• 21 Noyabr, 2024
  • 13:58
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:58
    • 1.7
    • 32 c

Pakistan məhsulları Azərbaycan üzərindən dünya bazarlarına çıxmağa başlayır...

Ölkəmizin əsas müttəfiqləri sırasında yer alan Pakistan Azərbaycanla ən müxtəlif sahələrdə əməkdaşlığını inkişaf etdirməkdə maraqlı tərəf qismində çıxış edir. Elə Azərbaycan da ən müxtəlif sahələr üzrə Pakistanla qarşılıqlı əməkdaşlığını genişləndirir.

Bu vaxta qədər hərbi müstəvidə ölkələrimiz arasında sıx münasibətlər qurulub. Amma indi əsas prioritetlərdən biri iqtisadi sahədə də əməkadaşlığı dərinləşdirməkdir. Qeyd edilən müstəvidə də müvafiq addımlar atılır. Hətta bir müddət əvvəl iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılıb. Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət ortaqları ilə sıx əməkdaşlıq daxildir. İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq. Bununla yanaşı, tərəflər nəqliyyat-logistika sahəsində də sıx işbirliyi qurur. Belə ki, Pakistan ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib ki, bu məqsədlə “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə ABADA-da Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Assosiasiya rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qaydalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. “National Logistics Cell” logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək, çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan, bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığı qeyd olunub. Azərbaycana növbəti sınaq yükləri isə oktyabrın 6-da çatacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. Pakistanın “National Logistics Cell” logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib. ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq “National Logistics Cell” logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib. Pakistana məxsus yüklərin Azərbaycan daşıyıcıları vasitəsilə Avropaya daşınma imkanları da diqqət mərkəzindədir.

Pakistan nəzərə alır ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan əlverişli geostrateji mövqeyə və tranzit imkanlarına malikdir. Azərbaycanda müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılıb. Pakistanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə maraq göstərdiyi də məlumdur və Azərbaycan müttəfiqinin orada iştirakını təmin edə bilər. Bu dəhliz Pakistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirə bilər. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək. Bu prosesdə Pakistan da iştirak edə bilər. “Şimal-Cənub” nəqliyyat dəhlizi enerji cəhətdən məhdud olan Pakistan kimi, enerji istehsal edən ölkələrə və tranzit ölkərə də böyük fayda verəcək. Məlumdur ki, Pakistan Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır. Bunun üçün Mərkəzi Asiya dövlətlərindən neft və qaz Azərbaycan üzərindən keçməklə Pakistana çatdırıla bilər. Indilikdə Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz ixrac etmək üçün bütün imkanlara malikdir və qeyd edilən istiqamətdə artıq müəyyən addımlar da atılıb. Belə ki, SOCAR Pakistanda maye qaz və mayeləşdirilmiş neft qazı terminalının tikilməsində maraqlıdır. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilir. Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqların keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə də razılığa gəlinib. Bunlar fonunda qarşıdakı dövr ərzində Azərbaycandan Pakistana neft və neft məhsullarının göndərilməsi istiqamətində əməli addımlar atılması gözlənir. Tərəflər digər istiqamətlərdə də əməkdaşlıq etməyi düşünür. Məsələn, tekstil, kimya və digər məhsulları Pakistan Azərbaycanda istehsal etmək istəyində olduğunu bildirir. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Ölkə bu sahədə təcrübəsini Azərbaycanla da bölüşmək niyyətindədir. Bütün bunlar isə qarşıdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir. Pakistanın “Şimal-Cənub” dəhlizinə qoşulması bu prosesdə yeni üstünlüklər yarada bilər. Nəzərə alınmalıdır ki, “Şimal-Cənub” dəhlizi quru və dəniz yolu ilə çox multimodal nəqliyyat şəbəkəsidir. Bu şəbəkə Hind okeanını Fars körfəzi, Xəzər dənizini və Rusiyanı, Şimali Avropa ilə birləşdirəcək. Bu da Pakistana həmin dəhlizdən istifadə zamanı yeni üstünlüklər verəcək.

Nahid SALAYEV