Maşın oğruları tutuldu
Abşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.
- Aria.Az DİN-ə istinadən xəbər verir ki, qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonu ərazisində olduğu müəyyən edilib. Əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar.
- Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçün qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
- Saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.