• 21 Noyabr, 2024
  • 13:58
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:58
    • 1.7
    • 32 c

"Demokratiyanın gətirdiyi xaos"-  TƏHLİL

  ABŞ və Qərb dövlətləri tərəfindən qurulan "saatlı bomba" işə salındı.

Artıq bir neçə gündür Əfqanıstanda davam edən proseslər artıq "məntiqi" sonluğuna yaxınlaşır. Bu məntiqi sonluq özlüyündə nə qədər absurd və məntiqsiz görünsə də artıq geridönüşü olmayan bir prosesdir. Umumilikdə az qala yarım əsri əhatə edən və bir dövləti ümumilikdə demək olar ki, məhv edən qarşıdurmalar, əslində böyük dövlətlərin eksperimentlər məkanı olmaqla bərabər əfqan cəmiyyətinin faciəsidir. 70-dən artıq müxtəlif dil və mənsubiyyətləri birləşdirən bu dövlətin varlığı artıq sual altındadır. Böyük güclərin müharibə təcrübəsi apardığı bu coğrafiya 100 minlərlə insanın qətli, dövlət, iqtisadi və sosial infrastrukturun məhvi, terror ixrac edən bir toplumun yaranması ilə nəticələnib. Dünyaya "demokratiya" ixracı adı altında bütün dünya miqyasında geosiyasi işğalla məşgul olan ABŞ-ın nəticədə sonu görünməyən bir xaotik vəziyyət yaratması bu dövləti "saatlı bomba" halına gətirib. Ümumilikdə məlum 11 sentyabr terrorundan sonra dünya miqyasında dəyişən geosiyasi vəziyyət demək olar ki, bütün coğrafiyalarda hələ ki, həlli görünməyən xaotik vəziyyət yaratmaqla bərabər, ABŞ tərəfindən demokratik təsisatların yaradılması bəhanəsi ilə sonu görünməyən müharibə və daxili münaqişələrin alovlandırılması ilə nəticələnib. İraq, Əfqanıstan, Suriya, Liviya və digər dövlətlərdə yaradılmış süni müharibə və xaotik vəziyyət buna əyani misaldır. Lakin Əfqanıstan üzərində aparılan oyunlar fərqliliyi ilə səciyyələnir. İlk növbədə qeyd etməliyik ki, keçən əsrdə ABŞ-la rəqabət halında olan dünyanın ən böyük dövləti olan SSRİ -nin süqut səbəblərindən biri, daha doğrusu bəlkədə birincisi, onsuzda can çəkişən bir imperiyanın süqutunu tezləşdirən Əfqanıstana müdaxilə və səbəbsiz yerə iqtisadi imkanları tükədən müharibə oldu.

2001-ci il 11 sentyabrda ABŞ-da baş verən məlum terror hadisəsindən sonra, baş verən geosiyasi və iqtisadi dəyişiliklər Əfqanıstanda onsuzda heç vaxt bərqərar olmayan daxili vəziyyəti daha da mürəkkəbləşdirdi. NATO-nun terrorla mübarizə adı altında bu dövlətə hərbi təcavüzü nəticəsində burada onsuzda heç vaxt olmayan sülh mühitinin üstündən xətt çəkilmiş oldu. Qeyri-rəsmi mənbələrdə Əfqanıstanda qanunsuz narkotranzit şəbəkəsinə məhsul istehsalı üçün böyük bir plasdarm və münbit mühitin olması bu təcavüzün görünməyən üzüdür. Lakin dəyişməyən bir fakt odur ki, onsuzda ciddi sosial və insani fəlakətin yaşandığı bu bölgə daim çalxalanır və üfüqdə sülh görünmür. ABŞ tərəfindən SSRİ-i, daha sonra Rusiyaya qarşı bəslənən Taliban gücləri , sonradan üzdə görünsədə ABŞ-ın öz başağrısına çevrilmiş oldu. Niyə "üzdə" deyimini istifadə etdiyimizi bir neçə fikirlə izah etsək ortaya çıxan mənzərə fərqli olacaq.

1. Taliban ABŞ xüsusi xidmətlərinin yaratdığı, dünya və əfqan cəmiyyətinə sırıdığı bir təşkilatdır.

2. SSRİ-nin süqutuna qədər dost olduğu  Taliban hərəkatı, siyasi prespektiv üçün çox qısa müddətdə - cəmi 11 il sonra düşmən obrazına salınaraq ölkəyə hərbi təcavüzün əsas səbəbi kimi göstərildi.

3. Yeni geosiyasi və iqtisadi dəyişiliklərin anonsu kimi görünməsinə baxmayaraq Əfqanıstan yenidən Talibana hədiyyə verildi.

Gördüyümüz bu səbəbləri saysız hesabsız uzatmaq olar. Lakin axırıncı qeyd etdiyimiz bənddə olan "yeni geosiyasi və iqtisadi dəyişiliklərin anonsu" fikri  xüsusi bir izaha ehtiyac yaradır. 

Dünyada hökm sürən iqtisadi böhranın səbəblərinin heç kimə sirr olmadığı aydındır. Məhz Rusiyanı iqtisadi cəhətdən sıxışdırmaq və blokadaya almaq cəhdləri Qərbin yaratdığı bu iqtisadi xaosun özəyini təşkil edir. Lakin bütün iqtisadi və siyasi təsir imkanları Rusiyanı blokadaya salmış olsada, onun çöküşünə səbəbiyyət vermir. Burada rus təbii ehtiyatları və despotik idarəetmə də müəyyən qədər təzyiq imkanlarını zəiflədir. Eyni zamanda Rusiyanın getdikcə daha çox müstəqil siyasət yürüdən Türkiyə ilə yaratmış olduğu yaxınlıq, Qərb dövlətlərinin Rusiyaya endirdiyi zərbəni az da olsa neytrallaşdırır. Xüsusən Rusiyaya qarşı müxtəlif iqtisadi və siyasi spekulyasiyalar edən ABŞ və Qərb dövlətləri digər bir gücün formalaşdığını - Çinin iqtisadi və geosiyasi yüksəlişini əngəlləyə bilməyəcək dərəcədə diqqətsiz yanaşaraq qiymətləndirə bilməyib. Nəticədə mübarizə aparılan bir dövlət əvəzinə artıq 2 dövlət var və bu hər mənada Qərbi qıcıqlandırır. Qərbin Ukraynada apardığı uğursuz siyasi manipulyasiyaların nəticəsi olaraq Ukrayna ərazilərinin bir hissəsini itirmiş oldu. Eyni zamanda dünya miqyasında düşünülmüş və ya təbii formada yayılmasından asılı olmayaraq koronavirus pandemiyası daha da xaotik bir vəziyyətin yaranmasına səbəbiyyət vermiş oldu. Burda incə bir məsələyə də toxunmaq lazımdır ki, 30 ildən artıq davam edən və 44 günlük Azərbaycan-Ermənistan arasındakı Qarabağ müharibəsi və öz ərazilərini işğaldan azad edən Azərbaycanın qələbəsi ilə nəticələndi. Rusiyanın bilavasitə təsiri ilə bağlanan 3 tərəfli bəyənnamədən sonra Qərb Qafqaz regionunda onsuzda zəif olan bütün dayaqlarını itirmiş oldu. Gürcüstan hələki qapalı siyasət yürütməyə məcburdur və Rusiya ilə münaqişə vəziyyətində olsada qlobal siyasətdə dəyişiklik yaradacaq gücdə deyil. Azərbaycan-Türkiyə, Rusiya-Ermənistan müttəfiqliyi birmənalı olaraq Qərbin təsir imkanlarını bloklayir. İranla vəziyyət isə tam aydın olduğu üçün konkret demək olar ki, Qafqaz regionu qapılarını Qərbin yersiz və "demokratik" ideyaları altında gizlənmiş geosiyasi hiylə məqsəd və maraqlarına bağlayıb. Belə olan halda dünyanın geosiyasi və iqtisadi balansını tam olaraq öz xeyirlərinə dəyişmək məqsədi ilə ABŞ və Qərb heç kimin gözləmədiyi bir addıma əl atdı.ABŞ tərəfindən Əfqanıstandan çəkilmə qərarı verilən kimi Talibanın aktivləşməsi bir daha göstərmiş oldu ki,  artıq dünya yaxın gələcəkdə yeni reallıqlarla qarşılaşmalı olacaq. Əfqanıstanın yerləşdiyi coğrafi məkana diqqət etmiş olsaq görərik ki, bir tərəf KTMT sərhədləri-yəni Rusiyanın birbaşa təsir dairəsi olan Mərkəzi Asiya ölkələri, diğər tərəfdən iqtisadi və hərbi potensialı durmadan artan Çin, eyni zamanda dünyada  kifayət qədər nüfuzu olan Pakistan, o cümlədən, həmişə ABŞ və Qərbə qarşı barışmaz mövqe sərgiləyən İran əsas məqsədlərdir. Qısa izahat vermiş olsaq, bir güllə ilə 4 "hədəf"vurulmuş olur. Göründüyü kimi Talibanın maneəsiz irəliləməsi, ölkə lideri Əşrəf Qəninin ölkəni tez-tələsik tərk etməsi, dünyada harda olmasından asılı olmayaraq heç nəyi unutmayan ABŞ hərbi qüvvələrinin Talibana 1 milyard dollar dəyərində hərbi sursat və texnikasını hədiyyə kimi qoyub çıxması, dünənə kimi mağaralara sıxışıb gün üzünə çıxa bilməyən Taliban qüvvələrinin ildırım sürəti ilə bütün Əfqanıstanda hakimiyyətlərini təmin etməsi yaxın geosiyasi təqvimdə çox böyük dəyişiliklərin olacağını təxmin etməyə imkan verir. Əfqanıstanla həmsərhəd və ya yaxın yerləşən dövlətlərin isə sadəcə ABŞ və Qərbin heç bir formada həzm edə bilmədiyi rəqiblər olduğunu nəzərə alsaq planın nə qədər məkrli olduğunu və sərrastlığını görə bilərik. Amma son nəticədə əziyyət çəkən Əfqan xalqı və qonşu dövlətlərin olacağı şübhəsizdir. ABŞ və Qərb dövlətlərinin geosiyasi və iqtisadi sferada olan rəqiblərini neytrallaşdırmaq üçün qurduğu "saatlı bomba" isə artıq işə salınıb. Nəzərə alsaq ki, Əfqanıstanla həmsərhəd olan əsas dövlətlələrin üçü-Rusiya,Çin və Pakistan nüvə dövlətidir, İran isə nüvə silahını hazırlamağa çox yaxındır, o zaman bu süni yaradılan xaotik durumun hansı nəticələr doğuracağı o qədərdə qaranlıq qalmır. Bütün bu ehtimal və reallıqlarda isə yeganə əziyyət çəkən Əfqan xalqıdır və xalq olaraq ABŞ və digər güc mərkəzlərinin acımasızca qurduqları oyun və aparılan geosiyasi təcrübələrin məzlum qurbanlarıdır.

NAHİD SALAYEV