ABŞ-dan İrana müharibə xəbərdarlığı...
Ermənistanla sıx işbirliyində olan cənub qonşumuz dünya üçün də təhdid mənbəyinə çevrilir. Söhbət İranın beynəlxalq konvensiyalara zidd olaraq nüvə silahına yiyələnmək niyyətindən gedir.
ABŞ Prezident Administrasiyasındakı mənbələrin yaydığı məlumata əsasən, İran nüvə proqramında əhəmiyyətli irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq ərəfəsindədir. Tehranın cəmi bir neçə aya atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edə biləcəyi də vurğulanıb. Mənbə qeyd edib: “Aydındır ki, bu olduqca narahatedici xəbərdir”. Bu vəziyyətdə “Reuters” agentliyi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Kulata arasındakı görüşün detallarını da açıqlayıb. ABŞ-ın rəsmi nümayəndəsi bildirib: “Vaşinqton nüvə silahı istehsal edən və sahibi olan başqa bir dövlətin yaranmasının qarşısını almaq üçün başqa üsullardan istifadə etməyə hazırdır. İran heç vaxt nüvə silahına sahib ola bilməz, bu vədimizə tam sadiqik”. Sallivan prezident Co Baydenin Tehrana xəbərdarlığını xatırladaraq deyib ki, danışıqlar iflasa uğrasa, Vaşinqton başqa variantlara da üz tuta bilər. İndilikdə o hesab edir ki, diplomatiya İranın nüvə proqramını cilovlamağın ən yaxşı yoludur.
Xatırladaq ki, 2015-ci ildə İranla dünya güclərinin imzaladığı sazişə görə, Tehran nüvə zənginləşdirilməsi poqramına limit qoymalı, bunun qarşılığında İranın üzərindəki beynəlxalq iqtisadi sanksiyalar qaldırılmalı idi. Lakin keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardıqdan sonra İran üzərinə sanksiyalar bərpa olunub. Hazırda ABŞ hökuməti bu razılaşmanın dirçəldilməsinə çalışır. İsrail isə bunun əleyhinədir. ABŞ ekspertləri bildirir ki, İran bu saziş imzalanarkən atom bombası yaratmaq üçün kifayət qədər zəngin uran istehsal etmək hədəfindən 12 ay aralı qaldı, lakin Trampın məlum addımından sonra indi bu müddət daha az olaraq dəyərləndirilir. Bu durumda Sallivan vurğulayır ki, Vaşinqton Tehranın nüvə silahı istehsalına çatmasının qarşısını almaq əzmindədir. Ağ Evin verdiyi bəyanatda isə bu xüsusda deyilir: “Cənab Sallivan izah edib ki, ABŞ administrasiyası bu məqsədə çatmaq üçün ən yaxşı yolun diplomatiya olduğuna inanır. Amma eyni zamanda, prezident aydın şəkildə bildirib ki, diplomatiya iflasa uğrasa, Birləşmiş Ştatlar başqa variantlara da üz tutmağa hazırdır”. Prezident Bayden İsrailin baş naziri Naftali Bennetlə avqust ayında görüşərkən buna bənzər mesaj vermişdi. “Reuters” agentliyi ekspertlərə istinadən yazır ki, Tehran vaxtı uzatmaqla və uranın zənginlik dərəcəsini artırmaqla danışıqlarda daha böyük güzəştlər əldə edəcəyini düşünür. Lakin bu halda ABŞ və İsrailin İrana hərbi zərbələr endirməsi də gözlənilən hal hesab edilir.
Bundan əvvəl də İsrailin müdafiə naziri Benni Qantz bəyan edib ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarına daha inamla hərəkət etməyə imkan yarada bilər. Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o güclü və qətiyyətli olarsa, Qərb təslim olacaq. Bundan başqa, İsrail İranın nüvə silahına malik olmasının qarşısının güc yolu ilə alınması variantının hələ də qüvvədə qaldığını bildirir: “İran imzaladığı müqavilələrə əməl etmir və buna görə də gələcəkdə hansısa razılaşmaya əməl edəcəyinə inanmaq üçün əsas yoxdur. Hərəkət etməyin vaxtıdır. Hələ də nüvə razılaşmasının tərəfləri olan ölkələri bu müqavilədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyə çağırıram”. Nazir qeyd edib ki, Rusiya və Çin də daxil olmaqla, bütün dünya güclərinin qlobal sabitliyi qorumaq üçün kampaniyaya qoşulma vaxtı çatıb. Müdafiə naziri rəsmi Tehranı İranın iqtisadi, siyasi və hərbi məqsədlərinə çatmasına kömək edən mütəşəkkil terrorçu ordularından istifadə etməkdə günahlandırıb. Qantzın sözlərinə görə, İranın mərkəzindəki Kaşan poliqonundakı baza Yəmən, İraq, Suriya və Livandan olan terrorçuları hazırlamaq və onlara İran istehsalı PUA-nın idarə olunmasını öyrətmək üçün istifadə olunur. İsrailin baş naziri Naftali Bennet İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. Belə hesab edilir ki, İran nüvə silahını hazırlamağa davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər.
İsraili narahat edən daha bir məqam İranın bu ölkədən olan iş adamlarına, onların biznes obyektlərinə hücumlar təşkil etməsidir. İsrail artıq İranı Kiprdə yaşayan israilli iş adamlarına sui-qəsd hazırlamaqda ittiham edib. İsrail mətbuatı Kipr mənbələrinə istinadən xəbər yayıb ki, israilli milyarder Teddi Saqiyə sui-qəsd edilib, lakin milyarder ölümdən son anda qurtula bilib. Qeyd edilir ki, İran Kiprdə yaşayan digər israilli iş adamlarına qarşı da terror aktı törətməyə cəhd göstərib. İsrail buna görə də İranın cavab verməli olacağənı bəyan edib.
Nahid SALAYEV