çıxarmaq istəyir və İranla nüvə proqramına görə daha bir müharibə istəməyəcək. İran öz nüvə proqramının dinc olduğunda israr edir, lakin onu elə bir həddə çatdırmağa çalışır ki, lazım gəlsə qısa müddətdə nüvə silahı hazırlamaq qüdrəti olsun. Bu mənada, 2015-ci il sazişi lap əvvəldən problemin köklü həlli deyildi və İranı yalnız cilovlamağı nəzərdə tuturdu. Bayden administrasiyası mövcud sazişdən “daha uzunmüddətli və daha güclü” razılaşma əldə etmək istəyirdi. Amma indi İran, əksinə, yeni razılaşmadan özü üçün daha böyük güzəştlər gözləyir.

Hər iki tərəfin belə mövqeyi isə razılaşmanı mümkünsüz edir. Belə bir şəraitdə ən ağlabatan yol sazişin olduğu variantına qayıdışdır. Ekspertlər bildirirlər ki, hətta yüksək zənginlikli uranın İran ərazisindən çıxarılması da problemi həll etməyəcək. Tehran bu müddət ərzində əldə etdiyi texniki qabiliyyət və bilikləri özündə saxlayacaq və bu səbəbdən də İranı atom bombası istehsalından ayıran müddət bir daha heç vaxt bir il olmayacaq. Digər tərəfdən 2015-ci il nüvə sazişinin bəzi müddəaları İranın nüvə zənginləşdirilməsi proqramına 2025-ci ildən başlaya bilməsini nəzərdə turur. İran bilir ki, demokratlar Konqresi gələn il, Ağ Evi isə 2024-cü ildə itirə bilərlər. Bayden administrasiyası İranla hər hansı razılaşmanı Konqresin müzakirəsinə vermək niyyətində deyil. Əslində, sazişi imzalayan Barak Obama administrasiyası da elə belə etmişdi. Lakin Konqres, əksinə, bu sazişin onun divarları arasında müzakirə olunmasına çalışır. Bayden ümid edir ki, İranın nüvə təhlükəsini dərk edən bəzi opponentləri Tehranla razılaşmanı dəstəkləyəcək. Digər tərəfdən, razılaşma alınmasa, Ağ Evin ümidi Avropa müttəfiqlərinin İrana qarşı sanksiyaları dəstəkləyəcəyinədir. Amma bəziləri Amerikanın, belə görünür, hərbi yol da daxil, B planının olmamasından əsəbidir. İsrailin irəli sürdüyü ideyalardan biri də “minlərlə yara vurmaqla öldürmək” strategiyasıdır. Bu strategiya İrana qarşı kiçik hərbi və diplomatik addımların atılmasını, ona qısa və üstüörtülü hava zərbələrinin endirilməsini nəzərdə tutur”.

Nahid SALAYEV