• 21 Noyabr, 2024
  • 13:44
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:44
    • 1.7
    • 32 c

Çernobıl əlillərinin sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır - Nazirlik

Azərbaycanda digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların da sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır.

  • Aria.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb. 
  • Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər  “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar  və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup  üzrə müəyyən ediliblər.
  • Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat,  2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.
  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat,  2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat)  də verilir. 
  • Bununla yanaşı, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan  I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir. 
  • Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslərin, habelə bu kateqoriyadan olmuş və vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət verilir.
  • Bundan əlavə, həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir. 
  • Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatı da həyata keçirilib.
  • Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.