• 12 Dekabr, 2024
  • 01:56
  • 32 c Bakı
  • 1.7 AZN
    • 01:56
    • 1.7
    • 32 c

Azərbaycan-Ermənistan sərhədləri Qars müqaviləsi əsasında müəyyən edilə bilər

“Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb”. Bu fikirləri Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı səsləndirib.

Dövlət başçısı onu da bildirib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”. Beləliklə, Azərbaycan bir daha ən yüksək səviyyədə Ermənistanla sülh danışıqlarına hazır olduğunu bildirir və bu xüsusda İrəvana konkret təkliflər ünvanladığını dünya ictimaiyyətinə xatırladır. Burada bir məsələni də qeyd etmək lazəmdır ki, SSRİ dağılandan sonra müstəqilliyini elan edən bütün respublikalar ərazilərini sovetlərdən qalma xəritə əsasında müəyyən edib. Hətta Rusiya Federasiyası da öz ərazisini həmin xəritəyə uyğun formalaşdırıb, qonşularla sərhədini SSRİ-nin xəritəsi əsasında müəyyənləşdirib. Baltikyanı respublikalar, Latviya, Estoniya və Litvanın əraziləri, Kalininqradın Rusiyanın vilayəti olaraq qalması da həmin xəritə əsasında bölünüb. Başqa sözlə, həmin xəritə beynəlxalq hüquqi aktdır. Azərbaycan da Ermənistanla sərhədlərinin məhz bu əsasda müəyyən edilməsini istəyir. Bakı onu da bildirir ki, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsi ümumilikdə Ermənistanla Azərbaycan arasında münasibətlərin yaranmasından asılıdır. Bu yol həm də iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir. Yuxarıda qeyd edildiyi kimi, sərhədlərin müəyyən edilməsi üçün hüquqi əsas qismində SSRİ xəritələri götürülməlidir. Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov da “axar.az” portalına açıqlamasında məsələ ilə bağlı olduqca maraqlı məqamlara toxunub: “1920-ci illərə aid olan və İrəvan üçün qorxulu yuxuya çevrilən yeganə xəritə - Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin 1921-ci il Qars müqaviləsinin tətbiqinə uyğun olaraq dövlət sərhədlərinin delimitasiyası xəritəsidir. Maraqlıdır ki, məhz bu ay Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq. Çünki 1921-ci ildə Qars sülh konfransının işində yuxarıda adları çəkilən ölkələrin nümayəndə heyətləri, həmçinin, müqavilənin mətni altında imzası olan Rusiya nümayəndəsi iştirak edirdi. Bu xəritənin bir nüsxəsi Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Arxivində saxlanılır. Daha 4 nüsxə - Bakıda, İrəvanda, Tiflisdə və Ankarada olmalıdır”.

Ekspert qeyd edir ki, Qars müqaviləsi Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında sərhədlərin delimitasiyası üçün beynəlxalq hüquq normaları baxımından yeganə qanuni sənəddir: “Bu səbəbdən Azərbaycanla Ermənistan arasında sərhədlərin müharibədən sonrakı delimitasiyası məsələsində yeganə hüquqi mənbə məhz bu xəritələrdir. Heç kimə sirr deyil ki, sovet hakimiyyəti illərində Ermənistanın Azərbaycan və Gürcüstan torpaqları hesabına ərazi iddiaları dəfələrlə həyata keçirilib. Bu prosseslərin hamısı SSRİ partiya-sovet orqanlarının qərarı ilə inzibati qaydada baş verib. Bu isə beynəlxalq hüquq normalarına heç cür uyğun gəlmirdi, lakin Sovet İttifaqında belə şeylərə az diqqət yetirilirdi. Bolşeviklərin 1921-ci ildə Qars sülh müqaviləsinin şərtlərinə riayət etmək məcburiyyətində qaldığı yeganə hal 1923-cü ildə baş verdi: o zaman Azərbaycan kommunistləri Naxçıvanın idarəçiliyini Azərbaycanın digər inzibati-ərazi vahidlərinə uyğunlaşdırmaq üçün muxtar respublika səviyyəsindən qəza səviyyəsinə azaltmağı qərara aldılar. Bu prosesə Türkiyə qarşı çıxdı. Son nəticə olaraq isə bu məsələ Kremldə həll olundu və Naxçıvanın muxtariyyət statusu dəyişməz qaldı”. Onun sözlərinə görə, bu gün rəsmi Bakı Qars sülh müqaviləsi əsasında sərhədlərin bərpasını tələb etmək üçün bütün əsaslara malikdir: “Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın tərkibinə keçməsi bir neçə mərhələdə - ZSFSR-nin ləğvindən sonra, 1936-cı ilin SSRİ Konstitusiyasının qəbulundan sonra, 1950-ci illərin əvvəllərində və 1980-ci illərdə baş verib. Ermənistan istəsə də, istəməsə də bu torpaqlar Azərbaycanın nəzarəti altına qayıdacaq. Ermənistan hakimiyyəti üçün əsl kabus bu beynəlxalq hüquqi sənədə uyğun olaraq Cənubi Qafqazda dövlət sərhədlərinin bərpa olunması üzrə sazişin iştirakçısı olan ölkələrin beynəlxalq regional konfransının keçirilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin tələbi ola bilər. Mən əminəm ki, rəsmi Bakı belə təşəbbüslə çıxış etsə, Ankara və Tiflis onu dəstəkləyəcək. Moskva da bu işə mane olmayacaq. Bundan sonra isə İrəvanın azad manevrlər etməyə heç nəyi qalmayacaq. Odur ki, rəsmi İrəvan üçün əsl “qorxulu yuxu” hələ bundan sonra başlaya bilər. Əgər Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsində qeyri-konstruktiv mövqeyini davam etdirsə özünü daha çox küncə sıxacaq”.

Nahid SALAYEV