• 21 Noyabr, 2024
  • 13:43
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:43
    • 1.7
    • 32 c

Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar

Oktyabrın 10-da Vətən müharibəsinin Şəhidi Vaqif Mərdanovun doğum günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Hövsan qəsəbəsində inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib.

Aria.Az xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd edib: “Düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur”.

Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Vaqif Mərdanovun Prezident İlham Əliyev tərəfindən verilmiş “Qubadlının azad olunmasına görə” medalını onun valideyninə təqdim edib.

Qeyd edək ki, inşa edilmiş bulağın ətrafı, eləcə də şəhidin ailə üzvlərinin yaşadığı və yaxınlıqdakı küçələrə asfalt örtüyü döşənib.

Vətən Müharibəsində döyüş yolu keçən Vaqif Mərdanov Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabr ayının 3-də Qubadlı istiqamətində gedən döyüşlər Vaqif Mərdanovun son döyüşü olur və o, arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlir.

Qeyd edək ki, Vaqif Mərdanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.