• 21 Noyabr, 2024
  • 13:58
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:58
    • 1.7
    • 32 c

Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Bu səfər həm qanunverici orqanlar arasında münasibətləri yenidən nəzərdən keçirməyə və prioritetləri dəyərləndirməyə, həm də Azərbaycanın mövqeyini Slovakiya ictimaiyyətinə çatdırmağa imkan verdi.

Ötən il Azərbaycanın möhtərəm Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı olub. Bu mərhələdə dövlətimizin qarşısında yeni vəzifələr dayanır. Təbii ki, bu hədəflərin reallaşdırılmasında Milli Məclisin də üzərinə mühüm vəzifələr düşür. Hazırda ölkəmizin parlament diplomatiyasının bütün imkanları məhz bu məqsədlərə yönəlib. 

Qeyd edim ki, ötən dövrdə Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətləri bir sıra xarici ölkələrdə səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak edib, milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstərib, ölkəmizin  bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi prioritet sahələrdən biri olub. Bu səfərlər parlament diplomatiyasının uğurla həyata keçirilməsinə imkan verir.

Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır

Altıncı çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində Milli Məclis Sədrinin başçılıq etdiyi nümayəndə heyətləri Türkiyədə (10-12 sentyabr 2020-ci il), Rusiya Federasiyasının Moskva şəhərində (21-23 sentyabr 2020-ci il), MDB PA-nın Şura, 52-ci Plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək məqsədilə Sankt-Peterburq şəhərində (14-16 aprel 2021-ci il), İtaliya Respublikasında (17-19 may 2021-ci il), Pakistan İslam Respublikasında (31 may – 4 iyun 2021-ci il), Macarıstanda (28 iyun – 1 iyul 2021-ci il), İran İslam Respublikasında (5-6 avqust 2021-ci il), Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək  üçün Avstriyada (5-9 sentyabr 2021-ci il), Qazaxıstan Respublikasında (27-29 sentyabr) rəsmi və işgüzar səfərlərdə olub. Bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılmış, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Düşünürəm ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin 7- 9 oktyabr tarixlərində Slovakiya Respublikasına rəsmi səfərini də məhz bu kontestdə dəyərləndirmək daha məqsədəuyğun olardı.

Azərbaycan Aİ-yə üzv ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. O cümlədən, Azərbaycan Aİ-yə üzv ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. Ona görə də düşünürəm ki, qarşılıqlı səfərlər və faydalı dialoq bu münasibətlərin inkişafına töfhə verir. Parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına əhəmiyyətli rol oynaya bilər. İnanıram ki, qanunverici orqanlar arasında münasibətlərin dərinləşməsi ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd edim ki, səfər çərçivəsində nümayəndə heyətimizin Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar, Slovakiya Respublikasının Xarici İşlər naziri İvan Korçok, habelə Slovakiya parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun üzvləri ilə məhsuldar görüşləri keçirildi, parlamentlərarası əlaqələrin, ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Qarabağ münaqişəsi artıq tarixə qovuşub!

Keçirilən bütün görüşlərdə Milli Məclisin sədri Sahibə xanım Qafarova Slovakiyalı həmkarlara Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında məlumat verdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu diqqətə çatdırdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa etdi. Spiker Sahibə Qafarovanın çıxışlarında bir mühüm tezis də qırmızı xətlə keçirdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub!

Zəngəzur dəhlizi həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına töhfə olacaq 

Bu səfərin əhəmiyyətini şərtləndirən digər mühüm məqam Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə obyektiv çatdırılmasından ibarətdir. Möhtərəm Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi dərinməzmunlu nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı mühüm tövsiyələrdən biri fəal parlament diplomatiyasının həyata keçirilməsi, ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında bu imkanlardan uğurla istifadə edilməsi olmuşdur. Milli Məclis sədrinin Slovakiyada, ondan əvvəl baş tutan digər səfərlərində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi ilə bağlı çağırışlar etməsi, israrla bu məsələni gündəmə gətirməsi də məhz ölkə həqiqətlərinin daha geniş müstəvidə tanıdılması ideyasına xidmət edir.

Milli Məclisin nümayəndə heyətinin Bratislavaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar zamanı Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün səsləndirilməsi də təqdirəlayiq bir addımdır. Spiker Sahibə Qafarova Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar, Slovakiya Respublikasının Xarici İşlər naziri İvan Korçokla görüşlərdə Azərbaycanın bu təşəbbüsünün həm regional miqyasda, həm də daha geniş coğrafiyada vəd etdiyi mühüm perspektivləri diqqətə çatdırıb.

Spiker cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirildiyini, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldığını xüsusi vurğulayaraq, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində yeni bir konsepsiya irəli sürdüyünü və ciddi iradə ortaya qoyduğunu ifadə edib. Bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi töhfə olacaq.

Azərbaycan qarşılıqlı maraqlara xidmət edən uğurlu əməkdaşlığa hər zaman hazırdır

Milli Məclisin sədri açıq şəkildə bəyan etdi ki, Azərbaycan hər zaman əməkdaşlığa açıq olan və əməkdaşlığı təşviq edən ölkədir. Azərbaycanın bugünədək irəli sürdüyü enerji, nəqliyyat və digər əməkdaşlıq platformaları bütün regionun inkişafına xidmət edib. Bu gün isə Vətən müharibəsindən sonra yeni reallıqlarda ölkəmiz əməkdaşlıq imkanlarından daha geniş yararlanmağı təklif edir. Azərbaycan bütün dövlətlərlə bir-birilərinin suveren hüquqlarına hörmətlə yanaşmaqla qarşılıqlı maraqlara xidmət edən uğurlu əməkdaşlığa hazırdır. Hesab edirəm ki, spiker Bratislavanın hakim siyasi dairələrinə bu mesajı çox aydın şəkildə çatdıra bildi. 

Beləliklə, sadalananlar fonunda düşünürəm ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri kifayət qədər uğurlu oldu. Bu səfər həm qanunverici orqanlar arasında münasibətləri yenidən nəzərdən keçirməyə və prioritetləri dəyərləndirməyə, həm də Azərbaycanın ədalətli mövqeyini Slovakiya ictimaiyyətinə çatdırmağa imkan verdi.

Anar Məmmədov

Milli Məclisin deputatı