ANAMIN YUXUSU - HEKAYƏ
Bir-birindən xəbərsiz dünyadan köçmüş anam Güləbatın və qardaşım Yunisin əziz xatirəsinə
- Hamı kimi mən də dünyaya göz açanda ilk dəfə anamın isti qucağını, onun şirin sözlərini duymuşam. Mənim üçün dünyanın ən şirin kəlməsi də "Ana" kəlməsi olub. Uşaqlıq illərimdə anamın dilindən eşitdiyim laylalar, bayatılar, oxşamalar bu gün də qulağımdadır. Onun başımı sığallaması heç vaxt yadımdan çıxmır. Ana qucağından pərvazlanandan sonra uşaqlıq illərimin ən şirin xatirəsi Dəli Kürün şaqraq səsi, elektrik qatarının ahəngli taqqıltılı hərəkəti olubdur.
- Pərvazlandığım Poylu kəndi Kürün sahilində - Bakı-Tiflis dəmiryolunun kənarında yerləşdiyindən təbiətən çox əsrarəngiz, daim gəlimli-gedimli, qonaqlı-qaralı olubdur. Meşə quşlarının, eləcə də qu quşlarının oxuması, yazqabağı Kür üstündə uçuşları məni çox məftun edərdi. Yaddaşıma həkk olunan ən şirin xatirələrdən biri də yazqabağı Ceyrançöldən üzü dağlara sarı hərəkət edən qoyun sürüləri, el-elatın köç etməsidir. Mən çox böyük heyranlıqla bu köçə tamaşa edər və yayın son ayında köçün yenidən Ceyrançöl qışlaqlarına dönməsini səbirsizliklə gözləyərdim. İlk uşaqlıq çağlarımdan ayrıldıqca mən anama daha çox bağlanır, onun mənə söylədiklərini, cavanlıq çağlarında başına gələnlərdən söz açması daha çox marağıma səbəb olurdu. Sözün düzü o, həyatını mənə nəql edəndə bütün bunlar bəlkə də mənə bir nağılı xatırladır, bəzən də anamı o nağılın qəhrəmanı yerində görürdüm.
- Anamın mənə söylədikləri əsasən atamın həsrəti ilə bağlı olardı. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması çox ailələrə iztirab gətirdiyi kimi bizim ailəyə də öz təsirini göstərmişdi. Atam müharibəyə gedəndə bütün ailə qayğısı anamla böyük qardaşım Yunisin üzərinə düşmüşdü. Anam həyat yoldaşının vətən uğrunda ölüm-dirim savaşında olduğunu dərk edib gecə-gündüz zəhmət çəkib işləmiş, bununla həm arxa cəbhədə hamı kimi üzərinə düşən vətən borcunu yerinə yetirmiş, həm də öz uşaqlırının dolanışığını təmin etmişdir. Sözsüz ki, evin kişisi missiyasını üzərinə götürən qardaşım da uşaq gücü ilə anamın ən yaxın köməkçisi olmuşdu. Bu dövrdə anam sözün həqiqi mənasında böyük şücaət göstərmiş atamın müharibədən qayıtmasını səbirsizliklə gözləmişdir. 1945-ci ildə böyük qələbə milyonlarla ailəyə sevinc gətirdiyi kimi bizim ailəyə də böyük xoşbəxtlik bəxş etmişdi.
- Atam müharibədən sağ-salamat qayıtmış, sinəsini müharibədə şücaətini göstərən orden-medallar bəzəmişdi. Həm atamın qayıdışı, həm vətənin qələbəsi bizim ailəni gələcəyə daha ümidlə bağlamışdı. Anamın müharibədən sonrakı quruculuq işlərində fəaliyyəti əvvəllər - müharibədən qabaq "staxanovçu" adını almasından da şücaətli olub. İlk kolxoz quruculuğu dövründə özünün gənclik çağında nə qədər həvəslə çalışmışdırsa, müharibədən sonrakı dövrdə də anam bir o qədər çox zəhmətə qatlaşmışdı. O, həmişə bütün bunları xatırlayar, faşist müharibəsini lənətləyərdi.
- İndi isə anam xoşbəxt idi. Həyat yoldaşı yanında olmaqla oğlu Yunis də artıq böyümüş, orta məktəbin yuxarı siniflərində oxuyurdu. Belə bir dövrdə anam özünü dünyanın xoşbəxti sayırdı. Daha məşəqqətli günlərinin olmayacağına inanır və böyük şövqlə xoşbəxt taleyini yaşayırdı.
- Qardaşım Yunis də ölkəmizin firavanlığa çıxmasını, eləcə də ailəmizin ən xoş günlərini yaşamasını görəndən sonra çox böyük arzularla yaşayırdı. Yunisin ən böyük arzusu gələcəkdə təhsil alması və vətənə layiqlə xidmət etməsi olmuşdur. O, müharibə dövründə gördüyü əzab-əziyyəti unutmaq üçün gələcəkdə çox layiqli bir həyat qurmaq həvəsində idi. Xoşbəxtlikdən ona da zəmin yaranmışdı. Belə ki, illər keçəndən sonra bu məşəqqətli müharibənin qələbə ilə başa çatması bütün sülhsevər insanlar kimi bizim ailənin də böyük sevincinə səbəb olmuşdu. Anamın acı göz yaşları qurumuş, çöhrəsində xoş arzular doğmuşdu. Ölkədə yeni quruculuq işlərinə başlanmış və insanlar çox böyük həvəslə yaşayıb-yaratmaq eşqi ilə səhərləri açırdılar. Hər gələn gün bir-birindən xoş gəldikcə bu həvəs insanlarda daha da artırdı. Yunis məktəbi qurtarandan sonra oxumaq arzusunda olsa da bir təsadüf onun bu arzudan yan keçməsinə səbəb olmuşdu. Bir gün kənddə qonşu həyətdə tut ağacının kölgəsində oturmuş qonşu qızına gözü düşən Yunisin ürəyində məhəbbət eşqi qaynamışdı. Bu qızın adı Sona idi. Sona bəlkə də əvvəllər min dəfə onun gözünə görünsə də budəfəki kimi Yunisi odlamamışdı. Elə bu baxışın səbəbindən də Yunis həyatını onunla qoşa görüb kənddə qalmağı üstün tutdu. Çox keçmədi ki, o, hərbi xidmətə çağırıldı. Hərbi xidmətə yollanarkən ürəyində, qəlbində Sonanın adı ən başda idi. Bu eşq, bu məhəbbət onun hərbi xidməti uğurla başa vurmasına stimul verdi. Hərbi xidmətdən sonra o istəyinə çatıb ailə həyatı qurdu. Və beləcə yeni ailənin təməli yarandı. Biz hamımız qardaş toyu gördük, sevincli günlərimizin sayı çoxaldı. Hər birimizin həyatında xoş hadisələr, xoş olaylar bir-birini əvəz etdi.
- Mənim də təhsil illərim artıq başlanmışdı. İndi biz bir yerə yığılanda anamın üzündə keçmişdə söylədiyi müharibə xatirələrini görmürdük, əksinə dlilindən bayatıları, laylaları, nağılları eşidirdik. Sözsüz ki, o bunları bizim üçün yox, öz nəvələri üçün söyləyirdi. İndi o da arzusuna çatmışdı. Nəvələrin sayı çoxaldıqca anamın sifətində xoşbəxtlik anlarını daha çox görmək olurdu. Dünyaya gələn hər nəvəsinə özü ad qoyurdu. Və seçdiyi adlara uyğun laylalar, bayatılar söyləyirdi. Qardaşım Yunisin oğul payı dünyaya gələndə anamın sevinci hamımızın gözləri qarşısında oldu. Bəlkə də həmin anlarda özünü dünyanın xoşbəxti sayıb. Mənim yadımdadır, anam bu körpəni nə qədər əzizləyərdi. Ona ad qoyanda özü qabağa keçib "adı İsadı" demişdi. Bu adı əzizləyə-əzizləyə bəlkə də gənclik çağlarını xatırlayırdı.
- İsa qardaşımın ilk övladı idi. Qardaşım da anamın ilki idi. Bəlkə bu təsadüf onun nəvəsini bu qədər çox istəməsinə səbəb olmuşdu. Anam sanki günü-gündən cavanlaşırdı. İsanın hər hərəkəti, hər şıltaqlığı onun üçün hədsiz xoş idi. Anam elə bil İsanı dünyada ən əzizi bilirdi. Bəlkə də "nəfəsi onunla alırdı" desəm səhv etmərəm. Bütün gənclik illərinin iztirabları anamın gözündə yox olmuşdu. Atamın müharibədə olması, sonrakı ağır məşəqqətli illər pis bir yuxu kimi qeybə çəkilmişdi. Anamın ilkinin ilk oğlu ona hər şeyi unutdurmuşdu. Bax beləcə anam özündə təpər tapıb böyük şairimiz Osman Sarıvəllinin məşhur bir beytini həmişə xatırlayar və deyərdi:
- "Hər kim yüz il yaşamasa,
- Günah onun özündədir
- Mənim xoşbəxt balalarım var. Xoşbəxt balalarımdan nəvə sahibiyəm. Vətənimizin, ölkəmizin gündən-günə çiçəklənməsi, xalqımızın firavanlaşması mənə qüvvət verir. İndi nə dərdim var. Mən dünyanın ən xoşbəxt anasıyam. Odur ki, balalarımın toyunu gördüyüm kimi nəvələrimin, nəticələrimin toyunu da görəcəyəm".
- Bu, anamın sözsüz ki, arzuları idi. Ancaq həyatın da öz qanunları var. "Bəzən ağla gəlməyən başa gəlir" deyirlər. İnsanın yatıb yuxuda görmədiyi işlər onu təsadüfən yarı yolda yaxalaya bilir. Həyatda elə hadisələr baş verir ki, arzularını, öz istəyini yarı yolda qoymalı olursan.
- Anamın bu xoş çağlarında yenidən gözüyaşlı olmasına kiçik qardaşım Musanın qəfil ölümü səbəb olmuşdu. Musa 25 yaşının içində dünyasını dəyişdi. O, cəsarətli, hünərli, pəhləvan cüssəli bir igid idi. İdman sahəsində göstərdiyi uğurlara görə el içində çoxları ona pəhləvan Musa deyərdilər. Qardaşımın qəfil ölümü də elə idmanla bağlı olmuşdu. Məşq zamanı aldığı zədədən dünyasını dəyişmişdi. Biz elə düşünürdük ki, anam bu dərdə dözməyəcək, lakin o özündə yenidən cəsarət toplayıb bu ağır dərdə dözə bildi. Bunu bir hadisə kimi qəbul edib oğul itkisini içində çəkdi. Qəlbində nə qədər kədərli olsa da üzdə özünü gümrah, gülərüz göstərməyə çalışdı. Sözsüz ki, bu da onun bizi dərddən uzaqlaşdırması niyyəti idi.
- Lakin heç kimin xəyalına gəlməzdi ki, belə bir zamanda dünya yenidən dəyişəcək. Yenidən məşəqqətli günlər geri qayıdacaq. Özü də bir nəfər üçün yox, bir ailə üçün yox, bir kənd üçün yox, bütöv ölkə üçün. Yenidən dava qorxusu. Yenidən müharibə vahiməsi. Yenidən top-tüfəng səsi. İkinci Dünya müharibəsində bu top-tüfəng səsi bizim Poyludan, eləcə də doğma Azərbaycanımızdan xeyli aralıda olmuşdusa, bu müharibənin səsi kəndimizdə qulaqlarda eşidilirdi.
- 1988-ci ildən mənfur qonşularımız tərəfindən başlanmış və günü-gündən insanlar üçün faciə gətirən müharibə od-alovu daha da şiddətlənirdi. Hər gün Ermənistan ərazisində yaşayan soydaşlarımızın fəlakətli, ağrılı-acılı faciələri ürəkləri yandırırdı. Və bir azdan Qarabağ müharibəsi yenidən daha şiddətlə alovlandı. Bu müharibənin od-alovu nəinki Qarabağda göründü, hətta bütün sərhədboyu dinc insanları vahiməyə saldı. Belədə hamı yenidən silaha sarıldı. Böyüklü-kiçikli, qocalı-cavanlı hamı vətən üçün öz gücünü göstərdi. Anamın müharibə xatirələri yenidən qəlbində boy atdı. Bu vədələrdə o İkinci Dünya müharibəsinin faciələrini daha çox xatırlamaqla indiki müharibəni lənətləyirdi. Hətta o öz Musasının da dünyadan cavan getməsini unutmuşdu. Artıq ev-ev, məhəllə-məhəllə, kənd-kənd vətən uğrunda şəhidlər verirdik. Şəhid qəbirləri günü-gündən çoxalır və hər qəbiristanlıqda qırmızı kəlağayı bağlanmış başdaşlarının sayı artırdı.
- Bir gün bizim də qapımızda ağlagəlməyən hadisənin şahidi olduq. Qardaşım Yunisin ilk balası İsa da şəhid olmuşdu. Bu xəbər hamını nə qədər çox yandırsa da anamın yanğısı dillə deyiləsi deyildi. Onun istəkli nəvəsinə ağı deməsi hamını yandırıb-yaxırdı. Dünyada ən çox istədiyi əzizini itirmişdi anam. Böyük Vətən müharibəsində nə qədər əzab çəkmiş olsa da itki verməyən anam bu gün öz ciyərparəsini əbədiyyətə yola salırdı. Anamın nəvəsi üçün yanğısı nə qədər böyük olmuş olsa da sözsüz ki, bu itki qardaşım Yunisi və onun həyat yoldaşı Sonanı bir o qədər çox yandırıb-yaxırdı. Vətən uğrunda, torpaq uğrunda şəhidlik nə qədər müqəddəs sayılsa da bu itki qardaşımın ailəsi üçün son dərəcə faciəli və dözülməz idi. Otuz doqquz yaşında övlad itirmək ata-ana üçün asan iş deyildi. Bax, beləcə bizim Poyluda həyat - güzəranımız yenidən pozuldu.
- Mən Poyludan uzaqda - Bakıda yaşasam da anamı və qardaşımın iztirablarını hər an duyur və eşidirdim. İndi həm müharibə dərdi, həm bu sonu görünməz savaşın hər gün törətdiyi fəsadlar, həm də anamla qardaşımın bir yerdə bu əzab-əziyyəti çəkmələri onların səhhətinə son dərəcə pis təsir edirdi. Odur ki, mən onlara tez-tez baş çəkmək üçün doğma Poyluya gedər və az da olsa könüllərini ovundurar, təsəlli kimi ürək-dirək verərdim. Lakin bütün bunların heç bir xeyrini görmürdüm. Bir evdə, bir həyətdə yaşayan ana-balanın iztirabı gündən-günə artırdı.
- Böyük Vətən müharibəsi illərində bu iztirab bəlkə də bu qədər olmamışdı. Onda anam cavan olub. Bütün fikrini iş-gücə salmışdı. Gecə-gündüz işləyib körpələrini doyuzdurmaq fikri ilə yaşamışdı. Uşaq illərini yaşayan qardaşım Yunis o dövrdə bəlkə də bu fəlakəti belə dərk etməmişdi. O da öz uşaq zəhməti ilə anama köməkçi olmuşdu. Lakin bu müharibədə qardaşım bala itirmişdi - özünün ilkini, əzizini, boyu ilə, yerişi-duruşu, danışığı ilə fəxr etdiyi oğul balasını. Artıq bu dərdə dözə bilmirdi. Gündən-günə səhhəti pisləşir, əhvalı dəyişir, taqətini itirirdi. Ata balasını itirdiyndən özünü əldən salmışdı. Bunu hər birimiz aydın görürdük. Belədə anamın dərdi daha da artmışdı. Nə qədər dünya görmüş olsa da nəvə dərdi onu bir o qədər sarsıtmış, dərdi ikiqat olmuşdu.
- Nəvəsi İsanın ölümündən heç bir il keçməmiş anam taqətdən düşmüş və yaşamasına ümid azalmışdı. İndi şəhid nəvəsi ilə yanaşı gözünün qabağında hər gün əriyən oğlu Yunisin də dərdini çəkirdi. Bir həyətdə iki böyük faciə yaşanırdı. Şəhid oğuldan sonra oğul-ana faciəsi başlanmışdı. Göz-gözə oğul ananın əriməsinə dözmür, ana da oğlunun ciddi xəstəliyini görüb ah-nalə çəkirdi. Hər gün iztirab içində yaşantı bu ailənin yol yoldaşı olmuşdu. Təskinlik vermək, qayğı göstərmək, dava-dərmana əl atmaq artıq mümkünsüz idi. Bir övladın dərdi atanı üzürdü, atanın dərdi ananı məhv edirdi. Bəlkə də bu sözləri söyləmək və bunları kiməsə danışmaq mümkündür, ancaq həmin anları gözlə görmək, ananın baxışlarının, oğulun hisslərinin şahidi olmaq isə nə dillə söyləniləsi, nə qəlbdə gizlədiləsi mümkün deyildi. Bu hadisə, bu vəziyyət kənardan baxan hər kəsin ürəyini yandırıb-yaxırdı. Bəzən "ölüm haqdır" deyirlər. Sözsüz ki, hər kəsin qarşısında bu ona qismətdir. Ölüm elə də faciə deyil, lakin dərd içində şam kimi ərimək çox dözülməz və diləgəlməzdir. Belədə mən nə etməliydim? Çox düşünüb-daşındıq. Bütün olmuşları, həyat hadisələrini göz önünə gətirəndən sonra yeganə qərar çıxardıb "bəlkə müvəqqəti də olsa bir bəhanə ilə ana ilə oğulu bir-birindən ayıraq, heç olmasa oğulun şam kimi əriməsini ana görməsin, eləcə də öz oğlundan sonra anasının yumağa dönməsinin oğul şahidi olmasın" yolunu seçdik. Bu düzgün yol idi.
- Anamı Bakıya gətirəsi oldum. Bəhanə də o oldu ki, həm Bakıda onu həkimlərə göstərərik, həm də anasız darıxmayım deyə mənə həyan olsun. Bunu o tərzdə etdik ki, anam buna etiraz etmədi. O mənimlə Bakıya gəldi. Dediyimiz kimi də etdik. Onu inandırmaq üçün evə həkim çağırdıq, müalicəsi ilə ciddi məşğul olduğumuzu bildirdik. Bundan başqa həm mən, həm ailə üzvlərim, eləcə də nəvələrim hər gün onun nazı ilə oynayır, onu dilə tutur, keçmiş gənclik həyatından söz açmasını xahiş edirdilər. Ancaq anamın üzü gülmürdü ki, gülmürdü. Xatirində çox şeylər dolansa da dilində olan iki kəlmə idi. "Yunisim və İsam" deməklə hər an qəlbləri odlayırdı. Dilində bayatılar, laylalar, oxşamalar nə qədər çox olmuş olsa da, hafizəsi nə qədər aydın idisə də Yunis və İsa adlarını çəkəndə əhvalı o qədər dəyişir və bəzən də dili dolaşırdı. "Yunisim vay, İsam vay" kəlmələri dodağından əskik olmurdu. Bu kəlmələri biz eşidirdik.
- Doğma Poyluda isə qardaşım Yunisin iztirabları yaxınlarını yandırırdı. İndi daha ağır xəstəliyə tuş gəlmişdi. Bala dərdi, oğul itkisi onu çox sarsıtmışdı. Bu yandan da anasının həsrəti, ağrıları, iztirabı onu daha da sarsıdırdı. Artıq dava-dərmanın da köməyi yox idi. Həkimlər çox çalışsalar da, tibbin ən müasir nailiyyətlərindən istifadə olunsa da qardaşımın vəziyyəti hər an, hər saat ağırlaşır, əhvalı pisləşirdi. Onun da ağrıları şiddətləndikcə "vay oğul, vay ana" deməsi daha dözülməz idi. Bu kəlmələr hər eşidənin ürəyini ağrıdırdı. Allahın insana verdiyi məhəbbət hisslərinin bu kəlmələrdə nə qədər yüksək olması aydınca görünürdü. Yunis ən ağrılı günlərində anasını anır, şəhid oğlunu çağırır, ana da eyni dərəcədə öz oğlunu və nəvəsini haraylayırdı.
- Şəhid oğul qara torpaqda rahat uyuduğu halda ata yumşaq yorğan-döşəkdə ağrılar içində qıvrılır, eləcə də ana yumağa dönüb bala həsrəti ilə qovrulurdu. İndi onları görüşdürmək də bizim üçün çox ağır idi. Dərd ana və oğulu o dərəcədə qovurmuşdu ki, onların bir-birini görməsi bəlkə də həmin anda dünyalarını dəyişmələrinə səbəb ola bilərdi. Bunu biz belə başa düşürdük. Fikrimizdə maksimum dərəcədə qayğı göstərməklə həm qardaşım Yunisin, həm də anamın ömrünü uzatmaq, ağrılarını yox etməyi tutmuşduq. Çalışırdıq hər ikisinin bir-birinə xoş xəbərini çatdıraq. Hətta biz onların telefon danışığını da istəmirdik. Çünki bir-birilərinin səsini eşitmək, bizim zənnimizcə, bəlkə də daha böyük fəsadlara səbəb ola bilərdi. Ürəyimizdə bu vəziyyətə əzab çəksək də həm anamın, həm qardaşımın hüzurunda özümüzü şən göstərir və bununla onları ovundurmaq istəyirdik. Lakin hər an gözlədiyimiz bu mənfur gün bizə yaxınlaşırdı...
- Bir səhər qara xəbər bizə çatdı. Yunis artıq can üstədir. Həkimlər heç bir təminat vermirlər. Bu xəbərdən sonra mən mütləq və mütləq onun yanında olmalıydım. Ancaq ən böyük problem anamın şəhərdə qalması və onu bu xəbərdən kənarda saxlamaq idi. Onu belə bir məqamda oğlunun görüşünə aparmaq bizim üçün ağlagəlməz idi. İndi mənim üçün də çox böyük bir çətinlik yaranmışdı. Çünki bu hadisə başqasının yox, mənim başıma gəlmişdi. Mən özüm də illərlə bu dərdin içində olmaqla bu gün artıq qardaşımı itirirdim. Bundan başqa tezliklə anamı da itirmək qorxusu içində idim. İstər-istəməz içim qan ağlayırdı. Gözlərimdən sellənən yaşı gizlədə bilmirdim. İndi qardaşımın son məqamda görüşünə getdiyim anda anamla necə vidalaşacağımı bilmirdim. Onu necə ovunduraydım? Hansı sözləri deyə bilərdim? Bu mənim üçün çox çətin idi. Doğrusu dilim söz tutmurdu. Yumağa dönmüş anamın gözlərinə baxa bilmirdim. Son anda o da sanki nəsə duymuşdu. Tez-tez mənim adımı çəkir, məndən nəsə soruşmaq istəyirdi. Yalan danışmaqdan başqa əlac tapmadım. "Kəndə toya gedirəm" dedim. Heç olmasa ikicə gün ondan icazə istədim. "Toy" sözünü o, "vay" kimi qəbul etdi. "Nə vaydı, olmaya"… sözünün sonunu gətirə bilmədi. Qəhər içində özümü boğub bircə kəlmə deyə bildim: "ay ana, vay demədim, toy dedim, mən toya gedirəm. Yaxın qohumlarımızdan birinin toyudur, tez qayıdacağam" dedim. Anam bir kəlmə deməyib başını buladı. Mən onu qucaqlayıb öpə bilmədim, çünki hiss etdim ki, əgər onu bağrıma bassam mütləq hönkürtümü saxlaya bilməyəcəyəm.
- Beləcə, onunla vidalaşıb Poyluya yola düşdüm. Fikirləşirdim ki, qardaşımla görüşəndə özümü cəsarətli aparacam və onun anam haqqında suallarına xoş cavab qaytaracağam. Yola düşərkən ürəyimdə çox böyük ümid hissi ilə belə bir fikir də boy atdı. Allahın işini bilmək olmaz, bəlkə də mənim gedişim qardaşımın əhvalını bir az yaxşlaşdıracaq. Bir də ki, "çıxmayan cana ümid çoxdur" deyərlər. Nə qədər gözü yaşlı olsam da bərayi-ehtiyat anam haqqında bir müddət əvvəl efirə getmiş verilişin video-yazısını da özümlə götürdüm. Düşünürdüm ki, əgər qardaşım özünə gəlib anamı soruşsa onda təskinlik üçün bu video-lenti göstərərəm.
- Mənim kəndə gəlişim elə bil Yunisin ağrılarını bir az sakitləşdirdi. Ürəyimdə ümid etdim ki, hələ son deyil. Lakin çox keçmədi Yunisin ağrıları yenidən şiddətləndi və "ana, oğul" sözlərini dilində yana-yana söylədi. Artıq xəyalımdakı ümidlərim yoxa çıxdı. Bir kəlmə də dilimə söz gətirə bilmədim. Qəhər məni boğdu. Belə məqamlarda adətən radionu, televizoru açmazlar. Ancaq mən heç kimdən heç nə soruşmadan gətirdiyim video-lenti işə salıb sakitcə anamın görüntülərini, onun danışığını ömrünün son dəqiqələrini yaşayan qardaşıma nümayiş etdirdim. O məqamda qardaşımın anamı görməsini, üzündəki ifadəni, keçirdiyi hissləri dillə demək imkanım yoxdur.
- ...Yasdan qayıdandan sonra anamın üzünə necə çıxacağımı bilmirdim. Onunla nə tərzdə görüşəcəyimi təsəvvürümə gətirmirdim. İndi mən ən gərgin anlarımı yaşayırdım. Qardaşımın itkisini anama necə danışmalıydım və ya anam məndən "toydan" gəlməyimi hansı tərzdə soruşacağını təsəvvür etmirdim. Mənim üçün çox ağır idi. Ancaq evə çatarkən elə dəhlizdəcə anamın səsini eşitdim. O mənim qayıtdığımı hiss edib yanına çağırdı. Bu dəfə çox təmkinli idi. Sifətində elə bil xeyli dərəcədə həyat işartısı görünürdü. Ona nə deyəcəyimi soruşmadan özü söylədi: "qızım, nə yaxşı oldu ki, tez gəldin. İndi hazırlaşın, paltarımı dəyişin, yerimi səmtləşdirin, bircə bu gün sizin qonağınızam. Özünüzü təmkinli aparın, getməyimə göz yaşı da tökməyin. Bu gün mən əzizlərimə qovuşacağam".
- Səbrimi basıb anamı zorla dinləyə bildim. Hönkürmək istəyirdim. Ancaq nə söz deyə, nə də hönkürüb ağlaya bildim. Nəhayət özümü ələ alıb bircə kəlmə soruşdum: "ana, axı hara gedirsən?" O təmkinlə cavab verdi: "qızım, toya getdiyini söyləyəndə vaya getdiyini duymuşdum. İndicə sonuncu yuxunu gördüm. Yunisim, İsam və Musam məni gözləyir...”
- Anamın yuxusu çin çıxdı. O, əzizləri Yunisə, Musaya, İsaya qovuşdu.
- Biz onu göz yaşı içində əbədi dünyaya yola saldıq. Lakin bu gün də çox böyük təəssüf hissi keçirirəm, ona görə ki, son məqamda onu aldatmışam. İndi dərk edirəm ki, ana fəhmini, ana qəlbini aldatmaq olmaz. Analara sən demə hər şey agah olurmuş.
- İki müharibənin acılarını yaşamış anamın ruhu qarşısında baş əyib bütün şəhidlərə rəhmət diləyirəm. Hər bir şəhid evində bəlkə də bizim faciəmiz yaşanıb…
- Salatın ƏHMƏDLİ