• 21 Noyabr, 2024
  • 14:15
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:15
    • 1.7
    • 32 c

Əhdə vəfa - HEKAYƏ

  • Mən "Qalaltı" sanatoriyasına müalicə məqsədilə gəlmişdim. Ordakı mineral müalicəvi suyla bağlı eşitdiklərimin həqiqət olub-olmadığını da yoxlayacaqdım. Neçə il idi ki, Yesentukiyə Truskovesə gedirdim, yüngülləşsəm də müalicənin elə bir xeyrini görmürdüm. Balkonda oturub ətrafı seyr edirdim. Aşağıdan adamların ikibir-üçbir gəzişdiyini görüb içimdən keçdi ki, düşüm aşağı...
  • Birinci mərtəbənin foyesində oturan adamlara ötəri nəzər salıb həyətə çıxırdım ki, arxadan kimsə səslədi, çevrildim, orta yaşlı bir qadın idi. Tanıya bilməsəm də o, üstümə elə mehribanlıqla gəldi ki, gülümsəməkdən savayı çarəm qalmadı...
  • - Məni tanıdınız? Deyəsən tanıdız, - gülümsər gözlərindəki doğmalıq hissi dilimi-ağzımı bağladı. Baxışlarımdakı suallardan hiss etdi ki, tanımamışam. Məyus bir halda üzümə baxdı:
  • - Hə, tanımadınız, hiss edirəm. İncimirəm də, gör neçə il keçib, Qərənfiləm də. Bir qrupda oxumuşuq, Keçi Qərənfil.
  • "Keçi Qərənfil", Allah, o necə də dəyişilib! Qərənfildən əsər-əlamət yox idi. Nə o gözlər, nə o görkəm... Həyat insanı necə də dəyişərmiş. Amma yox, Keçi Qərənfillə bağlı o qədər gözəl xatirələrimiz vardı ki…
  •   İndi qarşımda dayanıb, illər keçəndən sonra mən "Keçi Qərənfiləm" deyən bu orta yaşlı qadına inanmağım gəlməsə də, artıq o danışdıqca yəqin edirdim ki, yox yanılmışam, bu doğrudan odur.
  • Beş il BDU-da bir fakültədə oxumuşduq. Açığı o qədər dərs oxumağı sevməsə də, amma gözəl, məlahətli səsi vardı. Oxuduğu mahnılardakı həzinlik könül oxşayırdı. Həmişə ondan xahiş edərdik ki, "Qara tellər"i oxusun, oxuyanda da dırmaşardı stullardan birinə:
  • - Boyum balacadır, hamınızı burdan yaxşı görəcəyəm, - deyirdi. Dəftərlərdən birini götürüb dürmələyərdi, alardı əlinə - bu da mikrafonum. Səs salmayın, oxuyuram.
  • Ona "Keçi Qərənfil" ləqəbini, dil müəllimimiz Aslan vermişdi. Bir dəfə auditoriyaya qəfildən girib onu stolun üstünə çıxmış görüb: "Keçi kimi ora niyə dırmaşmısan, yer sənə bəs eləmir?" demişdi. O vaxtdan Qərənfilin adı "Keçi Qərənfil" qalmışdı. Paralel qrupda da bir Qərənfil adlı qız vardı, dəyişik düşəndə "keçi" ləqəbini adının yanına qoşurduq.
  • Mən onun əlindən tutub buraxmırdım. Xəyalım uzaqlara getmişdi, tələbəlik illərinə. Qrupumuzda Cəfər adlı oğlan vardı. Qərənfil onu sevmədi, Cəfər ondan ötrü dəli-divanə idi. Bunu hamımız bilirdik, məktəbi qurtardıq, ayrıldıq, illər elə çovğunlu, elə qasırğalı, fırtınalı gəlib keçdi ki, unutduq hamımız o illərin şahidləri olan tələbə dostlarımızı. Qərənfillə üç il bir skamyada oturmuşuq. Sonra o Ceyran adlı həmkəndlisi ilə arxa stolda oturdu. Mən mühazirələri yazanda mane olurdu. Qrupda əksəriyyət uşaqlar mənim mühazirəmi köçürürdülər, Qərənfil də onlardan biri idi:
  • - Sənə mane olmamaq üçün arxaya keçmişəm. Sən olmasan hamımız batarıq, sən yaz, biz səndən köçürərik.
  • Mühazirə dəftərləri olmadan müəllimlərdən qiymət almaq zülm idi. Ona görə də, hər kəs çalışırdı ki, müəllimin söylədiyi mühazirələri köçürmək də olsa əllərində olsun.
  • Qərənfil istədiyi vaxt gəlirdi, dəftərlərimi götürürdü, aparıb köçürürdü, gətirib yerinə qoyurdu. Hamımız onu sevirdik. Bütün günü zümzüməsi dodaqlarının, dişlərinin arasında sıxıla-sıxıla qalan Qərənfil yataqxanada yığırdı hamımızı başına, çıxırdı hündür bir yerə -  stol, stul bilməzdi:
  • - Hündürdə olanda səsim daha yaxşı çıxır, - deyirdi.
  • Razıydıq hara çıxır çıxsın, hara dırmaşır dırmaşsın təki oxusun. "Leyli və Məcnun" operasını əzbər bilirdi. Ərəbzənginin mahnısını elə oxuyurdu ki, elə bil Xalq artisti Gülxar Həsənovaydı...
  • Son ilimiz Azadlıq meydanında keçdi. Koroğlunun "Cəngi"si onun ifasında qulağımdan getmir. Qərənfildə zəriflikdən əsər-əlamət yox idi. Biz kobud, keçi kimi ora-bura dırmaşan, ancaq könül oxşayan səsiylə qəlbimizə, ruhumuza təsir edən Qərənfili çox istəyirdik...
  • Mən fikirlər içində ona baxırdım.
  • - Deyəsən, yavaş-yavaş yadına düşürəm.
  • - Özü də necə.
  • Gözləri işıqlandı.
  • - Doğrudan?
  •       Mən onun əlindən tutub birlikdə həyətə çıxdım.
  • - Haralardasan? Səni o qədər də arzulamamışam  görməyi  desəm, yalan olar, - utana-utana üzümə baxdı.
  • - Niyə? - təəccübləndim, - Neyləmişəm sənə?
  • - Danlayacaqdın məni, qorxdum, ən çox da səndən qorxdum, həmişə məni danlayırdın ki, belə oxumaqla səndən heç nə çıxmayacaq, - sözünə ara verdi, - çıxmadı da...
  • - Biz oxuyub neylədik ki, - deyib əlimi yellədim.
  • Qərənfil dayandı, həyəcanla:
  • - Yox, yox, sən belə demə, kim desə də, sən demə. Sənin çəkdiyin o zəhmətin, yuxusuz gecələrin, əlaçı olmağın… yox, yox, bunlar zay olub gedə bilməzdi, - dedi.
  • Mən onun özünü unudub, məni düşünməyinə gülümsədim.
  • - Uşaqlardan kimi görürsən, kiminlə əlaqən var?
  • - Heç kimlə, o həmkəndlim Hicran da Lənkərana ərə getdi. Dədəsi-nənəsi öləndən sonra deyirlər heç ildə bir dəfə atası evinə gəlmir. Bəs sən?
  • - Mən, gördüklərim var, soraqları qulağıma çatanlar az deyil.
  • - İşləyirsən? Yəqin institutda dərs deyərsən, müdafiə etməmiş olmazsan. Sən alim idin, vallah, alim idin.
  • - Sən də xalq artistiydin. Yadından çıxıb?
  • - Gözəl yaddaşın var. Yox, unutmamışam, o illərin şirin xatirələrini heç birimiz unuda bilmərik. Yəqin ailəlisən.
  • - Ailəliyəm, iki oğlum var, bəs sənin?
  • Qərənfil birdən-birə tutuldu. Mən bunu hiss etdim və verdiyim sualın cavabını gözləmədən ikinci sualımı verdim.
  • - Müalicəyə gəlmisən, yoxsa istirahətə?
  • Qərənfil yenə tutuldu, ay Allah, bunun nə dərdi var? -  nigarançılıqla üzünə baxdım.
  • - Elə istirahət kimi bir şeydir, - dedi.
  • Biz həyətdəki hovuza doğru gedən pilləkənləri enə-enə keçmiş günləri yada salaraq danışıb-gülürdük. Birdən Qərənfil qəfil çevrilib arxaya baxdı.
  • - Ağzım söhbətə qızışıb, bu saat məni axtaracaqlar, - dedi, - qayıdım, hələ burdasan?
  • - Təzə gəlmişəm, bu gün.
  • - Nə yaxşı... Biz də hələlik dörd-beş gün burdayıq. Görüşərik, - deyib boynumu qucaqladı, sonra tələm-tələsik geri döndü...
  • Mən bir müddət onun arxasınca baxdım. Qərənfilin qəfil geri dönməsindən belə düşündüm ki, yəqin fikir verməmişəm, həyat yoldaşı da onunla olub, xasiyyəti bəlkə də ağırdır… Bu fikirlərlə bir az gəzib dolaşdım, ötən günləri xatırladım, tələbə yoldaşlarımı bir-bir yadıma salmağa çalışdım ki, bir də Qərənfil kimi hansısa qarşıma çıxanda mat-mat üzünə baxmayım...
  • Nahar yeməyi zamanı onu görmədim. Gözüm çox axtardı, fikirləşdim, yəqin ac olmayıb ki, yeməyə gəlməyib. Şam yeməyi zamanı oğlumla birlikdə yeməkxanaya girəndə gözüm yenə onu axtardı, görmədim. Yeməkxanada xarici vətəndaşlar da vardı, ərəblər də çox idi. Türklər də vardı... Mən əvvəlcə oturmaq üçün yer tapdım. Murad telefonunu stolun üstünə qoyub, özünə yemək gətirmək üçün getdi. İkimizin də yeməkləri eyni oldu. Mən stolun arxasına keçib Muradın mənim üçün də gətirəcəyi yeməyi gözləyirdim. Ətrafa baxdım. Gözümə dəymədi Qərənfil. Şüşəli restoranın o üzündə qoyulmuş stolun arxasında Qərənfilə oxşar bir sifət görüb yerimdən qalxdım, ora keçdim. Səhv etməmişdim. Qərənfil idi. Ağ qofta, qara çiçəkli ətəkdə üzü qarşıdakı adamlara sarı oturub yanında oturan altı-yeddi yaşlı bir oğlan uşağını yedizdirirdi. Başı ona bərk qarışmışdı. Onunla stolun arxasında oturan qadınla kişinin danışığından hiss etdim ki, türkdülər. "Bunun bu türklərlə nə işi?". Sonra özümü danladım: "Necə yəni nə işi. İndi elə azərbaycanlı tapılarmı ki, Türkiyə ilə, türklərlə əlaqəsi olmasın". Sakitcə onlardan aralandım, Murad yeməyimi gətirmişdi.
  • Şam yeməyindən sonra Muradla həyətə düşdük. Ana-bala həyətdə gəzişirdik. Mən ətrafa baxırdım, içimdən gələn maraq Qərənfilə sarı çəkirdi məni...
  • Muradla otelə qayıdanda saat on idi. Evlə, nəvələrimlə danışıb yerimə girəndə Murad hamamda idi.
  • Səhər yeməkxanada gözüm yenə onu gəzdi, qapıdan çıxanda girişdə qarşılaşdıq, o həmin oğlanın əlindən tutub arxada, qabaqda isə o iki türk cütlük restorana girəndə Qərənfilə yaxınlaşdım. Məni görüb sevindi:
  • - Necəsən? Hardasan? Niyə görünmürsən? - deyə sualı-sual üstündən yağdırdım.
  • Qərənfilin bir gözü qarşıda bizdən uzaqlaşmaqda olan türklərdə ola-ola:
  • - Gəlib səni tapacam, nömrənizi öyrənmişəm, - deyib, onun əlini buraxıb qaçan uşağın arxasınca götürüldü. Təəccüb içində qalmışdım...
  • Günorta isti olduğundan oteldən çıxmadım. Biz az görüləsi işlərim vardı, Murad yox idi, tək idim, qapı döyüləndə qalxıb açdım. Qərənfili görüb sevindim, içəri dəvət etdim. Qərənfilin qara gözlərindəki yorğunluğu duydum, duyduqlarımı gizlətmədim:
  • - Bu türk qonaqların səni əldən salıb deyəsən.
  • Qərənfil sakitcə içəri keçib divanda
  •  oturdu. Mən də onunla yanaşı oturdum.
  • - Çoxdan gəliblər bunlar?
  • - Kimi deyirsən?
  • - Bu qonaqlarını deyirəm...
  • Qərənfil dərindən köksünü ötürdü.
  • - Onlar mənim qonağım deyil, mən onların evinin qulluqçusuyam.
  • - Nə? - birtəhər oldum. - Onlar Azərbaycanda yaşayır?
  • - Yox.
  • - Qərənfil, illər aramıza düşə bilər, könüllərimiz birdir. Səni tanıyıram, Qərənfil, sənin Türkiyədə nə işin var? Sən ali təhsilli adam, bu qulluqçu nə deməkdir?
  • - Uzun hekayədir, - dedi və səsindəki pərtlik içimə od saldı.
  • - Sənin atan vardı, yadımdadır, o vaxt rəhmətə getmişdi, anan, qardaşın vardı.
  • - Anam ölüb, öldü canı qurtardı, qardaşımın öz evi-eşiyi... - Səsi qırıldı.
  • - O uşaq kimdir?
  • - Nəvəm.
  • - Nə?
  • - Əslində belədir, amma mənim deyil.
  •  Mən onun əllərindən tutub özümə sarı çəkdim.
  • - Çoxdan ordasan?
  • - İyirmi beş ildir.
  • - Orda yaşayırsan? Türkiyədə?
  • - Demək olar ki...
  • - Hə, sən axı içində söz saxlayan deyildin, danış, səni hansı rüzgar aparıb Türkiyəyə atıb axı?
  • Qərənfil daş kimi donuq nəzərlərlə qarşı divardakı bir dəstə bənövşə şəkli olan tabloya baxa-baxa gecdən-gec dilləndi:
  • - Sənə demədimmi ki, o diplomun, o
  •  beş ilin zəhmətinin bəhrəsini görmədim...
  • Qərənfilin xəyalı uzaqlarda idi...
  • O, universiteti qurtarıb doğma kəndlərinə qayıdır. Həmin vaxt Qarabağ və ətraf rayonlarda erməni-Azərbaycan müharibəsi nəticəsində ev-eşiklərindən didərgin düşən Qərənfilgilin ailəsi Artyomda bir bağçada məskunlaşır. Ziba xala qaçqınlıqdan dörd ay sonra rəhmətə gedir. Qərənfil qardaşının ailəsi ilə qalır.
  • Məktəbdə iş tapa bilməyən Qərənfil qardaşıyla birlikdə bir türkün açdığı tikiş sexində işləməli olurlar. Ali uzun illər idi ki, bu sexin İstanbuldakı mərkəzinin rəhbəri idi. Bakıda açdığı kişi kostyumları tikən sexdə işləyən Qərənfildən xoşu gəlir, onun cəldliyi, tərbiyəsi qızı özünə cəlb edir. Ali on ildən çox imiş ki, ailəli olsa da övladı olmurmuş. Bir müddət sonra Qərənfilin qardaşını burda sexdə nəzarətçi qoyub onunla daha da yaxınlaşır. Arada olan səmimiyyətdən istifadə edib qəlbindəkiləri açır, Qərənfil qardaşının da razılığı ilə kəbinlə Aliyə ərə gedir. Bir neçə aydan sonra Qərənfili də götürüb İstanbula gedir. Burada Qərənfil Alinin onu bu evə günü gətirdiyini görüb dəli olur, geri qayıtmaq istəsə də, imkan vermirlər. Ali onu əmin edir ki, birlikdə Bakıya dönəcəklər, bir az işlərini burda qaydaya salsın, sonra. Qərənfil Alinin xasiyyətini bildiyindən onunla razılaşır. Hamilə qaldığını biləndə Alinin arvadı da ona qarşı mehribanlaşır. Qərənfil bu qadının halına acıyır və onunla münasibətləri yoluna qoyur. Qərənfil əkiz uşaq doğulacağını bildirəndə Ali ondan daha çox sevinir.
  • Uşaqlar doğulana kimi gəlin, qayınana, baldız ona qarşı çox mehriban rəftar edirlər. Qərənfil uşaqları xəstəxanada dünyaya gətirir. Onlar xəstəxanadan çıxandan sonra ərinin birinci arvadı uşaqları özü böyüdəcəyini bildirəndə Qərənfil təəccüb içində qalır:
  •  
  • - Nəyə görə mənim uşaqlarımı sən böyüdürsən ki?
  • - Alinin qanunu arvadı mənəm, sən günümsən.
  • Ali işdən gələn kimi Qərənfil cumur üstünə.
  • - Demişdin işlərimi qaydaya salan kimi Bakıya dönəcəyəm.
  • - Demişdim, amma alınmır, gedə bilmirik.
  • - Ali, arvadın mənə deyir uşaqları mən böyüdəcəyəm.
  • Ali ilə Qərənfil arasında gərginlik yaranır. Ali geri dönməyəcəyini ona bildirəndə Qərənfil tələb edir ki, onu Bakıya yola salsın.
  • - Bir şərtlə!
  • - Nə şərt?
  • - Sən gedəcəksən, uşaqları Ayişəyə verəcəyəm.
  • - Bunu görə bilməyəcəksən ,- deyir.
  • Alinin ailəsinə, birinci arvadına bağlılığını görən Qərənfil yollar axtarır ki, uşaqlarını da götürüb Türkiyədən çıxsın. Bunu bilən Ali İstanbulda evlərini sataraq ailəsini də götürüb İzmirə köçür. İzmirə gələndən sonra gizlin yolla uşaqların anası kimi Ayişənin adını yazdırır. Məsələdən xəbərdar olanda Qərənfilin səsi kimsəyə çatmır. Ali onun Azərbaycan səfirliyinə gedəcəyini biləndə, xəbərdar edir ki, sakit oturmasa onu yox edəcək.
  • - Gündə burda yüzü ölür, sən də onlardan biri olacaqsan, başın bədəninə ağırlıq etməsin, ya otur Ayişə ilə balalarını böyüt, ya da başın sağ olmayacaq.
  • Qərənfil illərlə göz yaşı içində dərdini qardaşına gizlin yolla çatdırsa da, ona xəbər göndərir ki, otur evində, ərin nə deyir, ona qulaq as. Hər yandan əli üzülən Qərənfil oğlanlarının iyirmi yaşı tamam olanda məsələni gizlincə onlara açır. Uşaqlar buna inanmır. Belə olanda Qərənfil onların saçından götürüb öz saçıyla birlikdə DNT analizinə verir. Məsələnin həqiqət olduğunu görən iki qardaş bu vaxta qədər anası ilə qulluqçu kimi rəftar edən atasından, analığından imtina edib Amerikaya gedirlər. Sənədsiz, pasportsuz Qərənfilin naləsi ərşə qalxır. Hirslənən Ali onu ölümcül döyür. Oğlanlarını mirasdan məhrum edir. Bu arada Ayişə vəfat edir. Ali başqa arvad alır, ondan Qərənfilin dünən gördüyü uşaq doğulur. Alinin təkidi ilə o uşağa da Qərənfil nökərçilik edir. İllərdən sonra Bakıya gələn Qərənfil buraya uşağı özü gətirib.
  • - Hara aparırlar dərdinə çarə tapılmır. Böyrəkləri uşaqlıqdan xəstədir. Dedim, bizdə belə bir yer var. Ali əlaqə saxladı, dediyimə inandı. Gətirdik bura. Mənə kimsəylə əlaqə saxlamağı qadağan edib. Səninlə danışdığımı da görəndə aldatdım ki, suyla bağlı söhbət edirdik.
  • Qərənfilin başına gələn bu hadisələri eşitdikcə bütün bədənim əsirdi.
  • - Səni belə həyat yaşamağa məcbur ed
  • ən nədir?
  • - Neyləyim? Kimim var?
  • - Qardaşın, qohum-əqrəban.
  • - Qardaşım o ağır günlərimdə mənə yiyəlik eləmədi. Ölərəm orda, Alinin təpiyi altında, getmərəm onun yanına. Qohum-əqrəba da qaçqın-köçkün, hərə bir yanda. Kim hardadır, heç yerini də bilmirəm.
  • - Qərənfil, qayıt vətəninə, uşaqların səni gəlib burda görərlər.
  • - Onlar oxuyublar, orda özlərinə yeni həyat qururlar. Onlar Türkiyə vətəndaşıdırlar, Azərbaycana aid olduqlarıyla bağlı heç bir sənəd yoxdur. Mən canlı şahidəm. Mən də beş gün, on gün, dizimi yerə qoyan vaxta az qalıb…
  • Qərənfilə çırtma vursaydım qanı çıxardı.
  • - Ayişə nədən öldü?
  • - Murdarlığından, balalarımı köksümə sıxmağa qoymadı, onları əlimdən aldı, gəncliyimi məhv etdi. Uşaqlar Amerikaya gedəndən sonra Alini tovlayıb onları hər şeydən məhrum etdi ki, məcbur olub geri dönsünlər. Ayişə balalarıma əlini öpdürdü hər gün, onlara istədiklərini geyinməyə, könülcə yaşamağa imkan vermirdi. Balalarım ondan mənə giley edirdilər. Mən həqiqəti açıb onlara söyləsəm də, peşmançılıq da çəkirəm, onların bütün uşaqlıq illərinin üstündən xətt çəkdim, bunu özümə bağışlaya bilmirəm.
  • - Amma əsl həqiqəti bilmək o uşaqların haqqı idi.
  • - Onlar bu dünyada ancaq həqiqəti qazandılar, başqa heç nə. Mən balalarımın haqqını əlindən alıb verdim bu uşağa, mən necə anayam, - Qərənfil hönkürdü.
  • Mən onun başını sinəmə sıxdım, ancaq təskinlik verməyə söz tapmırdım. Özüm də ona qoşulub ağladım.
  • Qərənfil mənim ağlamağıma dözmədi.
  • - Sən Allah, sən ağlama. Qoy dərdimi özüm çəkim.
  • - Getmə onlarla geriyə, Türkiyəyə, sən nökər deyilsən.
  • - Ali harda olsam tapıb məni öldürtdürər.
  • - Sənin gözünü belə qorxudub.
  • - Mən onu tanıyıram. O, PKK-çıların nüfuzlu kürdlərindəndir.
  • - Kürddür əsli?
  • - Hə.
  • - Heyif səndən, Qərənfil! Mən səni qoçaq bilirdim. Ay qız, kürd olmur, lap belə ingilis olsun. Sənə neyləyəcək ki?
  • - O məni sevir, çox sevir. Ayişə olmasaydı biz başqa cür həyat yaşaya bilərdik, o qoymadı, o imkan vermədi, axırı da belə oldu...
  • - Özün-özünü aldatma. Ali səni ürəkdən sevsəydi heç vaxt belə olmazdı, ikinci dəfə evlənməzdi...
  • - Sən onların qayda-qanunlarını, adət-ənənələrini bilmirsən... - Qərənfil başını bulayıb yerindən qalxdı. - Gedim, axtararlar məni.
  • Mən onu yola salanda qapıda boynumu qucaqladı:
  • - Nə yaxşı səninlə görüşdüm, gənclik xatirələrimi yenidən özümlə aparıram.
  • - Qayıt gəl, vətənə.
  • - İmkan olanda.
  • - O imkan indi əlinə düşüb, gəlmisən, getmə!
  • - Yox, gedim, gələcəm, Alini də bir gün Ayişə ilə birlikdə basdırıb qəbirlərinə tüpürüb gələcəm. Söz verirəm. İnşallah, Allah, bu səadəti mənə nəsib edəcək...
  • Onu yola salıb qapını ötdüm. Sinəmdən elə bil daş asılmışdı.
  • İki gün ötəri də olsa Qərənfili gördüm, yaxınlaşmadım, içim parçalandı.
  • Şənbə günü idi. Səhər yerimdən qalxıb eyvandan həyətə baxırdım, təcili yardım maşınını otelin qarşısında gördüm, içəri keçdim.
  • Yemək üçün aşağı düşəndə qonşu stolun yanına yığışıb söhbət edən iki qadınla bir kişinin söhbətindən diksindim: "Uşaq gecə pisləşib. Həkim-zad gəldi, halı yaxşı deyildi. O türk də həkimə çığırırdı ki, uşağımı qurtarın, bədbəxt ürəyini tutdu, yıxıldı, heç nə edə bilmədi həkimlər, apardılar Bakıya".
  • Mən cəld onlara yaxınlaşdım.
  • - Bəs o qadınlar, uşaq necə oldu?
  • - Hamısı təcili yardıma oturdu, getdi.
  • Mən cəld yeməkxanadan çıxıb özümü aşağı yetirdim. Restoran xidmətçisinin məlumatına əsasən xəstəni "Medluks" klinikasına aparmışdılar. Orada Alinin qohumu olan türk həkimin nəzarəti altında ora göndərilib.
  • Yeməkxanaya girdim, ayaqüstü bir stəkan kofe içib, otağa qayıtdım, təcili çantamı yığış-dırdım, maşın tutub özümü Bakıya çatdırdım, birbaş xəstəxanaya getdim. Ali komada idi, hələ ayılmamışdı. Qərənfil qapıda iki qat oturmuşdu. Məni görüb boynuma sarıldı, ağladı:
  • - Qarğışım keçdi ona, vallah, qarğışım keçdi. Sənin yanından gəldim, qapıda durmuşdu, cumdu üstümə, təpik, sillə, mənə əxlaqsız dedi, harda sülənirdin dedi. Arvadı birtəhər əlindən aldı. Gecə uşaq pisləşdi, qarğıdım ona, elə qarğıdım ki... Axırı da bu...
  • - Həkimlər nə deyir?
  • - Gözləyək.
  • Mən onunla bir az da oturub, ünvanımı, telefon nömrəmi ona verdim.
  • - Ona bir şey olsa geri dönmə!
  • - Mənim pasportumda türk vətəndaşıyam. Keçmişim üçün əlimdə sənəd yoxdur.
  • - Sənədin mənəm, hər şeyi yoluna qoyacağam. Sən mənə inan!
  • Ondan ayrılanda uşaq kimi ağladı. Ona təskinlik verib yenə gələcəyimi vəd etdim. Klinika-dan çıxdım.
  • O biri gün xəstəxanaya getdim. Qərənfil Alinin meyidini İzmirə aparmışdı. Mənə mesaj yazmışdı ki, sənə dediyimi etməliyəm, onu Ayişənin yanında basdırıb vətənə qayıdacam...

  • Salatın Əhmədli