“Buna görə koronavirusun dünyada yaratdığı dəhşətləri kənardan izləyirik”
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.
- Aria.Az Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.
- Qazaxıstan Respublikasının Qərbi Qazaxıstan vilayətinin yerli qanunverici orqanının deputatı Ənvər Ağayev yazır: “Möhtərəm cənab Prezident, hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq. Türkdilli dövlətlərin liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Biz inanırıq ki, Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətin günlərdən də uğurla çıxacaq. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik. Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin gücü sayəsində gözə görünən və görünməyən bütün düşmənlərimizə hər zaman qalib gələcəyimizə öz varlığımız qədər inanırıq”.
- Hacıqabul rayonunun sakini Azər Əhmədli: “Hörmətli cənab Prezident, pandemiya qlobal bir problemdir, bütün dünya ölkələri bu problemi yaşayır, o cümlədən də bizim ölkəmiz bu bəla ilə qarşı-qarşıyadır. Ancaq Sizin ölkəmizin inkişafı naminə apardığınız misilsiz siyasətinizin nəticəsidir ki, qabaqlayıcı tədbirlər vaxtında görüldüyü üçün Azərbaycanda bu virusa yoluxanların sayı gündən-günə azalmaqdadır. Mən Qarabağ müharibəsi veteranının oğlu olaraq hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, göstərdiyiniz diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də dövlətimizin qayğısı ilə əhatə olunan vətəndaşlar sırasındayam və işsiz olduğum üçün 190 manat məbləğində birdəfəlik ödəmə aldım. Buna görə Sizə minnətdaram. Allah Sizi qorusun!”.
- Sumqayıt şəhərindən Əməkdar müəllim Qətibə Əsədova: “Möhtərəm cənab Prezident, mən 70 yaşlı bir ana kimi Sizə və ailənizin hər bir üzvünə dərin sevgi və hörmətimi bildirmək istəyirəm. Bu il əmək fəaliyyətimi dayandırmışam. Buna baxmayaraq, Sizin və Mehriban xanımın istər işləyən vətəndaşlara, istərsə də təqaüddə olan yaşlılara diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən çox irəli gedərək, bu amansız pandemiyaya qarşı layiqli mübarizə apardı. Allaha şükürlər olsun ki, ölkəmiz Sizin sayənizdə bu bəladan az itkilərlə qurtulmaqdadır. Cənab Prezident, onu da bildirmək istərdim ki, Sizin xalqa, Vətənə olan sevginizin qarşılığı ümumxalq məhəbbətidir. Azərbaycanımız naminə gördüyünüz hər bir işə görə Sizə çox minnətdarıq. Allah Sizi qorusun!”.
- Mingəçevir şəhərindən müəllim Mənsur Həsənov: “Möhtərəm cənab Prezidentimiz, dünyamız çətin sınaq qarşısında ikən xalqımızı bu bəladan hifz etmək üçün gördüyünuz tədbirlər və ard-arda verdiyiniz mühüm fərman və sərəncamlarınıza görə bir vətəndaş olaraq Sizə dərin təşəkkürümüzü bildirirəm. Cənab Prezident, xalqımız dünyanı bürüyən ağır pandemiya dövründə “Biz birlikdə güclüyük!" çağırışınız ətrafında sıx birləşdi. Bu gün əminliklə deyə bilərəm ki, görülən təxirəsalınmaz tədbirlər sayəsində pandemiyaya qarşı mübarizə öz səmərəsini göstərməkdədir. Təbii ki, bu, hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün gördüyünüz tədbirlər bir daha sayənizdə Azərbaycanın nə qədər qüdrətli bir ölkə olduğunu hər bir kəsə və təbii ki, bütün dünyaya göstərdi. Bir müəllim kimi çalışdığım Mingəçevir şəhər 20 saylı tam orta məktəbin kollektivi adından Sizə və köməyini xalqımızdan heç zaman əsirgəməyən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Var olun!. Əmin olun ki, bu xalq hər zaman Sizinlə birlikdə güclü olacaqdır. Allah Sizi qorusun!”.
- Goranboy rayonunun Qarqucaq kəndindən Alik Quliyev: “Çox hörmətli cənab Prezident, mən dəniz neftçiləri və Goranboy sakinləri adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Son dövrlərdə Azərbaycanda sürətli inkişafın, neft və qeyri-neft sektorlarında ciddi irəliləyişin olduğu hamıya bəllidir. Bu inkişaf Sizin apardığınız siyasətin nəticəsidir. Biz goranboylular Sizin dəstəyinizi və qayğınızı hər zaman hiss edirik. Ölkəmizdə bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, məhkəmə, hüquq, təhsil və səhiyyə sahələrində aparılan islahatlar bunun bariz nümunəsidir. Sizin dediyiniz kimi, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdı. Bu gün güclü dövlət olmağımızın əsl səbəbi Sizsiniz, cənab Prezident! Goranboyda və ətraf rayonlarda da inkişafın şahidi oluruq. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də öz növbəmdə çətin neftçi peşəsini layiqincə yerinə yetirməyə çalışıram. Hazırda COVID-19 pandemiyasi ilə üz-üzəyik. Amma Sizin verdiyiniz qərarlar, atdığınız addımlar sübut edir ki, hər bir azərbaycanlı üçün ən doğru addım evdə qalmaq, öz sağlamlığını qorumaqdır”.
- Qax rayonunun Əmircan kəndinin sakini Əli Seyidəliyev: “Hörmətli cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu müddət ərzində sosial işçi layihəsinin tətbiq edilməsi və mənim kimi minlərlə vətəndaşın işlə təmin olunması bizə göstərdiyiniz qayğının və diqqətin təcəssümüdür. Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.
- Oğuz rayonunun Ərmənət kəndinin sakini Nəriman Ramazanovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Ali Baş Komandan, Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Bunun sayəsində biz bu gün rahat yaşayır, koronavirusun dünyada yaratdığı dəhşətləri kənardan izləyirik. Bu qayğınıza görə Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Siz dövlətimizin başında olduğunuz müddətdə Azərbaycan var olacaqdır. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.
- Biləsuvar rayonunun sakini Sevinc Qədirova: “Möhtərəm Prezident, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının törətdiyi fəsadların qarşısının alınması üçün həyata keçirdiyiniz işləri hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə aztəminatlı ailələrlə bağlı proqramların icrasına başlanıldı. Dünya ölkələri arasında müqayisədə ölkəmizdə vəziyyət elə də acınacaqlı deyil. Bu da Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində mümkün oldu. Biz inanırıq ki, gözəl və firavan həyatımız tezliklə yenidən öz axarı ilə davam edəcək. Biz Sizinlə - cənab Prezidentimizlə fəxr edirik”.
- Salyan rayonunun sakini Şəbnəm Kərimli: “Möhtərəm cənab Prezident, Sizin müdrikliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanımızı pandemiyadan da ən yüksək səviyyədə qorudu. COVID-19 infeksiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz təxirəsalınmaz tədbirlərə, bu virusun gələcəyimizi əlimizdən almasına mane olduğunuza və ən əsası, xalqın təkcə Prezidenti deyil, həm də qəhrəmanı olduğunuza görə bir gənc kimi Sizə minnətdarlığım sonsuzdur. Uca Tanrı Sizi və ailənizi qorusun!”.
- Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Süleyman İsmayılov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Möhtərəm Prezidentimiz, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan edilməmişdən əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir. Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayırıq. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliklə bağlı müsbət dinamika müşahidə olunur, sağalaraq evlərinə qayıdan xəstələrin sayı hər gün artır. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızı müsbət əhval-ruhiyyə və mənəvi güc ilə yaşayır”.