• 21 Noyabr, 2024
  • 14:16
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:16
    • 1.7
    • 32 c

Azərbaycan Ermənistanı sülhə gətirir...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşlə bağlı razılıq əldə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan deyib. O qeyd edib ki, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa, Qarabağ da diqqət mərkəzində olacaq.

 Ermənistanın baş naziri Nikol Paşinyan Litvaya səfəri zamanı Litvanın erməni icmasının nümayəndələri ilə görüşüb. Bundan əvvəl digər erməni rəsmiləri də Azərbaycanla təmaslara hazır olduqlarını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da sülh inkişafı erasını başlamağa ehtiyac gördüyünü qeyd edib. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu da bildirib. Azərbaycanın dövlət başçısı isə Ermənistan baş nazirinin sözlərini müsbət qiymətləndirərək, Ermənistan tərəfinin Azərbaycanın gündəmini qəbul etdiyini qeyd edib. Eyni zamanda məlumdur ki, ATƏT-in himayəsi altında olacaq danışıqlardan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında şəxsi görüş keçiriləcək. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Cənubi Qafqaz regionunda münaqişədən sonrakı yenidənqurma işlərini müzakirə ediblər. Daha bir maraqlı məsələ “3+3” formatı ilə bağlıdır. Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” formatının müzakirə edildiyini, İranın bu məsələyə pozitiv yanaşdığını bildirib. O deyib ki, bu mövzuda erməni həmkarları ilə iş aparılır. Eyni zamanda, qarşılıqlı əlaqələrdəki problemə baxmayaraq, Lavrov Gürcüstanın da bu mexanimzdə öz maraqlarını təmin edə biləcəyini qeyd edib. Hesab edilir ki, Ermənistanın “3+3” formatında iştirakı da sülh prosesini sürətləndirən məqam olacaq. Məsələ ilə bağlı Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov qeyd edir ki, öncə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa danışıqlar baş tutarsa, onların əvvəldən müəyyən hazırlıqları olacaq və demək ki, hansısa ilkin qərarlar qəbul ediləcək: “Azərbaycan və Ermənistan başçıları isə onları səsləndirəcəklər. Bütün bunlar o deməkdir ki, danışıqlar həqiqətən də gedir və onlar nəticə verməyə yaxındır. Bu, əlbəttə ki, hər kəs üçün çox yaxşı xəbərdir. Mənə elə gəlir ki, bu, 10 noyabr tarixli üçtərəfli bəyanatda səsləndirilən parametrlər üzrə irəliləyiş ola bilər. Söhbət nəqliyyat əlaqələrinin blokdan çıxarılması və humanitar problemlərin həllindən gedir. Nikol Paşinyanın Litvanın erməni icması ilə görüşdə “sülh inkişafı erasının” başlamasından danışması müsbət bir açıqlamadır. Mən hesab edirəm ki, Nikol Paşinyan həqiqətən də ötən ilin noyabrında Moskvada əldə edilmiş sülh sazişlərinin həyata keçirilməsinə yönəlib. Paşinyan Qarabağ iddialarından tamamilə imtina etməyə hazırdır. Amma bunun üçün ona vaxt lazımdır, çünki erməni ictimai rəyi bunun əleyhinə olacaq. Erməni cəmiyyəti və diaspora müharibədən sonra ərazilərin öz sahiblərinə geri qayıtmasını həzm etməlidir. Bundan sonra isə artıq kommunikasiyaların açılmasına və digər məsələlərə öyrəşməli olacaqlar”. Ekspertin sözlərinə əsasən, Nikol Paşinyan, əraziləri Azərbaycana “təslim etməyinə” baxmayaraq, Ermənistanda keçirilən iyun seçkilərində seçicilərdən böyük dəstək aldı: “Aydındır ki, torpaqlar Azərbaycan silahlı qüvvələrinin gücü sayəsində geri alındı. Buna rəğmən, Ermənistan ordusunun zəif olmasında Ermənistan baş nazirinin böyük ölçüdə günahı var. Təbii ki, Qarabağa olan iddialardan imtina edən N.Paşinyan şərtlər irəli sürməyə çalışacaq, ilk növbədə söhbət Qarabağ erməniləri üçün hansısa muxtariyyət elementindən gedir. Ancaq ümumilikdə, o, konstruktiv addımlara hazırdır. Ermənistanın baş naziri başa düşür ki, bütün Qarabağ Azərbaycandır. Bu qaçılmaz bir nəticədir və buna razılaşmaq məcburiyyətində qalacaq”. Ekspert burada ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu da bildirir: “Bəli, ancaq yalnız o deyil. Həmçinin Azərbaycan hakimiyyətinin Qarabağın bütün ərazisinə nəzarət etdiyini qəbul etməyi nəzərdə tuturam. Bunlar fərqli məsələlərdir. Ərazi bütövlüyünü tanımaq bir məsələdir, amma Qarabağdakı hər bir inzibati binanın üzərində Azərbaycan bayrağının dalğalanacağını tanımaq isə başqa bir şeydir. Ona görə mən demək istəyirəm ki, N.Paşinyan bu iki punktu qəbul etməyə hazırdır”. Bəs bu halda Ermənistandakı müxalifət vəziyyətə hansısa bir təsir edə bilərmi? Məsələn, Ermənistan hökumətinin sabiq nümayəndəsi, Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov gündəmdə heç bir sülh məsələsinin olmadığını deyərək, Türkiyə və Azərbaycanla bu məzmunlu danışıqlara qarşı çıxış edib. Məsələnin bu tərəfinə nəzər salan Markov qeyd edir: “Bəli, onlar sülhə doğru irəliləməyə aktiv şəkildə mane olurlar. N.Paşinyanın vəzifəsi vəziyyəti dəyişməkdir. Türkiyə və Azərbaycanla sülh gündəmini rədd etmək mövqeyinə sadiq qalanların məhz onun rəqibləri olması xarakterik məqamdır. Ermənistanı Azərbaycan və Türkiyə ilə sülhə aparan Nikol Paşinyan eyni zamanda öz rəqiblərini əzəcək”.

Bu arada isə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən sülhlə bağlı mühüm mesajlar verib: “Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir. Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”.

Nahid SALAYEV