• 21 Noyabr, 2024
  • 13:37
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:37
    • 1.7
    • 32 c

İran müsəlman qardaşlığını Ermənistana qurban verir – bu gedişlə Səddam Hüseynin səhvini təkrarlaya bilərmi...

Azərbaycana münasibətdə İranın heç vaxt səmimi olmadığı, müsəlman qardaşlığından uzaq bir siyasət yürütdüyü heç kimə sirr deyil. 44 günlük müharibədə ölkəmizin qazandığı qələbə fonunda İranın bu siyasəti özünü daha qabarıq büruzə verir. Buni İran rəsmilərinin son açıqlamaları da təsdiq edir.  Məsələn, İranın Ali dini lideri, əslən Azərbaycan türkü olan Seyid Əli Xamneyi baş verənlərlə bağlı qeyd edir: “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə baş verən hadisələr xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər. Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən tezliklə bunun üçün tərs bir sillə alacağını bilsin”.

Ayətullah Xamneyinin çıxışlarından dərhal sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan daha açıq mətnlə ölkəmizi hədələyib: “Geosiyasi məsələlərə ciddi şəkildə həssas yanaşırıq və Azərbaycan tərəfinə açıq bildirmişik ki, sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”. Onun sözlərinə görə, bu əməllərin arxasında sionistlər dayanır və İran tərəfi çalışır ki, Bakı bu tələyə düşməsin: “İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik. Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi, İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla Azərbaycan hakimiyyətinə elan etdik”. Bununla yanaşı, nazir Tehranın narazılığının əsl səbəbini açıqlayıb: “İranin Ermənistana və Dağlıq Qarabağa yanacag tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdir”. Beləliklə, rəsmi Tehran özünün xarici işlər nazirinin dili ilə bəyan edir ki, İran Qarabağdakı separatçı ermənilərə yanacaq tədarük edir. Amma iranlı nazir bununla da kifayətlənmir və qeyd edir: “Biz Azərbaycan Respublikasındakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq”.  Bununla İran açıq şəkildə göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatlar tam riyakarlıqdır. Eyni zamanda, Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyini əsirgəməyən İran hökuməti, Azərbaycanın ərazi bütövlüyünü pozaraq qanunsuz yolla Qarabağa naməlum yüklər daşımasına rəğmən, bölgədə gərginliyin yaranmasında Azərbaycanı günahkar sayır. Məhz bu fonda Ermənistan İrana daha yaxın olduğunu, ondan böyük dəstək aldığını etiraf edir. Ermənistanın baş naziri  Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə bu xüsusda bildirir: "Ermənistan heç vaxt İrana qarşı sui-qəsddə iştirak etməyib və heç vaxt iştirak etməyəcək. Üstəlik, Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir".  Paşinyan İranın maraqlarının Ermənistan üçün çox əziz olduğunu və rəsmi İrəvanın İranın maraqlarına heç vaxt xəyanət etməyəcəyini də bəyan edib. O, rəsmi Tehranın bunu yaxşı bildiyinə əminliyini ifadə edib: "Əminəm ki, iranlı həmkarlarımız bunu bilir. Ermənistan heç vaxt İrana qarşı sui-qəsddə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim üçün "həyat yolu" olduğunu heç vaxt unutmayacağıq". O qeyd edib ki, ikitərəfli münasibətlərin əsasını, digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan İranın yeni prezidenti Rəisi ilə iki görüş keçirdiyini vurğulayıb. Ermənistan hökumətinin başçısı hesab edir ki, bu fakt Tehranla münasibətlərin İrəvan üçün nə qədər önəmli olduğunu göstərir. Paşinyan onu da vurğulayıb ki, hazırda Ermənistan-İran iqtisadi əlaqələri sanksiyalar üzündən tam həcmdə inkişaf edə bilmir: "Lakin Ermənistanın İranla böyük layihələri var. İran prezidenti ilə görüşdə bu layihələrin həyata keçirilməsini sürətləndirməyi təklif etmişəm". Söhbət İran şirkəti ilə birlikdə İslam Respublikasına üçüncü elektrik ötürmə xəttinin inşasının sürətləndirilməsindən, həmçinin "elektrik enerjisi qarşılığında qaz" iqtisadi formulasının tətbiqindən gedir. Paşinyan qeyd edib ki, İranın ali rəhbərliyi ilə görüşlərdə Mehri su anbarı və hidroelektrik stansiyasının tikilməsi layıhəsinə qayıtmaqı təklif edirdi. O qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə birgə enerji idarəçiliyi baxımından deyil, həm də su qaynaqları baxımından son dərəcə əhəmiyyətlidir.

Beləliklə, İran kimi tərəfində olduğunu açıq göstərir. Bəs bundan sonra proseslər hansı istiqamətdə inkişaf edəcək? Bu mövzuya toxunan Səudiyyə Ərəbistanından olan tanınmış yazar Tarik əl-Homayedin “Şarkul Avsat” nəşrində dərc edilən məqaləsində qeyd edir ki, İran təxminən 700 kilometrlik sərhədi olan şimal qonşusu Azərbaycanla münasibətlərində hiss olunacaq dərəcədə gərginlik yaşayır: "Səbəbi nədir, hər halda deyə bilərik ki, Azərbaycan tərəfi Qarabağa qanunsuz şəkildə soxulmağa çalışan İranın neft daşıyan tanker-avtomobillərinə rüsum tətbiq edəndən sonra iki ölkə arasında xoşagəlməz meyllər ortaya çıxıb. İrandan Ermənistana daxil olan yolun bir qismi Azərbaycan torpaqlarından keçir. Azərbaycanla Ermənistan arasında baş vermiş məlum müharibədən sonra məhz TIR-ların qısa və rahatlığını nəzərə alaraq istifadə etdiyi yolun keçdiyi qəsəbə və ətraf ərazilər Azərbaycanın nəzarətinə verildi. Azərbaycan tərəfinin İran TIR-larından öz ərazilərinə daxil olduqları üçün rüsum alması iki ölkə arasında müharibənin başlamasına səbəb verə və yaxud da İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsinə zərurət yarada bilərmi? Bircə cavabı var: yox! İranın narahatlığını artıran məsələ, rəsmi Tehranın öz təbirincə desək, İsrail, Azərbaycan və Türkiyənin bölgənin geopolitik düzənini dəyişdirməyə istiqamətlənmiş addımlar atmasıdır. Burada hekayənin can alıcı nöqtəsinə gəlirik: Tehran İraq-İran və Əfqanıstan-İran sərhədlərini yönləndirən ABŞ-ın çəmbərində yaşadığı 20 illik sərhəd narahatlığını alovlandıracaq yeni sərhəd hekayəsini yaşamaq istəmir. İran, əvvəllər də olduğu kimi, öz torpaqlarından kənarda oynamaqdadır. Əldə etdiyim məlumata əsasən, rəsmi Tehran bu gün Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasından olduqca narahatdır. Pakistan-“Taliban” yaxınlaşması məsələsində də ciddi əndişələri var. İş bunla bitmir – İran həm də İsrailin bəzi Körfəz ölkələri ilə diplomatik müstəvidə yaxınlaşmasından narahatdır. İsrail xarici işlər nazirinin Bəhreynə səfərinə İranın göstərdiyi sərt reaksiya da bunun bariz nümunəsidir. İranla Azərbaycan arasındakı iplərin gərilməsinin əsas hekayəsi və hərbi əməliyyat dili ilə danışması Tehranın alov alan sərhədlərinin təhlükəsini bir neçə istiqamətdən hiss etməyə başladığını göstərir. Ona görə də bu gün İran silahlı qruplar və agentlər vasitəsilə sərhədlərində oynanılan uzunmüddətli bir oyunun ardından narahatlığını aradan qaldırmaq istəyir. Amma yaxşı, İran medianın eyham vurduğu və ya xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın təhdid etdiyi kimi Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırırmı? Abdullahiyan Azərbaycan Prezidentinin açıqlamalarına cavab olaraq “təəccübedici və üzücü olduğunu”, ölkəsinin İsrailin milli təhlükəsizliyinə qarşı hərəkət etməsinə və hər hansı fəaliyyətlər yürütməsinə icazə verməyəcəyini, hətta lazım olarsa, bu müstəvidə əməli addımlar atacağını demişdi. İran bəlkə də bu addımları atmaqla əhalinin diqqətini ölkəni bürüyən sosial böhrandan yayındırmağa çalışır. Amma Azərbaycana hücum edərsə, çox güman ki, vaxtilə Səddam Hüseynin Küveytə girməklə etdiyi strateji səhvi təkrarlayar. Bax, o zaman İran heç şübhəsiz, sadəcə sərhəd məsələsində deyil, bir neçə istiqamətdə tələyə düşəcək. Bu halda İran kəskin və ciddi oxların hədəfi olacaq”.

Nahid SALAYEV