Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi” salınacaq
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
Ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.
Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun aparılan qiymətləndirmə işləri yekunlaşdırılaraq araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
İşğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Qarabağ Dirçəliş Fondu” arasında işğaldan azad olunmş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə Fondun nümayəndəsi tərəfindən qrup üzvlərinə məlumat verilib. Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir. Həmçinin digər dövlət, özəl təşkilatlar, eyni zamanda diaspora və cəmiyyətin müxtəlif nümayəndələri də bu Memoranduma qoşularaq ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə dəstək olmağa dəvət edilir.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.