• 21 Noyabr, 2024
  • 13:57
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:57
    • 1.7
    • 32 c

“Yuxarı Lars”da baş verənlər Ermənistanın xilasının Azərbaycanın əlində olduğunu bir daha təsdiqlədi

Cənubi Qafqazda kommunikasiya, eləcə də iqtisadi əlaqələrin bərpası ötən il baş verən 44 günlük Vətən müharibəsindən sonra prioritet məsələlər sırasında yer alır. Bu, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların da əsas tələblərindən biridir. Azərbaycan həmin bəyanatlara uyğun olaraq artıq kommunikasiya əlaqələrinin bərpasına xidmət edən mühüm addımlar atır. Horadiz-Ağbənd dəmir yolu,  Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun çəkilməsinə start verməklə regionda kommunikasiya əlaqələrinin yaradılmasında Azərbaycan artıq əməli fəaliyyətə keçdiyini göstərir.

Ölkəmizin bu istiqamətdə fəaliyyəti beynəlxalq miqyasda dəstəklənir. Xüsusən də Rusiya üçtərəfli bəyanatlara imza atan tərəflərdən biri kimi kommunikasiya əlaqələrinin bərpasında maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edib. Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk hesab edir ki, kommunikasiyaların bərpası bütün region, o cümlədən blokada şəraitində tənəzzülə uğramaqda olan Ermənistan üçün olduqca mühümdür. Hətta Overçukun fikrincə, Ermənistanın bu prosesdə fəal iştirakı perspektivdə İrəvana Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə məhsullarını Orta Asiya ölkələrinə və ya əksinə daşımaq imkanları verə bilər. Ermənistan üçün Azərbaycan vasitəsilə Rusiya, İran, Orta Asiya ölkələrinə çıxış olduqca vacibdir. Bu ölkənin dənizlərə birbaşa çıxışı yoxdur. Lakin Azərbaycan perspektivdə Ermənistana bunun üçün imkan yarada bilər. İranla da Ermənistanın mövcud sərhədi olduqca çətin relyefə malikdir. Burada istifadə edilən yollar da bərbad haldadır. Elə bu da  İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafını ciddi şəkildə əngəlləyir. Halbuki Ermənistan Azərbaycan üzərindən  İranla nəqliyyat əlaqələri yaradarsa, onda iqtisadiyyatında ciddi yüksəliş qeydə ala bilər. Rusiya ilə də etibarlı əlaqə üçün Ermənistanın Azərbaycana ehtiyacı böyükdür. Hazırda Ermənistan Rusiya ilə Gürcüstandan keçən “Yuxarı Lars” marşrutu vasitəsilə yükdaşımalar həyata keçirir. Lakin bu marşrut hava şəraitindən asılıdır və qış aylarında çox vaxt günlərlə bağlı olur. Yüklərin “Yuxarı Lars” vasitəsilə fasiləsiz daşınması həyata keçirilmədiyindən, Ermənistan iqtisadiyyatı bundan ciddi zərər görür. “Yuxarı Lars”a alternativ, fəaliyyəti isə təbii şərtlərdən asılı olmayan yeni keçid məntəqələrini bu gün yalnız Azərbaycan Ermənistana təqdim etmək iqtidarında olan yeganə dövlətdir. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına imkan yaratmağa hazır olduğunu dəfələrlə bildirib. Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsindən sonra Ermənistanın da buradan keçəcək dəmir yolu vasitəsilə İrana çıxış əldə edə biləcəyini bəyan edib.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Ermənistan Rusiya-Gürcüstan sərhədində yerləşən Ermənistan “Yuxarı Lars” keçid məntəqəsinə alternativ axtarır. Təbii şərtlərdən asılı olan bu keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistana yüklərin çatdırılmasına əksər hallarda ciddi problemlər yaşanır. Dağlıq relyef və nəqliyyat axınının çoxluğu “Yuxarı Lars” yolunu əlverişsiz edir, il boyu sürücülərin uzun tıxacına səbəb olur. Elə indi də analoji vəziyyət hökm sürür. Bunu “report” portalının “Yuxarı Lars”dan hazırladığı reportajdan da aydın görmək mümkündür.  Burada qeyd edilir ki, yük maşınlarının uzanan karvanlarını Tiflisin 25 kilometrliyindən başlayaraq Mtsxeta-Stepantsminda-Yuxarı Lars yolunun kənarında müşahidə etmək mümkündür. Hazırda Gürcüstan-Rusiya sərhədində yerləşən “Lars” gömrük-keçid məntəqəsində aparılan təmir-bərpa işləri isə vəziyyəti lap gərginləşdirir. Rusiya tərəfində aparılan yenidənqurma işləri Gürcüstandan daxil olan sərnişin və yük maşınlarının fasiləsiz qəbulunda ciddi ləngimələr yaradıb. Tiflisdən  “Lars” məntəqəsinə qədər olan ensiz yol hissəsi bu gün Gürcüstanı Rusiya ilə əlaqələndirən yeganə quru magistraldır. Bu marşrut coğrafi baxımdan mürəkkəb olmaqla yanaşı, payızdan yaz aylarına qədər güclü qar yağması və qar uçqunlarına görə keçilməz olur. Yayda isə böyük turist axınları və sel daşqınları yolda hərəkəti çətinləşdirir.

Həftələrlə Gürcüstandan Rusiyaya hərəkət edə bilməyən yük avtomobillərinin əksəriyyəti Ermənistana məxsusdur. Mtsxeta-Stepantsminda-Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur. Bu yol Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, onu Ermənistanın “həyat yolu” adlandırırlar. Bu ölkəyə daşınan tranzit malların 70 %-ə yaxını məhz Gürcüstan ərazisindən keçir. Yüklərin böyük hissəsini buğda və ərzaq məhsulları təşkil edir. Yük maşınlarının sürücüləri “Lars”a aparan yolun çətinliklərindən və yaranmış ucsuz-bucaqsız tıxacdan şikayətlənirlər. Onlardan biri Spartak Elizbaraşvili deyib ki, gömrük məntəqəsi avtomobilləri növbə ilə qəbul edir: “Burada durmuşuq və qarşıda baş verənlərdən məlumatımız yoxdur. Deyilənə görə, Rusiya tərəfdə gömrük işləmir. İstəyəndə açırlar, istəyəndə bağlayırlar. Buna görə də tıxaclar əmələ gəlir. Bütün trass yük maşınları ilə doludur. Burada artıq üçüncü sutkadır dayanmışıq. Gömrük məntəqəsinin nə vaxt açılacağını bizə demirlər”. Digər sürücü Tiqran Avetisyan artıq bir həftədir yolda dayandığını deyib: “Heç bir informasiya yoxdur, sadəcə dayanmışıq. Maşınların sayı çoxdur. Növbəmiz çatana qədər burada duracağıq. Rusiya tərəfi bizi buraxmır. Səbəbini bizə demirlər”.

Ermənistandan olan digər sürücü yol kənarında maşınlar üçün artıq yerin olmadığını bildirib: “Ermənistandan Rusiyaya gedən bütün maşınlar yollarda dayanıblar. Artıq 10 gündür dayanan avtomobillər var. Biz burada artıq bir həftədir gözləyirik”. Nəzərə alsaq ki, hələ oktyabrın əvvəlidir və hava şəraiti nisbətən əlverişlidir, növbəti aylarda sürücülərin çəkəcəyi məşəqqəti təsəvvür etmək çətin deyil. Bu hal bir daha Azərbaycan lideri İlham Əliyevin səsləndirdiyi “kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq” fikrinin Ermənistan üçün nə qədər həyati vacib olduğunun göstəricisidir. Bu reallığı artıq ermənilər özləri də mümkün qədər tez qəbul etməlidirlər.

Nahid SALAYEV