Koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq - Azərbaycan Prezidenti
"Ona görə indi ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Ona görə indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bu, araşdırılır, səbəbi nədir? Əsas səbəb insanlar və rəhbər orqanlar tərəfindən vaxtında tədbirlərin görülməməsidir. Harada ki, vaxtında tədbirlər görülür, harada ki, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil".
- Aria.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.
- Dövlət başçısı deyib: "Bir daha demək istəyirəm ki, biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Virus qeyb olmayıb, burada dolaşır və dolaşacaq. Bunu həkimlər, mütəxəssislər çox yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da bunu bilsinlər. Maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.
- Əlbəttə, vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun müddət bundan sonra bu, bir növ yeni reallıqdır və biz bu reallıqla barışmalıyıq, istəsək də, istəməsək də. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. İndi bilirsiniz, biz bəzən özümüzü bir neçə ölkə ilə müqayisə edirik, deyirik, - bəli, mən də bu gün bunu deyirəm, - həqiqətdir ki, bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət, nizam-intizam yüksək səviyyədə olan ölkələrdə insanlar məsafə saxlayırlar. Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində.
- Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyir. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin".