• 12 Dekabr, 2024
  • 02:26
  • 32 c Bakı
  • 1.7 AZN
    • 02:26
    • 1.7
    • 32 c

Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 3-cü təlim həyata keçirilib - FOTOLAR


          Aria.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu  “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 28.10.2023 tarixində 3-cü təlim həyata keçirilib.

          Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin “Lənkəran STEAM mərkəzi”ndə təşkil olunan təlimin əvvəlində layihənin rəhbəri –  Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin Texnologiya fənn müəllimi Dünya Veysəlova və layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi  Samir Salayev çıxış edərək Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində təşkil olunan təlimlərin əvvəlki seanslarının məktəblilərdə böyük maraq yaratdığını, məktəblilərin hər bir təlimə böyük həvəslə qoşulduğunu diqqətə çatdıraraq bunu təlimlərin uğurlu təşkili ilə əlaqələndiriblər.  Sonra təlimdə qonaq qismində iştirak edən Lənkəran - Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Elnur Quliyev çıxış edərək STEAM bacarıqlarının əhəmiyyətindən danışıb və bu sahədə LARTİ-yə tabe ümumtəhsil müəssisələrinin məktəblilərinin STEAM yarışlarına qoşularaq əldə ediyi uğurları qeyd edib. Layihənin işinə uğurlar diləyib. 

          STEAM təlimçisi Faiq Şıxəlizadənin təqdimatında 3-cü təlimə start verilib. Layihənin fəaliyyət planına uyğun olaraq “Tinkercad telefon dayağı hazırlamaq. 3D Printerdən istifadə qaydaları ilə tanışlıq” mövzusunda olan 3-cü təlimdə məktəblilərin hər biri əvvəlki təlimdə Tinkercad saytında öyrəndikləri bacarıqlardan istifadə edərək Tinkercad proqramında  üzərində öz adları yazılmış “telefon dayağı” aksesuarını 3D formatda dizayn ediblər. Sonra həmin dizayn etdikləri son məhsulu 3D printerdə çap etməyi öyrəniblər. Həmçinin SAF festivalına hazırlaşan bir məktəblinin əl işinə baxış keçirilib. Gözlənildiyi kimi praktik bacarıqlarla zəngin olan bu təlim də məktəblilərin marağına səbəb olub. Növbəti təlim 02.12.2023 tarixində  təşkil olunacaq.

         Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən seçilmiş 20 nəfər şagird üçün nəzərdə tutulub və 15.09.2023-15.02.2023 tarixlərində Lənkəran rayonunda icra olunur.

“Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi ” layihəsinin mətbuat xidməti